Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?


Son günlər havaların yağıntılı olması ilə əlaqədar ölkə ərazisində bəzi çaylar daşıb. Güclü yağışlar nəticəsində çay daşqınları ehtimalı artır. Azərbaycandakı göllərdə, su anbarlarında vəziyyət necədir? Yağışlar təhlükəli vəziyyət yaradıbmı?
TNS bu barədə suallarla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə mürciət edib.
Səhmdar Cəmiyyətdən bildirilib ki, son iki ildə havaların yağmurlu keçməsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sudan səmərəli və qənaətlə istifadə edilməsi üçün gördüyü tədbirlər nəticəsində su anbarlarında su ehtiyatı kifayət qədər artıb: “Ötən ilin ilk dörd ayı ilə müqayisədə bu ilin dörd ayında su anbarlarında 3,9 milyard kubmetr artıq su ehtiyatı toplanıb. Çaylardan gələn sel sularının tənzimlənməsi üçün su anbarlarında müəyyən səviyyələr saxlanılır.
Sel-daşqın suları su anbarında tənzimləndiyindən təsərrüfatlara zərər verən hadisə qeydə alınmayıb”.
Qeyd olunub ki, su anbarları olmayan ərazilərdə, qoruyucu bəndlərin qoyulmadığı bəzi kiçik dağ çaylarında daşqınlar, ətraf əraziləri su basması kimi problemlər qaçılmaz olur.
Mövzu ilə bağlı TNS-ə danışan ekoloq Amin Məmmədov isə bildirib ki, hələ sovet dövründən çayların kənarında müxtəlif tədbirlər görülüb: “Böyük çaylarda su anbarları, müəyyən çaylardan çəkilən suvarama kanalları var ki, suyun tənzimlənməsində rol oynayır. Elə çaylar da var ki, orada illər uzunu suyun səviyyəsi o qədər yüksək olmayıb. On illər ərzində suyun səviyyəsi qalxmadığına görə, çay sahillərində bərkitmə işləri aparılmayıb, bəndlər tikilməyib.
Yağıntıların çox olması nəticəsində həmin çayların məcradan çıxması ətrafda olan əkin və yaşayış sahələrinə ziyan vura bilir. Həmin çaylarda suyun səviyyəsi bir qədər normanı keçir və problemlər yaşanır”.
Ekoloq bildirib ki, bu problemlərin yaranması yerli icra qurumlarının normativlərə əməl etməməsindən qaynaqlanır: “İnzibati tədbirlərin görülməməsi problemi var. Çayların ətrafında mühafizə zolağı müəyyən edilməlidir. Əkin sahələri çayın sahilindən 300-400 metr, bəzən 1 km aralıda olmalıdır. Amma yerlərdə bələdiyyələrin balansında olan torpaqlar icarəyə verilir və kənd əhalisi oralarda əkin əkir. Sonradan hava dəyişəndə artıq həmin əraziləri su basır. Bu da təsərrüfatlara ciddi ziyan vurur”.
Tarix: 18-05-2024, 11:30
Xəbəri paylaş





Xəbər lenti