PUTİNİN "UÇAN VİLLASI"... - Rusiyanın "1 nömrəli təyyarə"sində nələr var? + VİDEO
"Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrə rəsmi səfərlər zamanı Rusiya istehsalı olan “İlyuşin İl-96-300PU” model təyyarədən istifadə edir. Ölkə başçısı bu təyyarənin göyərtəsində olarkən həmin hava gəmisi “1 nömrəli təyyarə” hesab olunur. Təyyərinin adının sonluğundakı "PU" şəkilçisi "Punkt Upravleniya" ("Komanda məntəqəsi") mənasını verir. Dövlət başçısı havada olarkən bu komanda məntəqəsi vasitəsilə hərbi əməliyyatları idarə edə, zəruri hallarda nüvə qüvvələrini işə sala bilər".
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin "Slash Gear" nəşrində yayımlanan məqalədə bildirilir. Sözügedən məqalədə Rusiya liderinin rəsmi səfərlər zamanı istifadə etdiyi təyyarənin bir sıra xüsusiyyətlərindən söz açılır.
Məqalənin maraqlı hissələrini oxuculara təqdim edirik:
"Bu VIP nəqliyyat vasitəsi dörd mühərrikli bir iqamətgaha bənzəyir. Təyyarədə prezident üçün şəxsi ofis, "kral" çarpayılar, konfrans və iclas otaqları, klinika, yemək və istirahət otaqları, bar və hətta idman zalı mövcuddur. Bütün otaqlar rus xalqının mədəniyyətini əks etdirən simvollarla, qızılı bəzəklərlə işlənilib. Təyyarə Rusiya Prezidentinə hökumətin bütün qolları və ordu ilə əlaqə saxlamağa imkan verən ən müasir rabitə sistemləri ilə təchiz edilib. Təyyarədə havadan və yerdən potensial təhlükələrin qarşısını almaq üçün elektron əks tədbirlər kimi bir sıra qabaqcıl özünümüdafiə sistemləri var. Əvvəllər təyyarədəki mətbəx yalnız öncədən qablaşdırılmış yeməklər təqdim edirdi. Lakin Putin bundan şikayətləndiyi üçün indi yeməklər mətbəxdə aşpazlar tərəfindən hazırlanır.
Rusiya lideri yalnız bir təyyarədən istifadə etmir. Prezidentin istifadəsində "İl-96-300PU" tipli beş ədəd belə təyyarə var. Onlardan ən yenisi 2021-ci ildə modernizasiya edilib.
Təhlükəsizlik səbəbi ilə prezidenti uçuran bütün təyyarələrin yaşı 15-dən az olmalıdır. "İl-96-300PU"-lar müntəzəm olaraq səfərlər arasında dəyişdirilir ki, hər bir təyyarəyə kifayət qədər texniki xidmət vaxtı qalsın. Prezidentin bütün səfərlərində onun “1 nömrəli təyyarə”sinin ardınca qeyri-vacib işçiləri və jurnalistləri daşıyan ehtiyat təyyarə gəlir. Əgər əsas təyyarədə problem yaranarsa, başqa bir təyyarə ikinci hava gəmisindəki sərnişinləri, həmin təyyarə isə Putini daşıyır. Məsələn, 2005-ci ildə Finlandiyaya səfər zamanı Putinin təyyrasinin əyləcində problem yarandığı üçün bu yola baş vurulmuşdu. Digər tərəfdən, texniki və təhlükəsizlik işçilərini daşıyan üçüncü bir təyyarə də var. Əgər əsas təyyarədə problem yaranarsa, dərhal həmin təyyarə də havaya qaldırılır.
Bütün bunlara baxmayaraq, "İl-96-300PU" ABŞ liderinin istifadə etdiyi "VC-25"-dən zəif və kiçikdir. "İl-96-300PU" təxminən 54 metr uzunluğunda, "VC-25" isə 69 metr uzunluğundadır. "İl-96-300PU" dörd "Aviadvigatel PS-90" turbofanı ilə təchiz edilib. Təyyarənin maksimal yükgötürmə qabiliyyəti 270 tondur. Bunun əksinə, "VC-25"-də olan nəhəng "General Electric CF6-80C2B1" turbofanlarının hər biri ikiqat təzyiq yarada bilir ki, bu da "VC-25"-in daha az güclə daha çox çəki qaldırmasına imkan verir.
"VC-25" həmçinin burnundakı yanacaq doldurma anbarı sayəsində mütəmadi olaraq tanker təyyarəsi ilə yanacaq dolduraraq daimi şəkildə havada səyahət edə bilər. "İl-96-300PU"-nun isə belə bir imkanı yoxdur".