"İstəyirsən ki, bir telefona görə qarnını yortum?"

"İstəyirsən ki, bir telefona görə qarnını yortum?" "Dedi ki, "istəyirsən bir telefona görə sənin qarnını yortum?" Üç gün əvvəl həbsdən çıxdığını söylədi. Mən də qolundakı kəsikləri görüb qorxdum".

Bu sözləri Bakıda quldurluğa məruz qalan Pərviz Yusifzadə məhkəmə prosesində danışıb. Ona qarşı quldurluq əməlini törədən şəxs isə Məmmədov Kamran Çingiz oğludur.


Kamran Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan Pərviz Yusifzadə ifadə verib. O, deyib ki, "28 May" metrostansiyasının yaxınlığındakı telefon mağazalarına gedərək özünə məxsus "İphone 4" markalı telefonu satmaq istəyib. Mağazalardan birindən çıxarkən Kamran Məmmədov ona yaxınlaşıb və telefonunu almaq istədiyini deyib.

"Soruşdu ki, telefonu satırsanmı? Dedim, hə. Qiyməti ilə maraqlandı, bir az baxdı. Sonra dedi ki, gedək kartımdan pul çıxarıb verim. Birlikdə Heydər Əliyev sarayına tərəf getdik. Bank yolun qarşı tərəfində qaldı. Bu isə başqa istiqamətə gedib, ara küçəyə girmək istədi. Sonra dedi ki, "gedək "Razin"ə orda pulunu verim". Mən başa düşdüm ki, bu məni aldatmaq istəyir" - deyə zərərçəkmiş ifadəsində bildirib.

Telefonunu tələb edən P.Yusizadə bu zaman hədələndiyini deyib: "Qolundan tutub telefonu istədim. Əlimi itələdi. Dedi ki, "istəyirsən bir telefona görə sənin qarnını yortum?". Üç gün əvvəl həbsdən çıxdığını söylədi. Mən də qolundakı kəsikləri görüb qorxdum. Fikirləşdim ki, özünə xəsarət yetirən adam məni də vura bilər. Əlini arxa cibinə salıb çıxardı. Dedim bəlkə bıçaqdır. Sonra səsimi çıxarmadım".

Hakim və prokurorun suallarını cavablandıran zərərçəkmiş Yusifzadə bıçaqla hədələnib-hədələnməməsinə aydınlıq gətirib. İlkin ifadəsində Kamran Məmmədovun onu bıçaqla hədələdiyini deyən Yusifzadə məhkəmədə bunları qeyd edib: "Əlində bıçaq görməmişəm. Arxa cibindən əlini çıxaranda bükülü idi. Özüm düşündüm ki, yəqin bıçaqdır. Həmin ifadəmi də həyəcanlı olanda demişəm. Ola bilsin ki, səhv etmişəm".

Zərərçəkmiş Yusifzadə onu da söyləyib ki, ona dəymiş zərər ödənilib və şikayəti yoxdur. Məhkəmədə o da məlum olub ki, həbsdə olan Kamran Məmmədovun psixoloji problemləri var və o, bu səbəbdən hərbi xidmətdə də olmayıb.

Kamran Məmmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilir.

Criminal.az
Tarix: 6-03-2017, 21:53
Xəbəri paylaş





Xəbər lenti