"Təhlükəsizliklə bağlı gərginliklər çoxalsa, qisas barədə qərar qəbul etmək mümkündür" - RƏY



“Ermənistanın regionda pozucu və destruktiv fəaliyyəti davam edir. Baxmayaraq ki, sülhlə bağlı təkliflər irəli sürülüb, masadadır, sülh müqaviləsinin mətni barədə bir neçə dəfə xarici işlər nazirlikləri arasında fikir mübadiləsi olub, çoxsaylı görüşlər, təmaslar keçirilib. Lakin görürük ki, Ermənistan vəziyyəti gərginləşdirmək yolunu tutur. Hərbçimizin yaralanması da göstərir ki, Ermənistan öz revanş təfəkküründə ardıcıldır, sistemlidir və buna sadiqdir. Əlbəttə ki, bu, qəbulolunmazdır. Eyni zamanda biz Ermənistan daxilində ayrı-ayrı güc mərkəzlərinə xidmət edən hərbçilərin olmasını da qəbul etmirik. Çünki Ermənistan dövləti daxilindəki bütün problemləri və ordusunun daxilində tabesizliyi aradan qaldırmalıdır. Bizim qarşımızda Ermənistan dövlət olaraq dayanır və hərbi-siyasi təxribatlar sülhün pozulmasına xidmət edir”. 
 
Bu sözləri Pravda.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib. 

İ.Hüseynovun sözlərinə görə, Ermənistan çalışır ki, əldə olunan bütün razılıqlar sıfıra endirilsin, bununla da vaxt uzadılsın: “Yenidən müşahidə edirik ki, Ermənistanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülhə yönəlik fikirlər bildirdi, lakin bir müddət keçəndən sonra regionda mövqelərimiz şiddətli şəkildə atəşə tutulur, atəşkəslə bağlı əldə olunan razılaşmalar pozulur. Bu, təhülkəsizlik təbdirlərini bir qədər də gücləndirir. Əgər Baş nazir Nikol Paşinyan Avropa İttifaqı və ABŞ ilə keçirilmiş görüşdən böyük nəticələr gözləyirdisə, bu nəticələr də olmadı. Regiondakı bütün məsələlər region dövlətləri tərəfindən həll edilməlidir, kənar geosiyasi oyunçuların regiona cəlb olunması, şübhəsiz ki, vəziyyəti daha da qəlizləşdirəcək. Hər bir geosiyasi mərkəz öz maraqlarını güdür, öz mənafeyi naminə müxtəlif proseslərə qoşulur. Aİ və ABŞ-nin Ermənistana təhlükəsizlik zəmanətləri vermələri ilə bağlı fikirlər İrəvanı bu qədər ilhamlandırıbsa, bu, yanlış illuziyalardır. Acısını da Ermənistan dövləti çəkəcək. Ermənistan ordusu bunun nəticələri qarşısında cavab verəcək. Azərbaycan ictimai rəyində hərbçimizin yaralanması ilə bağlı qisas fikirləri çox doğrudur. Çünki bizim sülhlə yanaşı təhlükəsizliyimizin gücləndirilməsi mövqeyi qətidir. Ümid edirəm, təhlükəsizliklə bağlı gərginliklər çoxalsa, qisas barədə qərar qəbul etmək mümkündür”. 
Tarix: 11-04-2024, 19:13
Xəbəri paylaş





Xəbər lenti