Məhkəmə bir mənzili 2 nəfərə satan iş adamı ilə bağlı qərar verdi - DETALLAR

Məhkəmə bir mənzili 2 nəfərə satan iş adamı ilə bağlı qərar verdi
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Ceyhun Tağılı və İlkin Şükürovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Qeyd: Mətbuatda yayılan məlumata görə, “Troya LTD” MMC-nin sabiq direktoru Tağıyev Elşad Balay oğlu 2016-cı ildə Nəsimi rayonu, Q.Quliyev küçəsi 38 ünvanında inşa edilmiş yaşayış binasında 4 otaqlı, 236 kv.m sahəsi olan 38 saylı mənzili 190 min manata Ağamalıyev Xəqani Bayram oğluna satıb. 2018-ci ildə şirkətin direktoru dəyişib, E.Tağıyevin yerinə qardaşı oğlu Ceyhun Tağılı təyin edilib. Bu dəfə isə C.Tağılı eyni mənzili 188 min manata Ramid Mustafazadəyə satıb. İş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, E.Tağıyev vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham edilib. Prokurorun təqdimatı ilə Binəqədi rayon məhkəməsi Elşad Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib, sonra ev dustaqlığına buraxılıb. Daha sonra bu iş üzrə şirkətin direktoru C.Tağılı və tanışı İ.Şükürov cinayət məsuliyyətinə cəlb olunub.
Tarix: 17-01-2024, 09:16
Xəbəri paylaş





Xəbər lenti