“Məktəblərdə koronavirusa yoluxma halı müşahidə edilmir”
Azərbaycanda yoluxma sayı ötən bir neçə günə nisbətən artıb. Yazını hazırladığımız zaman koronavirus infeksiyasına 712 yeni yoluxma faktı qeydə alınıb, 1813 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. Bununla belə, statistik göstəricilərdə ölüm sayları aşağı düşsə də, bundan dəfələrlə çox insanın COVİD-dən həyatını itirdiyi iddia edilir. Ətrafda qohumlarının, tanışlarının ölümlərinə şahidlik edən insanlar da “niyə statistik məlumatlarda az rəqəm açıqlanır”, - deyə sual edirlər.
Bu arada Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə dəqiq təsnifatı da açıqlanıb. Koronavirusinfo.az xəbər verir ki, ən çox yoluxma 54,2 faizlə Bakıda qeydə alınıb. Ümumi yoluxmanın 13,4 faizi Abşeronun, 12,1 faizi Aran rayonlarının, 7 faizi Gəncə-Qazax, 3,6 faizi Şəki-Zaqatala bölgələrinin, 3 faizi Quba-Xaçmaz, 2,5 faizi Lənkəranın, 2,3 faizi Dağlıq Şirvanın, 1,5 faizi Yuxarı Qarabağın, 0,07 faizi Naxçıvanın payına düşüb. Koronavirusa yoluxanların 0,4 faizini ölkə xaricindən gələnlər təşkil edir. Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir. Paytaxt üzrə ən yüksək yoluxma isə yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,6 %-lə Xətai, 11,8 %-lə Yasamal və Sabunçu, 8,4 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi, 7,5 %-lə Xəzər, 7,2 %-lə Nizami, 4,9 %-lə Səbayel, 4,4 %-lə Qaradağ, 0,5 %-lə Pirallahı qərarlaşıb.Bəs görəsən, məktəblər, universitetlər açılandan sonra şagirdlər, müəllimlər arasında yoluxma sayı artıbmı? Toylar başlayanda xəstələnənlərin sayı arta bilərmi?
Nilufər Məmmədova Bu və digər suallarla bağlı “Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova danışıb: “Son günlərdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma ilə bağlı nəzərəçarpacaq artım müşahidə olunmur. Ümumi olaraq ölkə üzrə yoluxma sayında statistik olaraq azalma müşahidə edirik. O ki qaldı koronadan ölənlərin çox olması və bunun statistikada az ölüm sayı kimi göstərilməsinə, təəssüf ki, hələ də koronavirusun eyni simptomları olduğu halda test verməyən insanlar var. Onlar arasında ölüm müşahidə olunduqda xəstəliyin gec müddətində testin götürülməsi, öldükdən sonra testin götürülməsi ilə əlaqədar olaraq bəzən onlarda cavab neqativ çıxır. Bu ölüm halı hər nə qədər koronavirusun ağırlaşması kimi olsa belə, əlində pozitiv test nəticəsi olmadığı üçün bu insanlar koronavirusdan ölmüş xəstələr kimi qeydiyyata alınmır. Aradakı fərq bununla bağlı ola bilər. Ümumiyyətlə, insanların sıx toplaşdığı məkanlardan kütləvi istifadələr zamanı xəstələnənlərin sayı arta bilər. Tək koronavirusla yox, digər mövsümi xəstəliklərdə də biz bu artımı müşahidə edirik. Belə ki, məktəblər bağlı olduğu müddətdə uşaqlar, yeniyetmələr arasında viral xəstəliklərin yayılmasını nisbətən az görürdük. Söhbət tək koronavirusdan getmir. Digər virus mənşəli xəstəliklərdən də gedir. Amma məktəblərin açılması, ictimai yerlərin, kütləvi istifadə olunan məkanların açılması ilə əlaqədar olaraq digər viral mənşəli xəstəliklərin də sayında artım görürük. Təbii ki, bunlar da koronavirus baxımından differensasiya olunmalıdır ki, bu simptomlar koronavirusla bağlıdır, yoxsa başqa xəstəliklərlə əlaqədardır. Amma ümumi olaraq götürsək, şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma sayında hələ ki artım görülmür”.
Mərdan Əliyev İnfeksionist-hepatoloq Mərdan Əliyev isə bizimlə söhbətdə bildirib ki, hazırda yoluxma sayında artım müşahidə edilmir: "Məktəbə getməklə əlaqədar olaraq uşaqlarda yoluxma sayı artıb. Amma bu, sadəcə, olaraq mövsümi virus infeksiyalarıdır. Təbii ki, məktəbdə bir uşaqda xəstəlik varsa, digərləri də yoluxur. Əslində daha yaxşı olar ki, uşaqda xəstəlik hiss edən valideyn onu məktəbə buraxmasın. Bəzən yüngül xəstə olan uşaqları da valideynlər məktəbə buraxır və bu da digər uşaqların xəstələnməsinə səbəb olur. Hazırda uşaqlarda xəstələnmə sayı artıb".
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 1 061 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 738 000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 929 626 təşkil edir.
Tarix: 5-10-2021, 14:44