“Heç polis idarəsinə şikayətə gedən adam cibinə narkotik qoyar?” “LOTU QULİ”NİN YEZNƏSİNİN İŞİ

“Heç polis idarəsinə şikayətə gedən adam cibinə narkotik qoyar?” “LOTU QULİ”NİN YEZNƏSİNİN İŞİ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Vidadi Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra V. Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması ilə bağlı məsələ müzakirə edilib. Dövlət ittihamçısı çıxışında həbs qətimkan tədbirinin uzadılmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov isə hüquqlarını müdafiə etdiyi şəxsin həbsdə saxlanılmasının əsassız olduğunu deyib:”Müdafiə etdiyim şəxs on aydır ki, həbsdədir. Onun həbsdə saxlanmasının heç bir əsası yoxdur. Çünki günahsızdır. Bu iş özü saxtakarlıqla tərtib olunub. Kimisə uydurma saxta sənədlərin tərtibi ilə həbsdə saxlamaq qanunsuzdur”.

Vəkil deyir ki, Vidadi Hüseynov evindən oğurluqla əlaqədar polis idarəsinə gedib, oradan çıxıb evinə qayıdanda saxlanılıb: "Onun cibinə narkotik atıblar. Deyiblər ki, silah da qoya bilərik. Görünür, yazıqları gəlib, silahı qoymayıblar. Polis idarəsinə gedən adamda narkotik nə gəzir?".



Vəkil K.Nəsibov müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin uzatmağa heç bir ehtiyac olmadığını deyib və onun azadlığa buraxılmasını məhkəmədən xahiş edib:”Özünüz də görəcəksiniz ki, Vidadi Hüseynovun bu işə heç bir aidiyyatı yoxdur. Dindar adamdır, üç dəfə Həcc ziyarətində olub, narkotikin ona aidiyyəti yoxdur”.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən, V. Hüseynov barəsində həbs qətimkam tədbiri qeyri-müəyyən vaxtadək uzadılıb.

İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb. O, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.



Xatırladaq ki, V.Hüseynov hazırda həbsdə olan və “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yeznəsidir.

İnarə Rafiqqızı
Tarix: 28-02-2017, 21:21
Xəbəri paylaş





Xəbər lenti