Sosial "teleterror": aparıcılar bizi hara aparır?! - Bahəddin Həzi yazır...

Sosial "teleterror": aparıcılar bizi hara aparır?!
Teleradio məkanımızdakı acınacaqlı durum haqda az əvvəl bir yazı oxudum. Oxuduqca da, beynimdən çoxlu fikirlər, gözümün önündən xeyli görüntülər gəlib keçirdi.
Nədənsə hamısından qabaq 32 yaşlı əlil kişinin 15 yaşlı qızı qaçırmasını olayı və bunun teleefirə düşmüş kadrlarını xatırladım. Bu görüntülər insanı istər-istəməz incidir, sarsıdır, ağrıdır.

Bu cür kadrlara baxa-baxa düşünürsən: niyə axı?!

Bəli, biz özümüzü çəkib özümüzə göstəririk. Bəlkə bunda qəbahət axtarmaq da doğru deyil. Ancaq bunun da yolu-yordamı var axı.

Bilirəm, sənətimiz bəlli qaydalar çərçivəsində açıq danışmağı sevir, ancaq açıq-saçıq danışmağı deyil. Çox təəssüf ki, biz bəzən peşə etikasını... "meşə" etikası uçurumuna qədər endiririk.

Elə başqa sosial, şou xarakterli proqramlarda da bunu görürük. Hiddətlənməmək əldə deyil; insanları, bağışlayın, "təcrübə dovşanı"na döndərmək olmaz axı. Onların özləri bilməsə də, Allahı Göydən baxıb görür. Bir də Yerdə baxan hər kəs.

Ağır, ağrılı həqiqətin məşum üzünü çəkib, yazıb göstərmək olar və lazımdır. Ancaq azyaşlının - qurbanın məsum üzünü yox! Olmaz. Erkən nikaha məcbur qalan, yaxud vaxtsız evliliyə lap elə könüllü məruz qalan azyaşlı qızın özü istənilən halda elə qurbandır. Ya öz cahilliyinin qurbanıdır, ya ata-anaların, ya onu qaçıran pedofilin, ya da, nə bilim, daha kimlərin və nələrin qurbanıdır. Ovçu ilə ovun, cani ilə zərərçəkənin, qatillə qətlə yetirilənin, aldadanla aldananın... məsuliyyət dərəcəsi eynidir, məgər?! Təbii ki, yox!

Bir də bu ailə dramı üzərində reytinq yarışına çıxan teleaparıcıların tragikomik profilləri görünür. Aparıcının aparıcılığı sizi hara aparacağına bağlı! Əgər o, sənin, onun, o birisinin şəxsi həyat sirrlərini reytinq rinqinə, ordan da reklam bazarına çıxarıb satırsa, bu oyundan zərərlə çıxan kim olur?! Əlbəttə, o proqramların toruna düşən fərdlər və bütövlükdə cəmiyyət.

Bəli, mən o telekanalların da,aparıcıların da adlarını çəkə bilərəm. Hərçənd Sokrat deyirdi: "Yüksək ağıllar ideyaları, orta ağıllar hadisələri, zəif ağıllar adamları müzakirə edir". Ancaq konkret bu situasiyada aparıcı, sadəcə, bir fərd deyil; tutaq ki, Elgiz Əkbər "apardığı" saçyoldu teleproqramında, sadəcə, özünü, hətta işlədiyi telekanalı deyil, bütöv bir "teleterror" cərəyanını təmsil edir. Qəsdən və xüsusi amansızlıqla adam öldürən birisini götürün. O, sadəcə, qatil deyil, cinayəti, öz həmcinsinə qarşı ölümcül vəhşəti təcəssüm etdirir. Ona görə də bizim bu yazıda araşdırdığımız hallarda da adamları - aparıcıları müzakirə etmək Sokratın təsnifatının "mənəvi qüvvəsi" altına düşmür. Yəni ağıl zəifliyinə dəlalət etmir. Çünki...

Çünki bizim sosial efirlərdə şəxsi və ailə dramları, yaxud melodramları yaşayan insanları xüsusi amansızlıqla mənən öldürürlər. Bəli, mən bunun adına "teleterror" deyirəm. Məncə, bu tipli sosial ağlaşma, aşağılama, yaxud "telepolis"çilik oynama verilişləri ilə təhlükəsizlik orqanları - Antiterror Mərkəzi də maraqlanmalıdır (təbii ki, bu fikri müstəqim mənada deyil, məcazi mənada deyirik).

Hə, bir də belə proqramlarda "ekspert"liyini sübut eləmək üçün yaxasını cıran, qurbanların üzərində amansız "sosial-psixoloji' eksperimentlər aparılmasında aktiv rol alan adamlar - mütəşəkkil hərşeyşünas dəstələri var. Odur ki, olaylar, yenə məcazi mənada, həm də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin funksional məsuliyyət zonasında baş verir. Bu cür aparıcıların həyatımıza gətirdiyi fayda deyil, ağır, çox ağır zərərdir.

Cəmiyyətin astarını üzünə çevirmək, dövlətin altını üstünə çevirmək nöqtəsinə qədər gəlib çıxa bilər. Bu "teleterror" dayandırılmasa, bədbəxtlərin hesabına xoşbəxt olmuş, ümidsiz yoxluq hesabına hədsiz varlanmış aparıcıların hər gün yerləşdirdiyi "bombalar" toplumun dayaqlarını bir gün tamam dağıdacaq, xəbəriniz olsun! Bu cür mahiyyətcə antisosial proqramlar ailədaxili şəbəkələri darmadağın edir. Bir ailənin üzvləri bir-birini Zaur Baxşıliyevin və ya Lalə Azərtaşın verilişinə çıxıb rüsvay etməklə hədələyirsə, baxın, görün, audiovizual fəlakət hansı həddə gəlib çatıb! Efir əxlaqı necə hədəqəsindən çıxıb!

Sözügedən guya sosial teleproyektlər artıq məqsədli montaj və amansız şantaj proqramlarına, psixoloji təxribat və mənəvi diversiya əməliyyatlarına çevrilib. Qarşısına guya cəmiyyəti tərbiyələndirmək məqsədi qoyduğunu iddia edən aparıcılar və məlum teleproyektlər əslində ictimai əxlaqı, mənəvi "ekosistemi" dağıtdıqlarının fərqində deyillər. Ya da elə fərqindədirlər! Eyni hal şou-proqramlarda da baş verir. Adına "qonaq" deyib efirə çağırdıqları insanı ələ salır, milyonların gözü önündə şəxsiyyətini alçaldan aparıcıları yeni yetişən nəsli hara, hansı "əxlaq cəhənnəmi"nə aparmaq istəyir?! Adətən cəhənnəmə gedən özünə yoldaş axtarır, bəlli! Ancaq buna bir "dur" deyən olacaqmı?!

Biz bir az əvvəl ayrı-ayrı orqanların adını məcazi mənada çəkdik. Ancaq müstəqim mənada Audiovizual Şuranı da xatırladım. Bütövlükdə Şura teleməkanı tənzimləmək, səlahiyyət həddində doğru yönləndirmək üçün çalışır, bunu görürük. Telekanallar əvvəlki dövrlərə nisbətdə ictimai rəyə təsir gücünü, imkanlarını xeyli artırıb, efir etikasını da yüksəldib. Dəqiq və operativ informasiya, dolğun və tutarlı interpretasiya da, maarifçilik meyli də, peşəkar əyləncə proyektləri də var. Bunlar danılmazdır. Ancaq aşağı ayarlı sosial verilişlər və plintus səviyyəli şouproqramlar pozitiv nəticələri də kölgələyir. Nəticədə cəmiyyətdə telekanallara inamsızlıq, bəzi proqramlara və aparıcılara ikrah hissi dözülməz, həm də qorxulu həddə çatır.

Bəli, bu, milli təhlükəsizlik məsələsidir; öz efirimizdən qopan hər bir tamaşaçı, dinləyici yad efirlərin və ya qaraqışqırıq "yutubçu"luğunun... "girovluğu"na düşür. Ona görə də Audiovizual Şura daha ciddi qərarlar verməli, daha ciddi addımlar atmalıdır. Milli efiri sosial teleterror zehniyyətdən, öz proqramında özünü apara bilməyən oliqarxlaşmış aparıcıların təkəbbürlü diktatından xilas etməyin vaxtı çoxdan çatıb. İctimai mühitdə heç bir "qırmızı xətt" tanımayanlara "qırmızı kart" göstərilməsə, bizi toplum olaraq topa qoyub atacaqlar, belə bilinsin!

Bahəddin Həzi. Bizimyol.info
Tarix: 9-03-2024, 22:09
Xəbəri paylaş





Xəbər lenti