Tələbə yoldaşını müəlliməyə görə bıçaqladı: "Jalə müəllimə kimlərinsə bacısından artıqdır"

Tələbə yoldaşını müəlliməyə görə bıçaqladı: "Jalə müəllimə kimlərinsə bacısından artıqdır"  Liseydə baş verən qanlı olayın yeni təfərrüatları məhkəmədə üzə çıxıb. Tələbə yoldaşını bıçaqlayan 19 yaşlı gənc hakim qarşısına çıxarılıb. Məhkəmə prosesində təqsirləndirilən şəxs, zərərçəkmiş, liseyin direktoru ifadə verib.

Musavat.com xəbər verir ki, tələbə yoldaşını bıçaqlayan 1998-ci il təvəllüdlü Səfərov Orxan Anar oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Orxan Səfərov aralarında yaranmış mübahisə zamanı tələbə yoldaşını bıçaqlayıb. Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 15 saylı Bakı Peşə Liseyində baş verib. 2-ci kurs tələbəsi Orxan Səfərov 3-cü kurs tələbəsi olan Mirdamət Zeynalova iki bıçaq zərbəsi vurub.

Orxan Zeynalov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Məhkəmə prosesində təqsirləndirilən 19 yaşlı Orxan özünü təqsirli bilib və cinayət əməlini törətdiyini etiraf edib.

Hadisənin baş vermə səbəbi haqda danışaq Orxan Səfərov bildirib ki, Mirdamət sinifə girərək ondan və digər tələbə yoldaşlarından sakit olmalarını tələb edib. Ardınca isə onlara qarşı nalayiq ifadə işlədib.

Prosesdə hadisənin əsas baş vermə səbəbi də ortaya çıxıb. Belə ki, tələbələr arasında mübahisə Liseydə dərs deyən gənc müəllimə Jalə Əliyeva üstündə baş verib.

Bıçaqlanan Mirdamət Zeynalov Orxan Səfərovun və tələbə yoldaşlarının olduğu sinif otağına gələrək onlardan sakit olmalarını tələb edib. Bu tələbini isə onunla əsaslandırıb ki, müəllimə Jalə Əliyeva onun dostunun bacısıdır. Mirdamət Zeynalov özündən bir kurs aşağı sinifin tələbələrindən Jalə müəllimənin dərsində səs-küy salmamalarını, onun sözünə qulaq asmalarını istəyib.

Bundan sonra tələbələr arasında mübahisə yaranıb. Gəncləri özündən çıxaran isə Mirdamət Zeynalovun “Jalə müəllimə burada olanlardan kimlərinsə anasından və bacısından artıqdır” deməsi olub. Bu sözdən qəzəblənən Orxan Səfərov Mirdamətlə mübahisə edib və sonda cibindən çıxardığı bıçaqla ona iki zərbə vurub.

Orxan Səfərov məhkəmədə deyib ki, Mirdamətin son işlətdiyi sözə görə onu vurub: “Sinifə girəndə Jalə müəllimə yox idi. Dedi ki, “Jalə müəllimə dostumun bacısıdır. Ona hörmət eləyin”. Sonra da belə xoşagəlməz sözlər işlətdi”.

Təqsirləndirilən Orxan Səfərov dərs vaxtı üstündə bıçaq gəzdirməsinin səbəbini belə izah edib: “Bıçağı dayımgildən götürmüşdüm. Bir gün əvvəl onlarda qalanda meyvə soyub yemişdim. Onda bıçaq cibimdə qalmışdı”.

Məhkəmədə zərərçəkmiş Mirdamət Zeynalov da ifadə verib. O da təqsirləndirilən Orxan Səfərov kimi eyni məzmunlu ifadə verib və işlətdiyi ifadənin doğru olmadığını etiraf edib: “Orxanı əvvəldən tanıyıram. Yaxşı uşaqdır. Jalə müəllimə mənim dostumun bacısıdır. Sinifdə sakitçilik olmasını istəmişdim. Bu sözü də ümumi olaraq işlətmişdim. Kiminsə ünvanına səsləndirməmişdim. Bu barədə onlara bir neçə dəfə xəbərdarlıq etmişdim".

Hakimlər kollegiyası bu sözlərindən sonra zərərçəkmiş Mirdamət Zeynalova sual verib: "Sizə kim ixtiyar verir ki, hansısa sinifə girib bu cür xəbərdarlıq edirsiniz? Həm də şagirdlərə qarşı bu cür ifadə işlədirsiniz?".

M.Xeynalov işlətdiyi ifadənin yalnış olduğunu və şagirdlərdən də ərk edərək belə bir xahiş etdiyni söyləyib.

Məhkəmədə işdə adı keçən müəllimə Jalə Əliyeva da ifadə verib.

İstintaqa ifadəsini təsdiq etdiyini deyən Jalə Əliyeva hər iki şəxslə arasında şagird-müəllimə münasibətlərinin olduğunu söyləyib. Və bildirib ki, bu hadisə tərəflər arasında olan konfliktdən baş verib.

Məhkəmədə dindirilən digər şahid isə 15 saylı Bakı Peşə Liseyinin direktoru Qurbanova Rəna Süleyman qızı olub.

Direktor da istintaqa ifadəsini təsdiq etdiyini söyləyib.

Hakimlərin "Liseydə təlim-tərbiyə işləri ilə kim məşğul olub" sualına cavab verən T.Qurbanova bunları deyib: "Liseydə tərbiyə işlərinin tədrisi sentyabr ayından təxirə düşüb".

Direktor bu işlə məşğul olan müəllimənin olmadığını söyləyib.

Xatırladaq ki, direktor hadisə baş verən gün mətbuata açıqlama vermişdi.

O, bildirmişdi ki, hadisə liseydə tənəffüs vaxtı qeydə alınıb: "Mirdamət Orxanın oxuduğu sinifə daxil olub və onlara səs salmamağı tapşırıb. Bundan qəzəblənən Orxan da səhəri gün, yəni bu gün evdən bıçaq götürüb gəlib Mirdamətin kürəyindən və ayağından bıçaqlayıb. İlk dəfədir ki, bizim liseydə belə hadisə baş verir. Təcili yardımı çağırdım, Mirdamət Zeynalovu xəstəxanaya apardılar".

Növbəti məhkəmə prosesi martın 24-də davam edəcək. Həmin prosesdə hadisənin şahidi olan lisey şagirdləri ifadə verəcək.

İ.Muradov
Tarix: 18-04-2017, 22:03
Xəbəri paylaş





Xəbər lenti