“Qardaşını da öldürmək istəyib”- bağda ölümlə nəticələnən qanlı davanın TƏFƏRRÜATI

“Qardaşını da öldürmək istəyib”- bağda ölümlə nəticələnən qanlı davanın TƏFƏRRÜATI “Qardaşını da öldürmək istəyib”- bağda ölümlə nəticələnən qanlı davanın TƏFƏRRÜATI

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Musavat.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.


Bildirək ki, qətl hadisəsi Xaçmaz rayonunun Arzu kəndində baş verib. 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi 1988-ci il təvəllüdlü Gündüz Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.
Məhkəmədə ilk ifadə verən Gündüz Məhərrəmovun qohumu Nailə Həbibova olub. O, hadisə ilə bağlı bildiklərini danışarkən deyib: “Gündüz baldızımın oğludur. Həmin gün yoldaşımla bağa gedirdik. Həmin bağda əkin-biçin vaxtı idi. Yolda olandan yoldaşıma zəng gəldi ki, bağda İlqar kiminləsə dava edib. Biz bağa çatanda İlqar yerdə uzanmışdı. Başında qan var idi. Başqa xəsarət almasına fikir vermədim. Nə olduğunu soruşanda cavab vermədi. Dedi ki, “məni Əligilə aparın” (Əli qətli törətməkdə təqsirləndirilən Gündüzün atasıdır- İ.M.). İlqarı maşına qoyub bağdan kəndə qayıtdıq. Əligilin evinə çatanda İlqar maşından özü düşdü. Biz də çıxıb getdik. Sonradan baş verənlərdən xəbərim yoxdur. Səhər isə İlqarın ölüm xəbərini eşitdik”.
Növbəti şahid isə Gündüz Məhərəmovun dayısı Nəriman Həbibov olub.
“Söyüş üstündə olub”

O, ifadəsində bildirib ki, həmin gün həyat yoldaşı Nailə Həbibova ilə əkin işləri üçün bağa gedərkən həyətyanı sahəsində bağban işləyən Vahid Kərimov adlı şəxs ona zəng edib.

Bildirək ki, Vahid Kərimov bağda dava olarkən hadisə yerində olan yeganə şahid olub.

“Yolda Vahid zəng elədi ki, İlqar bağda dava edib. Amma kiminlə dalaşdığını demədi. Biz çatanda gördük ki, İlqar yerə uzanıb. Soruşdum ki, nə olub? İlqar dedi ki, sizlik deyil. Dedi ki, onu Əligilə aparaq. Biz də maşına qoyub apardıq. Öz ayaqları ilə evə girdi, vəziyətinin ağır olduğunu bilmirdik”- deyə Nəriman Həbibov ifadəsində bildirib.

N.Həbibov hakimin suallarına cavab verərkən İlqarın ölümündən necə xəbər tutması haqda danışıb: “Səhər olanda yoldaşım dedi ki, qəbristanlıqda dəfn var. Kimi basdırdıqlarını maraqlananda öyrəndik ki, İlqardır. Davanın səbəbini isə sonradan eşitdik.

Bildiyimiz qədəri ilə, söyüş üstündə olub”.

“İlqar öz evini də yandırmışdı”

Məhkəmədə Gündüz Məhərrəmovun qayınanası Ruxsarə Şahbazova da ifadə verib. O, deyib ki, hadisə baş verərkən mərhum İlqar içkili olub: “İlqar içki içirdi. Öz evini də yandırmışdı. Uşaqları anasıgildə qalırdı. Mən elə hadisə günü Gündüzlə İlqarın dava etməsi haqda eşitmişəm. Səhər də öyrəndik ki, ölüb”.

Hadisənin əsas şahidi Vahid Kərimov da məhkəmədə ifadə verib. O, tərəflərin dava etdiyi bağda bağban işləyirmiş. Dava da elə onun süfrəsindəki mübahisə ilə başlayıb.

V.Kərimov hadisə günü yaşananları belə danışıb: “Mən Nəriman kişinin bağına baxırdım. Bağın işlərində ona kömək edirdim. İlqar da aşağıdakı bağlardan birinə baxırdı. Gündüz də İlqar da hərdən yanıma gəlirdi. Oturub çay içərdik. Həmin gün Gündüz gəlib İlqarı soruşdu. Görmədiyimi dedim və o, getdi. Bir müddət keçəndən sonra birlikdə qayıtdılar. Gündüz mənim kəndlimdir. Amma İlqarı yaxşı tanımıram. Gələndə İlqar dedi ki, “yeməyə nəyin var?” Mən də olan yeməyi verdim ki, oturub bir tikə yesinlər. Süfrəyə oturanda İlqar cibindən “çubuş” çıxardı. Mən yan otağa keçdim. Yemək yemirdim. Qayıdanda gördüm ki, nəsə qohumluq münasibətləri ilə bağlı mübahisə edirlər. Sonra ikisi də çölə çıxdı. Mən də arxalarınca çıxdım. Qaranlıq olan tərəfə keçdilər. Səs-küy gəlirdi. Həyət palçıq idi. İçəri qayıdıb çəkməmi geyindim. Yenidən çıxanda gördüm ki, Gündüz yoxdur. İlqar da yerdə uzanıb. Nərimana zəng edib xəbər elədim. Onlar da gəlib İlqarı apardılar”.

“Qardaşını da öldürmək istəyən adam olub”

Hadisə ilə bağlı təqsirləndirilən Gündüz Məhərərmov da məhkəmədə danışıb. O, bildirib ki, mərhum İlqar hər gün içki qəbul etdiyindən onunla tez-tez mübahisələri olub. Bu mübahisə onlar arasındakı qohumluq münasibətləri ilə bağlı olub.
“Hər gün zəng edib məni bezdirirdi. Gecələr də zəng etməyə başlamışdı. Qohumluq əlaqələrindən yaranmış problemlərə görə mübahisə edirdi, söyüş söyürdü. Artıq araq onun başını xarab etmişdi. Hamı bilir ki, mən ona çox kömək etmişəm. Bağa onun üçün yemək aparırdım, paltarlarımdan verirdim. Son vaxtlar bezdirmişdi. Həmin gün də zəng elədi ki, gəl görüşək. Dedim yəqin ki, düzəlib, nəsə söhbət etməyə çağırır. Mən də getdim. Ora gedəndə bıçağı məqsədli şəkildə cibimə qoymamışdım. Kənd yeridir. Bağa, heyvana gedirdik. Adama lazım olurdu. Birdən yolda it, çaqqal çıxırdı. Özümü qorumaq üçün cibimdə olurdu. Bağda görüşəndə İlqar içdi. Sonra yenə mübahisə etməyə başladı. Sonu da belə oldu. İlqar içəndə özünü apara bilmirdi. Qardaşını da öldürmək istəyən adam olub”.

Qeyd edək ki, İlqarla Gündüz mübahisə edib. Daha sonra əlbəyaxa olublar. Gündüz cibindəki bıçaqla ona bir ençə zərbə endirib. Ancaq şahidlər dediyinə görə İlqarın bıçaq xəsarətləri aldığını görmədikləri üçün onu xəstəxanaya aparmayıblar. Hadisədən bir neçə saat sonra İlqar qanitirmədən dünyasını dəyişib.

Növbəti məhkəmə prosesi martın 27-nə təyin edilib.

Gündüz Məhərrəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

İ.Muradov
Musavat.com
Tarix: 24-03-2017, 15:18
Xəbəri paylaş





Xəbər lenti