Monopoliya istirahətə də çatıb

Monopoliya istirahətə də çatıb


Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 112 manat təşkil edib. 
“Cebhe.info”-nun Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmasına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur. Hesabat dövründə ən yüksək qiymət 210,4 manat olmaqla Naftalanda qeydə alınıb. 
Ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb. İkinci yerdə 187,9 manat olmaqla Qəbələnin hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 56,6 % çoxdur. 4 ulduzlu hotellər arasında üçüncü yeri isə 139,6 manat olmaqla Qax tutub. Bu şəhərdə orta qiymət illik müqayisədə 3 % artıb. Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 122 manata (+1,6 %), Oğuzda 120 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Qusarda 118,4 manata (+2,2 % ), İsmayıllıda 116,4 manata (+1,7 %), Bakıda 111,2 manata (+23 % ), Gəncədə 109 manata (+0,7 % ), Şəkidə 105,1 manata (+94 %), Astarada 102,1 manata (-7,1 %), Naxçıvanda 93,8 manata (+26,8 % ), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 62,8 manata( -16,8), Sabirabadda 50 manata (qiymət dəyişməyib) başa gəlib. 
4 ulduzlu otellərin qiymətinin bu qədər baha olmasına səbəb nədir? 
İqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, otellərin qiymətinin artmasına səbəblərdən biri də tələblərin çox, təklifin isə az olmasıdır: 

“Bölgələrdə otellər süni şəkildə dəyərindən baha təklif edilir. Belə ki, mövsümlə əlaqədər olaraq, xüsusilə də yay aylarında otellərin qiyməti kəskin artırılır. Buna səbəb ölkəyə gələn xarici turistlərin sayında artımın olmasıdır. Eyni zamanda, quru sərhədlərin bağlı olması daxili turuzmə marağı artırır. Daxili turuzmdə yaranan tələbatın artmasından istifadə edən işbazlar qiyməti artırırlar”. 
Ekspert qeyd edib ki, xidmət sektorunda böyük şirkətlərin manopoliyası var:
“Turizm imkanları geniş olan bölgələrdə, xüsusən də Şəki, Qəbələ, İsmayıllı və digər zonalarda 5-7 ulduzlu otellər var. O, otellərin qiyməti xeylı baha təklif olunur. Buna səbəb onlarla rəqabət edə biləcək otellərin olmamasıdır. Lakin otel sahəsində sağlam rəqabət mühiti formalaşarsa,  otellərin qiymətində ucuzlaşma ola bilər”. 
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov da bildirib ki, keçən illə müqayisədə otellərin qiymətində artım müşahidə olunur:

“Bir çox bölgələrdə otellərin qiyməti artıb.
Qiymət artımında əsas səbəb otellərə gedən müştəri sayının çox olmasıdır. Xüsusən də daxili tələbatın yüksək olması, xaricdən gələn turistlərin sayı qiyməti artırır. Çünki əvvəlki illərdə bazar daha çox daxili tələbatdan formalaşırdı. Artıq COVID-19- la bağlı məhdudiyyətlər aradan qaldırılıb. Biz artıq keçən ildən etibarən bu məhdudiyyətlərinin getdikcə aradan qaldırılmasını gördük, insanlar dünyanın istərdikləri ölkələrinə səyahətlərini davam etdirirlər. Bununla belə,  vətəndaşlarımızın ölkə daxilində istirahətində müəyyən qədər azalma görürük. Yəni xarici turistlərin axını otellərin qiymətini artırıb”.
Tarix: 3-05-2024, 13:09
Xəbəri paylaş





Xəbər lenti