“Qanlı göl” ərazisinin bitməyən problemləri... - REPORTAJ, FOTOLAR

“Qanlı göl” ərazisinin bitməyən problemləri... - REPORTAJ, FOTOLAR Yasamal rayonu ərazisində “Qanlı göl” kimi tanınan massivin (Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən ərazi) sakinləri ərazinin natəmizlik içərisində olmasından şikayətçidirlər. Sakinlər bildirirlər ki, ərazidə söküntü işləri aparıldıqdan sonra vəziyyətləri daha da çətinləşib. Çünki aparılan söküntünün qalıqları, tullantıları ərazidə qalıb.

Ərazidə olduğumuz zaman biz də deyilənlərin əyani şahidi olduq. Söküntü aparılan yerin yuxarı hissəsində “bağ” deyilən ərazi də tullantılar içərisindədir. Bundan əlavə ərazidə natəmizlik hökm sürdüyü üçün burada küçə itlərinin də sayı kifayət qədərdir.

Sakinlər musavat.com-a bildirdilər ki, gecə vaxtı küçə itlərinin əlindən tərpənə bilmirlər. Onlar bu ərazidə yaşamağın son dərəcə çətin olduğunu bildirdilər.

Məcburi köçkün Faiq Süleymanov bildirdi ki, əraziyə yaxın yerdə sosial mənzillərin tikintisindən sonra yolların vəziyyəti daha da bərbad duruma düşdü: “Evləri söküb, camaatı buradan köçürdülər. Elə həmin ərəfədən bu ərazi zibilin içərisində qalıb. İndi də burada yaşamayan adamlar əllərinə keçəni tökürlər küçəyə, bağın içərisinə. Bundan başqa digər yerlərdə yaşayanlar da gətirib zibillərini bura atırlar. Neçə dəfə görmüşəm ki, maşını saxlayıb, bağın içərisinə zibil tullayırlar. Yaxın ətrafımızda heç bir mağaza yoxdur. Ümumiyyətlə, burada yaşamaq çox çətindir. Heç dayanacaq da mövcud deyil. Gərək çıxaq duraq magistral yolda ki, hansısa avtobus saxlasa, minib gedə bilək. Bir sözlə çox çətindir”.

Onu da qeyd edək ki, 2014-cü ildə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Qanlı göl” ətrafında məskunlaşmış 300-ə yaxın məcburi köçkün ailəsi digər yerlərə köçürülüb. Lakin 40-a yaxın ailə söküntü zamanı xarabalığa çevrilən ərazidə saxlanılıb. Onlar isə hələlik orada yaşamaq məcburiyyətindədirlər.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bildirdilər ki, artıq həmin əraziyə onlar cavabdeh deyil: “Oradakı vəziyyətlə bağlı Mənzil İnşaat Dövlət Agentliyi məşğuldur. Ərazinin abadlaşdırılması və digər bu kimi məsələlərlə bağlı sualları onlar cavablandıra bilərlər”.

Münasibət öyrənmək üçün Mənzil İnşaatı Dövlət Agentliyi ilə də əlaqə saxladıq. Agentlikdən məsələ ilə bağlı aşağıdakı münasibəti bildirdilər: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2016-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 11,6 hektar torpaq sahəsi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilib. Həmin torpaq sahəsi əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqəsdilə çoxmənzilli binaların tikilməsi üçün ayrılıb. “MİDA” MMC-nin sərəncamına verilmiş bu torpaq sahəsində yaşayış evləri və ya digər tikililər mövcud olmayıb və ərazidə hər hansı söküntü işləri aparılmayıb. Bu ərazidə yerləşəcək Yasamal Yaşayış Kompleksinin təməli ötən ilin dekabr ayında qoyulmuş və tikintisinə başlanılıb. Hazırda Yasamal Yaşayış Kompleksinin tikintisi davam etdirilir”.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir. “Qanlı göl” ərazisinin bitməyən problemləri... - REPORTAJ, FOTOLAR
“Qanlı göl” ərazisinin bitməyən problemləri... - REPORTAJ, FOTOLAR
“Qanlı göl” ərazisinin bitməyən problemləri... - REPORTAJ, FOTOLAR
“Qanlı göl” ərazisinin bitməyən problemləri... - REPORTAJ, FOTOLAR
“Qanlı göl” ərazisinin bitməyən problemləri... - REPORTAJ, FOTOLAR
“Qanlı göl” ərazisinin bitməyən problemləri... - REPORTAJ, FOTOLAR
“Qanlı göl” ərazisinin bitməyən problemləri... - REPORTAJ, FOTOLAR
Tarix: 25-04-2017, 16:03
Xəbəri paylaş





Xəbər lenti