Azərbaycan Strasburq Məhkəməsinin qərarlarını icra etməyən “liderlər” arasındadır


Avropa Şurası Nazirlər Komitəsinin aprelin 11-də dərc etdiyi illik hesabatında 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsində böyük irəliləyiş olduğu qeyd edilir.
Belə ki, ötən il 982 iş bağlanıb. 31 dekabr 2023-cü il tarixinə üzv dövlətlərə qarşı baxılan işlərin ümumi sayı 3819 olub, onlardan 1071-i “prioritet” olub.
Azərbaycana aid hissədə qeyd edilir ki, 2023-cü ildə AİHM-dən Nazirlər Komitəsinə icrasına nəzarət üçün 84 iş daxil olub.
2022-ci ildə bu göstərici 49 iş, 2021-ci ildə isə 46 iş təşkil edib.
Bu göstəriciyə görə Azərbaycan Aİ ölkələri arasında “liderlərdən” olub. Nazirlər Komitəsinə nəzarət üçün ən çox iş – 125 iş Ukrayna üzrə, İtaliya və Rumıniyanın hər biri üzrə 87 iş daxil olub.
31 dekabr 2023-cü il tarixinə AİHM-nin icraatında Azərbaycandan 337 iş olub. 2022-ci ildə bu işlərin sayı 285, 2021-ci ildə 271 olub.
Bu göstəriciyə görə Azərbaycan yalnız Ukrayna (766), Rumıniya (476) və Türkiyədən (446) öndə olaraq, sondan 4-cü yeri tutur.
Azərbaycan üzrə 21 iş “prioritet” olub. Bu kateqoriyadan 14 işə baxılması beş il və daha çox davam edib.
2023-cü ildə Nazirlər Komitəsi Azərbaycanla bağlı 32 işi bağlayıb.
İcrasını gözləyən qərarlar arasında əsas yeri qanundan sui-istifadə nəticəsində həbslərlə bağlı qərarlar tutur.
2023-cü ildə AİHM-də aşkar edilmiş yeni pozuntulardan əksəriyyəti birləşmək azadlığı və ədalətli məhkəmə təhqiqatı hüququna aid olub.
2023-cü ildə AİHM-nin təyin etdiyi təzminatların tam ödənilməsi 63 halda təmin olunub.
Bu zaman müddəti keçən 45 işdə gecikməyə görə tam ödənişin və / və ya faizlərin təsdiq olunacağı gözlənilirdi.
Tarix: 12-04-2024, 22:08
Xəbəri paylaş





Xəbər lenti