Qısqanc ərin dəhşətli cinayəti: “Arvadımı hamamda başqa kişi ilə…”

Qısqanc ərin dəhşətli cinayəti: “Arvadımı hamamda başqa kişi ilə…” “Mən Tünzalənin yanına çatanda elədiklərinin izahını soruşdum. Mənə dedi ki, “Taleh məni alıb, saxlayacaq. Özünə arvad edəcək”. Bu sözlərdən sonra beynim çöndü. Özümü idarə edə bilmədim. Cibimdən bıçağı çıxarıb, onu vurdum”.

Bu sözləri arvadını bıçaqlamaqda təqsirləndirilən Anar Mustafayev məhkəmədəki ifadəsində deyib. A.Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilib.

Həyat yoldaşı Tünzalə Mustafayevanı bıçaqlamaqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Anar Mustafayevə Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb. Hadisənin baş vermə səbəb kim isə qısqanclıq göstərilib.

Bu gün baş tutan məhkəmə prosesində zərərçəkmiş tərəf – Tünzalə Mustafayeva iştirak etməyib. Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.

Arvadına telefon işlətmək qadağası…

İttihama görə, Anar Mustafayev arvadına telefon işlətməyə icazə vermirmiş. Arvadının gizli şəkildə hamamda telefonla danışdığını eşidən A.Mustafayev bundan qəzəblənib. O, həyat yoldaşından kiminlə danışdığını soruşub. Əvvəlcə iş yoldaşı ilə danışdığını deyən Tünzalə Mustafayeva daha sonra qız övladını götürərək evdən qaçıb. Arvadını bir müddət axtaran Anar Mustafayev onu iş yerində tapıb. Və arvadına qızının gözü qarşısında 4 bıçaq zərbəsi endirib. Daha sonra qızını götürərək polis bölməsinə gedib və təslim olub.

Törətdiyi cinayət əməlini etiraf edən A.Mustafayev özünü qismən təqsirli bildiyini deyib. Mustafayev qismən günahkar olmasını isə izah edərkən söyləyib ki, arvadını öldürmək niyyəti olmayıb. Əgər bu məqsədi olsa idi, arvadını bir saniyənin içərisində öldürə bilərmiş.

Üç uşaq atası olan Anar Mustafayev sərbəst ifadəsində baş verənləri kiçik detallarına qədər danışıb. O, bildirib ki, Tünzalə Mustafayeva ilə 2001-ci ildə ailə həyatı qurublar. 14, 11 və 10 yaşlarına övladları var. Əvvəl Şamaxıda yaşayan Mustafayevlər ailəsi bir neçə il sonra Bakıya köçüb.

“Bıçaq qoydum ki, birdən üstümə hücum edərlər”

Anar Mustafayev deyir ki, ailədə baş verən söz söhbətlərə arvadının telefon işlətməsi səbəb olub: “Mən fəhləlik edib ailəmi saxlamışam. Son vaxtlar da səyyar ticarətlə məşğul olurdum. Ailə dolanışığımız çətin olduğu üçün Tünzalə də işləməyə başladı. Uşaqları səhər məktəbə aparıb, mən də işə gedirdim. Tünzalə də Qobu tərəfdə olan daş sexlərindən birində işləyirdi. Sonra Tünzalənin telefon işlətdiyini bildim. Bizdə nəsillikcə belə şey olmayıb. Mən istəsəydim, ona telefon alardım. Bir gün səhər Tünzalə işə gedəndə gördüm ki, dayanacaqda telefonla danışır. Mən çatmaq istəyəndə işin maşınına minib getdi. Axşam evə gəldim. Gizli şəkildə hamamda telefonla danışdığını eşitdim. Gedib soruşdum ki, danışdığın kimdir? Birinci dedi ki, iş yoldaşım Günaydır. Mən kişi səsi eşitmişdim. Sonra da dedi ki, “Günayın əridir, telefonu o, açıb”. Telefonu əlindən alıb, zənglərə baxdım, mesajları gördüm. Bunlar istintaq materiallarında da var. Sonra qızımı evdən götürüb qaçdı”.

A.Mustafayev ifadəsinin davamında bildirib ki, bir müddət arvadından və qızından xəbər tuta bilməyib: “Tünzalənin atasına zəng edib olanları dedim. Onu axtarmağa başladım. Mən ailəmi dağıtmaq istəyən adam olmamışam. Üç uşaq atasıyam. Əgər ailəmi dağıtmaq istəsəydim, ya ailə qurmazdım, ya da bunu çoxdan edərdim. Hər kəsdən, bütün qohumlardan Tünzaləni soraqlaşdım. Amma tapa bilmədim. Bir müddət işinə getdim, tanışlardan soruşmaqla axtarmağa davam elədim. Bir gün xəbər tutdum ki, Tünzalə işlədiyi sexə qayıdıb. Onu görmək üçün sexə getdim. Evdən çıxanda da cibimə bıçaq qoydum”.

Heç bir kişinin bu xəyanəti bağışlamadığını deyən A.Mustafayev arvadını öldürmək məqsədi ilə sexə getmədiyini deyib və cibinə bıçaq qoymasının səbəbini belə izah edib: “Cibimə bıçaq qoydum ki, birdən orda üstümə təcavüz edərlər. Tünzaləni nə öldürmək, nə də vurmaq fikrim var idi. Həm də qızım da orada idi. Onun yanında bunu etməzdim”.

“Dedi ki, “Taleh məni alıb, saxlayacaq””

A.Mustafayev hadisələrin bu şəkildə baş verməsində arvadının günahı olduğunu deyib: “Mən Tünzalənin yanına çatanda elədiklərinin izahını soruşdum. Mənə dedi ki, “Taleh məni alıb, saxlayacaq. Özünə arvad edəcək”. Bu sözlərdən sonra beynim çöndü, özümü idarə edə bilmədim. Cibimdən bıçağı çıxarıb onu vurdum. Öldürmək fikrim yox idi. Sadəcə qorxutdum. Əgər onu öldürmək istəsəydim, elə hamamda ilk dəfə tutanda bir saniyənin içində boğub öldürərdim. Bıçaqla vuranda da məni heç kim sakitləşdirmədi. Özüm ondan əl çəkdim. Belə niyyətim olsa idi, sona qədər işimi tamamlayardım”.

“Hansı kiş i olsa, bunu edərdi”

İttiham aktı ilə tanış olan zaman arvadının danışdığı şəxsin yanına getdiyini öyrəndiyini deyən A.Mustafayev bu əməlindən peşiman olmadığını söyləyib: “Hansı kiş i olsa, bunu edərdi. Məni Şamaxıda hamı tanıyır. Mən özümə, ailəmə hörmət edən adam olmuşam. Məni buna məcbur etdilər. Sonradan öyrənmişəm ki, Tünzalə evdən qaçandan sonra Gəncəyə Taleh adlı şəxsin arxasınca gedib. Gecə saat 10-da avtovağzalda olanda ona polis əməkdaşları yaxınlaşıb. Orada olmalarının səbəbini soruşanda Tünzalə deyib ki, guya Taleh adlı şəxs onu Gəncədə işləməyə çağırıb. Tünzalə guya Bakıda kafedə 15 manata işləyirmiş, Taleh isə ona Gəncədə 30 manata iş tapacaq. Sonra qayıdıb, Bakıya gəlib”.

Prosesdə məhkəmə-psixiatrik ekspertizasının rəyi elan olunub. Həmin rəydə Anar Mustafayevin konfliktə, kobudluğa meyilli insan olan, qıcığa tez reaksiya verən insan kimi xarakterizə olunub.

Amma Anar Mustafayev bununla razılaşmır: “Möhtərəm hakim, indi şükür ki, hər şey mümkündür. Bunu qısa zamanda araşdırmaq da olar. Xahiş edirəm, indiyə qədər yaşadığım yerlərdə, qohumlar arasında, tanışlar arasında araşdırma aparılsın. Görsünlər ki, mən nə vaxtsa kiminsə toyuğuna daş atmışam? Kiminləsə dalaşmışam? Kiminləsə söz-söhbətim olub? Bunlar olmayıbsa, mən necə ittiham edilirəm”.

A.Mutafayev sonda bildirb ki, arvadını öldürmək niyyəti olmayıb və ona qarşı açılmış cinayət işi ilə razı deyil: “Mən bu maddə ilə 14 ilə qədər azadlıqdan məhrum edilə bilərəm. Amma qəsdən sağlamlığa ağır zərər vurmuşam. Mənim ittiham olunmalı olduğum maddə bu deyil. İstintaq qərəzli şəkildə aparılıb”.

Məhkəmə prosesinin davamında şahidlər ifadə verib (Musavat.com)
Tarix: 1-04-2017, 10:41
Xəbəri paylaş





Xəbər lenti