Bizdə ideoloji iş Moskva agenturasının əlindədir – FİRUZ HAŞIMOV YAZIR

Bizdə ideoloji iş Moskva agenturasının əlindədir – FİRUZ HAŞIMOV YAZIR


Azərbaycanın indiki vəziyyətində telekanalları sözün ən murdar mənasında “Kubinkaya” döndərmək əsl milli xəyanətdir
...Bu bağışlanılası əməl deyil. Üzeyir bəyə əl qaldıran bütün millətə əl qaldırmış olur!
Miladi tarixdən çox-çox əvvəl, yəni lap qədim əyyamlarda hökmdarlar yanlarında işini yaxşı bilən fitnəkar, çuğul, şayiə ustaları saxlamaqdan çəkinmirdilər. Çoxdan məlum idi ki, milləti yetmiş iki tirə etməkdə, vahimə yaratmaqda qeyrətli insanları gözümçıxdıya salıb ləkələməkdə, millətin müdafiə qüdrətinin zəifləməsində və s. bu kimi “savab” işlərdə belə məlunlar əvəzsiz olublar.  Bəzən bütöv  bir ordunun vura bilmədiyi zərbəni bir fitnəkar vurub.
Böyük həyat təcrübəm var, kessonda ən ağır şəraitdə işləyəndə dəfələrlə ölümün gözünə baxmışam, bir günüm də mütaliəsiz keçməyib, Allaha şükürlər edirəm ki, Qorbaçov bandasının mason-səlib dünyası ilə birgə hazırladıqları “xalq hərəkatları”nın əsrarlarından tam xəbərdaram. Azərbaycanın bəxti onda gətirdi ki, bu torpaqda qalxan xaosu, qeylü-qalı ilk saatdan Heydər Əliyev kimi siyasət qrossmeysteri cilovlaya bildi. Halva deyildi, altı-yeddi kəşfiyyatın didişdiyi yerdə fürerlik iddiasına qalxmış əyalət avantüristlərindən tutmuş, İranın mollalarına qədər hər dürlü siyasi karikatura tac-taxt arzusunda idi. Sonra baş verənlərdən yazmıram, nə olubsa göz qabağında olub.
... Bu gün isə Kərbəla müsibətindən min qat ağır Xocalı matəmidir. Təhlükəsizlik xidmətinin qeyrətli zabitlərinin səyi-zəhməti sayəsində bir neçə cəllad tutulub. Ermənilərin törətdikləri müdhiş cinayətlər açıldıqca çoxu düşünürdü ki, bizim millət uşaqdan böyüyə qədər hamı ayağa qalxıb bütün qondarma “beynəlxalq normalara”  tüpürərək irəli cumacaq. Ermənilər də bu qəzəb ümmanının qorxusundan vahimə içində pərən-pərən düşəcəklər. Ermənilər qəzəb ümmanının yerinə onu gördülər ki, biz gah “Göbək rəqsləri”, gah da “Gözəllik müsabiqələri” təşkil edib, estradanı, telekanalları “mədəniyyət sutenyorlarının” ixtiyarına vermişik.
32 il ərzində konformist Anar ağanın barigahında cəm olmuş qələm ərbabının dilindən Moskva irticasının ünvanına açıq-aşkar bir ittiham səslənmədi. Təəccüblü deyil, bunların ordenli, medallı  mürşidləri xalqımızın qatillərini, manyak Lenini, Stalini, evimizin içində qulağımız eşidə-eşidə bizlərə “çuşka”, “baran” deyən rusları mədh edib. Bu inkar ediləsi iş deyil. Amma bizim kimi fələkzədələr sandıqları açıb tökəndə bizi ya çərlədirlər, ya da çörəksiz qoyurlar.
Mən dəfələrlə yazmışam ki, bizdə ideoloji iş pulgir fırıldaqçıların, Moskva agenturasının əllərindədir. Fikir verin, elə yer yoxdur ki, müzəffər prezident hər dəfə mənəvi dəyərlərdən, gəncliyin mənəvi dünyasının yad təsirlərdən qorunmasının vacibliyindən söz deməsin. Soruşuram, Prezident Aparatında oturan məsul şəxslər o qədər nadan və cahildirlər ki, telekanallarda baş verən həyasız təxribatı görmürlər? Dövlət hələ yaralarını sağalda bilmir, səlib dünyası gündən-günə azğınlaşır, uğurlarımız Moskvanın, Tehranın gözlərinə bıçaq kimi batır, təhsil sistemimiz yavaş-yavaş neandertal dövrünə yaxınlaşır, qələbə eyforiyasından elə məst olmuşuq ki, ayaqlarımız altındakı uçurumu görmürük.
Bu boyda respublikada məhkəmə sisteminin qeyrətlə işləməsinə inanan tapmazsınız. Nə bir qanuna məhəl qoyan var, nə də ədalətli qərar verən. Bunu iqtidarın məddahları da etiraf edirlər. Görün məmləkət nə gündədir ki, Elgizlər, Zaurlar telekanallarda ixtiyar sahibi olub ağızlarına nə gəlir danışırlar. Telekanal sahibləri məgər bilmirlər ki, bütün normal tamaşaçılar onların pəstahlarına ikrahla baxırlar? Bunlara deyən yoxdur ki, Azərbaycanın indiki vəziyyətində telekanalları sözün ən murdar mənasında “Kubinkaya” döndərmək əsl milli xəyanətdir. Siz kimə işləyirsiniz, sizə kim ixtiyar verib gənclərin zövqünü murdarlayasınız? Masaların üzəri naz-nemətlə dolu, tox həyatdan sifətləri işıldayan  “sənətçilər”, nəyə gəldi əl çalan küt auditoriya (bunların arasında saçı-saqqalı ağarmış kişiləri görəndə adam xəcalət çəkir), hərcayı söhbət... Heyf səndən sovet hökuməti, onun zamanında belə “sənətçiləri”, elementar mədəniyyətin nə olduğunu bilməyən aparıcıları telestudiyaların kandarına da yaxın buraxmazdılar. İndi isə qarabağlılar demişkən, at ölüb itlərin bayramıdır. Kim nə deyir desin, mən şəxsən ARB-də baş verənlərə baxdıqca azərbaycanlı olmağımdan utanıram.
... Elə bu əsnada bir tanışım mənə telefon açaraq televizora baxmağı məsləhət görür. Rejissor Samir Qulamovun ərsəyə gətirdiyi “Leyli və Məcnun” operası göstərilir. Diqqət kəsilirəm, Üzeyir bəy mənim qibləgahımdır! Elə ilk dəqiqələrdən görürəm ki, bu dəfə də Üzeyir bəyin xatirəsini həzrəti İsa kimi çarmıxa çəkiblər. Bu birinci dəfə deyil, artıq yarım əsr olar ki, hər yerindən  duran nakəs bu zavallı, yiyəsiz qalmış millətin tarixinin, görkəmli şəxsiyyətlərinin başlarına tənbəki oyunu açır. Bu illər ərzində bir nəfər tapılmadı ki, əldə qayırma filmlərdə tanınmaz günə salınmış Nizamilərin, Nəsimilərin qeyrətini çəksin.
... Bu dəfə də “Leyli və Məcnun” pul dağarcığına döndərilib. Xaltura bir yana dursun, operanın mühüm bir hissəsi – Nofəlin döyüş səhnəsi – tamam kəsilib atılıb.
Bu bağışlanılası əməl deyil. Üzeyir bəyə əl qaldıran bütün millətə əl qaldırmış olur! Yeri gəlmişkən bir məsələni də açmalıyam. Əsl tədqiqatçılar Üzeyir bəyin rus şovinistinə, rus irticasına dərin nifrətindən xəbərdardılar. Bu bimisli dahinin publisistikası ilə yaxından tanış olanda çox əsrarları öyrənmək mümkündür.
Gedin musiqi akademiyasına, görün Üzeyir bəyin portreti harada asılıb. Kişinin on altı əsəri ifa olunmur... Niyə, nə üçün? Vaxtilə ondan “danos” yazanlar elə çörəyini yeyən nankorlar idi. Son illərdə daha o nacins qalmayıb ki, klassikləri “təftiş” edib əsərlərinə istədikləri yozumu verməsin.
Əvvəlcə “O olmasın, bu olsun” kimi əsərə əl gəzdirdilər(Bu barədə dəfələrlə yazmışam). Müstəqillik qazanan kimi bir-iki cuvəlləğının fitvası ilə əsl himn bir kənara atıldı. “Gənclik marşı” himnə döndərildi. Əvvəlki himnin sözlərini       qırağa qoyub musiqisini saxlamaq olardı. Axı onun musiqisi indikindən min qat güclü idi. Bəli, onların hər ikisinin müəllifi Üzeyir bəy idi, amma indikində minor güclüdür, bu da himnə yaraşmır.  Rusiyada da himnin sözləri dəyşildi, Amma Aleksandrovun musiqisi qorundu. İndi də buyurun  “Leyli və Məcnun” kimi musiqi abidəsi təcavüzə məruz qaldı.
Siz elə bilirsiniz dillənən olacaq? Xarabada ziyalı qalıb ki, dillənsin. İndikilərin ataları memarlıq abidələrimiz bərpa pərdəsi altında məhv ediləndə, asari-ətiqələrimiz vəhşicəsinə talan olunub daşınanda, hamilə gəlinlər pambıq tarlalarında zəhərlənəndə cınqırlarını çıxartmadılar.
Ayın 5-də Mədəniyyət kanalında “O olmasın, bu olsun” operettasına baxıram. Kaş vaxtımı sərf etməyəydim. On illər boyu publisistika sahəsində məhsuldar işləməyim, yaşım mənə tam ixtiyar verir ki, bir az tünd danışım. Dahimizin ölməz əsərini primitiv əyalət balaqanına döndərənləri ancaq lənətləməyə gücüm çatır, imkanım, ixtiyarım olsa Üzeyir bəyin, Mirzə Cəlilin irsinə qənim kəsilənləri bu torpaqdan ilim-ilim itirərdim.
Sadəcə olaraq bu xarabada bir cəsarət yiyəsi yoxdur ki, bu özündən razı başa bəla “rejissorlara” teatr rəssamlarına desin, ay kişilər, əllərinizdən bir savab iş gəlmirsə də heç olmasa mədəni irsimizlə işiniz olmasın. Axı siz heç nəyə qadir deyilsiniz.
Firuz HAŞIMOV
Tarix: 11-03-2024, 14:56
Xəbəri paylaş





Xəbər lenti