“TƏBİB koronavirusa qarşı səhv müalicə protokolundan istifadə edir” – Tanınmış həkim



Ölkədə mövcud durum və gələcək gözləntilər barədə: “Müalicə metodu dəyişdirilməlidir”
Hazırda qapalı məkanlarda tibbi maska və iki doza vaksin pasportu tələbi var. Yoluxma sayının qarşısının alınması istiqamətində aparılan tədbirlərə baxmayaraq, yenidən havaların soyuması ilə yoluxma sayında artım müşahidə edilməkdədir.
Bəs hazırkı vəziyyəti prosesin yaxın iştirakçıları olan həkimlər necə dəyərləndirirlər? Qarşıdakı günlərdə yoluxma sayında kəskin artım müşahidə edilə bilərmi, bu barədə onların proqnozları nələrdir? AYNA bu və digər suallara cavab tapmaq üçün həkimlərlə həmsöhbət olub.

Həkim-terapevt Rasif Bağırov söyləyib ki, hazırda statistik göstəricilərlə real yoluxma sayında uyğunluq var: “Real yoluxma sayı ilə statatistik açıqlamalar bəzən üst-üstə düşsə də, bəzən uyğun gəlmir. Hazırda demək olar ki, müəyyən uyğunluq var. Qeyd edim ki, əvvəlki dalğalarla müqayisədə bu dalğa say etibarı ilə bir o qədər də güclü olmadı. Vaksin olunaraq immunitet qazananların da sayı kifayət qədərdir. Eyni zamanda da tibbi maska taxma tələbinə ciddi nəzarət olunması xəstəliyin daha geniş şəkildə yayılmasının qarşısını alır”.
“Peyvəndlənməyə baxmayaraq, hamı tibbi maska taxmalıdır. Avropanın özündə görürsən ki, adi adamlarda buna etinasızlıq müşahidə edilsə də, hökumət adamlarının hamısı tibbi maska taxır. Bizdə də bir sıra hallarda qapalı məkanlarda tibbi maska taxmayanlar olur. Həmin şəxslər nəzərə almalıdırlar ki, “CoronaVac” peyvəndindən sonra yoluxanların sayı heç də az deyil”, - deyə həkim vurğulayıb.
Terapevt bildirib ki, qarşıdakı günlərdə yoluxma sayında artım müşahidə edilə bilər, peyvəndləmə prosesinə çox da arxayın olmaq olmaz: “Düzdür, aparılan vaksinasiya müəyyən qədər xəstəliyin qarşısını alır. Bizdə “CoronaVAc” vaksininə üstünlük verilir. O da orqanizmi ciddi şəkildə qorumur. Hətta deyərdim, yuxarı yaş hədlərində heç bir effekt vermir. Buna görə iki doza peyvənd qəbul etmiş şəxslər arasında yoluxma ilə müraciət edənlər də olur. Aşağı yaş hədlərində - hansı ki bədənin immunitet yaratmaq imkanı var, onlarda 50-60 faiz effekt verir. Belə olan halda, əlbəttə ki, yoluxma olacaq”.
Bağırovun sözlərinə görə, COVID-19 ilə mübarizədə aparılan tədbirləri nəticəsiz hesab etmək olmaz: “Gözlədiyimiz səviyyədə olmasa da, aparılan tədbirlər öz nəticəsini verir. Lakin yenə deyirəm, bu, bizim gözləntilərimizə cavab vermir. Bizim ölkədə ən güclü vaksinlərlə COVID-19-a yoluxma məsələsini həll etmək mümkün olardı”.
Müalicə prosesindən danışan həmsöhbətimiz bu istiqamətdəki nöqsanlara diqqət çəkib: “Hələ də TƏBİB-in birinci dəfə Rusiyadan gətirdiyi protokolla işləyirlər. Hansı ki Rusiya həmin protokoldan imtina etdi, ondan istifadə etmir. Şəxsən mən ilk gündən demişdim ki, həmin protokoldan istifadə olunması düzgün deyil. İltihab ocağına vitamin vurulması harada görülüb? Xəstəliyin virus mərhələsindən bakterial mərhələyə keçid dövrünü müəyyənləşdirmək lazımdır. Xəstəlik bakterial mərhələyə keçdisə, müalicə dəyişdirilməlidir. Bunlar isə eyni dərmanlarla müalicə edirlər və ümidlərini intubə etməyə bağlayırlar. Məgər oksigen xəstə sağaldır? Oksigen sadəcə ümumi müalicədə kömək vasitəsidir ki, bu da müalicənin 3-4 faizini təşkil edir”.
“Koronavirusun müxtəlif variantları, həmin variantların içərisində də ağır və yüngülləri var. Bundan da əlavə yoluxan orqanizmin özünün immun sisteminin səviyyəsi və onun virusa verdiyi reaksiya var. Bunların hamısını nəzərə alsan, görürsən ki, çox yüngül xəstələr olur. Onları vitaminlə müalicə etdiklərində də xəstə sağalır. Amma bu, o demək deyil ki, xəstəyə vitamin verməklə sağaltmaq mümkündür. Bəs belədirsə, niyə ağ ciyərində müəyyən qədər iltihab olan, yaşlı xəstələr həmin müalicə ilə sağalmır? Müalicədən çox şey asılıdır. Əslində koronavirus çox da qorxulu xəstəlik deyil. Sadəcə müalicəni düzgün aparmaq lazımdır”, - deyə terapevt fikrini yekunlaşdırıb.

İnfeksionist həkim Nicat Əzimli də deyib ki, son bir neçə həftədə COVID-19 ilə bağlı pasient müraciətlərində azalma müşahidə olunmur: “Gündəlik 2000-nin üzərində olan yoluxma sayı azalma dinamikasına keçmir. Çox gediş-gəlişin olduğu Rusiyada 40 mini ötən, Türkiyədə 30 minə çatan yoluxma sayları və digər faktorlar da qarşıdakı günlərlə bağlı yaxşı proqnoz verməyə imkan vermir. Qarşıdakı günlərdə kəskin artım olmasa belə, bu yoluxma saylarının hələ bir müddət davam edə biləcəyi labüddür”.
Yoluxma sayında kəskin artım olacağı halda səhiyyəmizin müalicə istiqamətində çətinliklərin öhdəsindən gələ bilib-bilməyəcəyi ilə bağlı sualımıza həkimin cavabı belə olub: “Azərbaycanda və dünyada səhiyyə sistemləri artıq COVID-19 ilə mübarizəyə alışıb. Fikrimcə, yoluxma saylarının daha da artması müəyyən çatışmazlıqlar yaratsa da, əvvəlkilər qədər çətin olmayacaq”.
Tarix: 5-11-2021, 20:18
Xəbəri paylaş





Xəbər lenti