Supergüclərin şok planı: COVID-19 süni yaradılıb?
ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” şirkəti koronavirusa qarşı istehsal etdiyi peyvəndlərin satışından əldə etdiyi qazancı açıqlayıb.Bu ilin ilk üç rübü ərzində “BioNTech”lə birgə hazıralanan vaksinin satışı “Pfizer”ə 24,1 milyard dollarlıq fayda verib.
Şirkət illik gəlir proqnozunu da 7.5 dəfə artırıb.
Hesablamalara görə, “Pfizer”in ilin sonunadək əldə edəcəyi qazanc 36 milyard dollar olacaq.
Koronavirusun yayıldığı ilk zamanlarda bəri onun bilərəkdən yayılması və ondan gəlir qazanmaq məqsədilə istifadə ediləcəyi barədə fikirlər səsləndirilib. Çoxları bunun böyük ölkələr tərəfindən planlı şəkildə həyata keçirildiyini düşünür.
Maraqlıdır, həqiqətən də bu məsələnin başında supergüclər dayana bilər?Məsələ ilə bağlı
Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov deyib ki, pandemiya ilə bağlı həm dünyada, həm də Azərbaycanda həqiqətəuyğun olmayan fikirlər hər zaman dolaşıb:
"Ən çox da müsəlmanların toplandığı ərazilərdə həddindən artıq böyük şayələr yayılır. Biri deyir ki, xəstəlik yoxdur, kimlərinsə oyunudur, baxmayaraq ki, gözlərinin qabağında gündə neçə insan ölür. Amma bizdə qayda belədir ki, gözləri ilə gördüyünə inanmırlar, qulaqları ilə nə eşidirlərsə, ona daha çox inanırlar.Eyni zamanda, müəyyən missionerlər də var ki, guya Qərb ölkələri ilə mübarizə aparırlar. Bu prinsip əsasında başlayırlar vaksinlər əleyhinə danışmağa. Bilmirlər ki, bu vaksin nədir, nəyə görə vurulur. Bunlardan xəbəri olmadan vaksin əleyhinə təbliğat aparırlar. Bunlar tamamilə yanlış fikirlərdir. Təəssüflər olsun ki, bəzi həkimləri pul müqabilində aldadıb, televiziyaya çıxardıb əhali arasında ağızlarına gələni danışdırırlar. Ağızlarına gələn, uyğun olmayan, mənasız, həkim adına yaraşmayan söhbətlər edirlər.Vaksin uşaq vaxtı hər kəsə vurulub. Özü də o dövrdə hazırlanan vaksinlə indiki dövrdə hazırlanan vaksin arasında çox böyük fərq var. Texnoloji baxımdan o dövrdəki vaksin indikindən qat-qat kobud formada hazırlanıb. Hansı ki, indiki vaksinlər genetik üsulla hazırlanır. Düzdür, “CoronaVac” genetik üsulla hazırlanmayıb, amma digərləri isə genetik yolla hazırlanıb. Bunlar da kifayət qədər insan bədəni üçün təhlükəsizliyi qorunan vaksinlərdir. Burada elə bir problem yoxdur. Sadəcə olaraq, insanlar belə düşünür ki, bəlkə, pula görədir. Səhv düşüncədir".Həkim qeyd edib ki, istehsalçı ölkə təbii ki, bunun qarşılığında gəlir əldə etməlidir:
"Xəstəlik yeni başlayanda çalışırdılar ki, bu virusu öldürən dərman və ya vaksini tapsınlar ki, tez bir zamanda məsələni həll etsinlər. Söhbət təkcə həll etməkdən getmir, həm də gəlirdir. Ölkə bunu istehsal edibsə, bunu tapıbsa, təbii ki, o keyfiyyətinə uyğun qiyməti olacaq. O qiymətdən pul qazanacaq. Durub bunu havayı paylayası deyil ki. Pul qazanmasın, onda gedib alma, o zaman onu almamaqla kim udacaq, kim uduzacaq. Təbii ki, istehsal edən şirkət, ölkə bundan pul götürəcək. Heç kim bunu inkar etmir.Əsas məsələ budur ki, bunun pulunu dövlət verir, hamı da həmin vaksini havayı vurdurur. Maraqlı budur ki, dövlət bunun söhbətini etmir, amma təmənnasız vaksin olunanlar deyir ki, şirkət niyə bundan pul qazandı? Hazırlayıbsa, qoy qazansın".
Tarix: 4-11-2021, 22:05