Bakıda şok olay: qoşulub qaçmağa razı olmayan nişanlısını qətlə yetirdi

Bakıda şok olay: qoşulub qaçmağa razı olmayan nişanlısını qətlə yetirdi Bakının Xəzər rayonunda baş verən qətlin səbəbkarı həbs edilib. Teleqraf.com xəbər verir ki, qətl hadisəsi martın 4-də Binə qəsəbəsində qeydə alınıb.

Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini İlahə Ağayevanı qətlə yetirməkdə, bacısı Rəhiməyə isə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini Nəcəf Məcidov tutulub.


1986-cı il təvəllüdlü Nəcəf Məcidov nişanlısı, 1991-ci il təvəllüdlü İlahə Ağayevaya çoxsaylı bıçaq zərbələri endirərək, onu qətlə yetirib.

Eyni zamanda Nəcəf Məcidov ona cinayəti törətməyə mane olmağa çalışan nişanlısının bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayevaya da 2 bıçaq zərbəsi endirərək onu yaralayıb.

Cinayət martın 5-də Ağayevlərin Binə qəsəbəsindəki evində baş verib. Patoloqoanatomlar mərhumun sinə nahiyəsində və boğazında bıçaq yaraları aşkarlayıblar. Həkimlər Rəhiməni xilas etməyi bacarıblar. Onun dalağı çıxarılıb və hazırda qızın həyatı üçün təhlükə yoxdur.

Cinayətdən dərhal sonra Nəcəf Məcidov hadisə yerindən uzaqlaşaraq gizlənib. Sözügedən şəxsin əvvəllər məhkum olduğu müəyyən edilib.

Nəcəf Məcidov rəngsaz işləyib və Ağayevlərin qonşuluğunda anası ilə birlikdə yaşayıb.

İlkin məlumatlara görə, gənclər arasında münaqişə Nəcəf Məcidovun planları üstündə düşüb. Oğlan qıza onunla qoşulub qaçmağı təklif edib. Bildirib ki, lazımi qədər pulu olmadığına görə, toy etməyə gücü çatmır. Qız isə qoşulub qaçmağın qəti əleyhinə çıxıb. Bildirib ki, o, ya bütün normal adamlar kimi atası evindən ağ gəlinlik paltarında çıxacaq, ya da ümumiyyətlə, ona ərə getməyəcək.

Sonuncu ifadədən sonra Nəcəf qızı qətlə yetirib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam edir.

Hacı Zeynalov
Tarix: 11-03-2017, 14:33
Xəbəri paylaş





Xəbər lenti