5 nəfərin ölümü ilə bağlı daha bir iddia - qida zəhərlənməsi...

5 nəfərin ölümü ilə bağlı daha bir iddia - qida zəhərlənməsi... Xırdalanda bir gecədə beş qadının ölümü ilə bağlı bəzi qaranlıq məqamlar qalmaqdadır


Xırdalanda bir gecədə beş qadının ölümü ilə bağlı bəzi qaranlıq məqamlar qalmaqdadır. Doğrudur, dünyasını dəyişənlərin ilkin ehtimallara görə, dəm qazından zəhərləndikləri bildirildi. Lakin binanın Mənzil İstismar Sahəsinin (MİS) sədri İmamverdi Sadıqovun açıqlaması bu ehtimalları şübhə altına alıb. Belə ki, MİS sədri iddia etdi ki, o, mənzilə daxil olan zaman qaz sönülü olub.

Eyni zaman bildirib ki, ümumiyyətlə, mənzilə daxil olan qaz xətti açıq olmayıb. Bəs belə olan təqdirdə bir mənzildə gecə ilə beş nəfər qadının ölməsinin səbəbi nədir? Bu halda ağıla bir fakt gəlir. O da qida zəhərlənməsidir. Meyitlər ekspertizaya aparılsa da hələ ki qızların ölüm səbəbi ilə mətbuata heç bir açıqlama verilmir. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.


Hadisə ilə bağlı Milli Məclisin deputatı Elmira Axundova haqqın.az-a açıqlamasında “Azəriqaz”ın insanların həyatına və sağlamlığına məsuliyyətsiz yanaşmasından hiddətləndiyini bildirib: “Dəm qazı nəticəsində baş verən silsilə ölümləri durdurmaq lazımdır. ”Azəriqaz" müəyyən ödəniş qarşılığında qaz sayğacları quraşdırdığı mənzillərdə karbon oksidin səviyyəsini göstərən xüsusi cihazlar da quraşdıra bilər. Hələ ki təhlükəsizlik tələblərində karbon oksidin təhlükəli həddə çatdığına dair xəbərdarlıq edən qurğularla bağlı bənd yoxdur. Ancaq bu müddəanı mütləq “Azəriqaz”la abonent arasında bağlanan müqaviləyə daxil etmək lazımdır."


Deputat həmçinin “Azəriqaz”ı əhaliyə verilən mavi yanacağı xəbərdarlıq etmədən kəsməkdə və eyni qaydada, heç bir məlumat verilmədən yenidən mənzillərə verməkdə günahlandırıb.


“Azəriqaz” İstehsalat Birliyi məsələ ilə bağlı hələ ki yaxasını kənara çəkib. Qurumun mətbuat xidmətinin rəhbəri “Yeni Müsavat”a bildirib ki, Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: “Araşdırma yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər”.


Məsələ ilə bağlı sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat” bildirib ki, araşdırma aparılıb, məlumat verilməlidir: “İlk olaraq məhkəmə-tibbi ekspertizanın rəyini gözləməlidirlər. Burada ekspertizanın rəyindən çox şey asılıdır. Bu cür halları adətən prokurorluq orqanları araşdırırlar. Polis, sadəcə, ora kömək məqsədilə gedir. İndi məsələ müəmmalıdır. Ona görə də ciddi araşdırma aparılmalıdır. Adətən belə hallarda dərhal cinayət işi açılmır. Araşdırma aparılır və iş material qismində icraata qəbul olunur. Əgər araşdırma nəticəsində məlum olsa ki, işdə kriminaloji faktor var, o zaman cinayət işi açırlar”.


Əli RAİS
Tarix: 17-03-2017, 08:29
Xəbəri paylaş





Xəbər lenti