Koronavirusun özünü məhv etməsi... - Yaponiya COVID-19-dan necə xilas oldu... - ARAŞDIRMA

Koronavirusun özünü məhv etməsi... - Yaponiya COVID-19-dan necə xilas oldu... - ARAŞDIRMA
 
Yaponiyada koronavirus yoxa çıxıb. Yüksək yoluxucu delta variantının yaratdığı pandemiyanın beşinci və ən şiddətli dalğası qəfil sona çatdı. Tədqiqatçılar qrupunun fikrincə, patogen ölümcül mutasiya nəticəsində “özünü məhv edib”.
 
Moderator.az “Yapon möcüzəsi”nin mümkün səbəbləri haqqında “RİA Novosti”nin materialını oxucularına təqdim edir.
 
Delta rəqiblərini və özünü məhv etdi
 
Üç ay əvvəl, delta ştammının yayılmasının zirvəsində Yaponiyada gündə təxminən 26 min yoluxma aşkar edilirdi. İndi bu göstərici 200-dən azdır. Ölüm, ümumiyyətlə, sıfıra meyllidir. Yüksək peyvənd nisbətləri və nizam-intizam, adətən, dalğanın dəyişməsini mümkün edən əsas amillər kimi göstərilir. Bununla belə, professor İtsuro İnouenin rəhbərlik etdiyi Milli Genetika İnstitutunda və Niiqata Universitetində hər şeyin koronavirusun genetik dəyişikliyi ilə əlaqədar olduğuna inanırlar.
 
Alimlər SARS-CoV-2-nin müxtəlif variantlarını diaqramda vizuallaşdıraraq, mart-iyun aylarında Yaponiyada COVID-19-un dördüncü dalğasında üstünlük təşkil edən alfa versiyasının genetik cəhətdən çox müxtəlif olduğunu aşkar etdilər: o, çox şaxələnmiş mutasiyaların beş əsas qrupundan ibarət idi. Daha yoluxucu və aqressiv deltanın müxtəlif olacağı güman edilirdi. Ancaq qəribə də olsa, bunun əksi baş verdi: əvvəlcə mutasiyalar sürətlə yığıldı, sonra birdən dayandı.
 
Dəyişikliklərin əhəmiyyətli bir hissəsi replikasiya xətalarının düzəldilməsindən məsul olan nsp14 struktur olmayan zülalının A394V bölgəsində baş verdi. Tədqiqatçıların fikrincə, hansısa məqamda səhvləri düzəltməyə çalışan virus sadəcə olaraq çoxalma qabiliyyətini itirib.
 
“Biz sadəcə şoka düşmüşük. Deyəsən, mutasiyalar toplandıqca virus keyfiyyətini itirərək özünü kopyalamaq imkanından məhrum olub”, - deyə professor İnoue “The Japan Times” qəzetinə verdiyi müsahibədə bildirib.
 
Nsp14 zülalının nuklein turşularının qorunması üçün son dərəcə əhəmiyyətli olduğunu Simane Universitetinin Tibb fakültəsinin professoru Takeşi Urano da vurğulayıb: “Nsp14 digər virus zülalları ilə işləyir. Araşdırmalar göstərdi ki, zədələnmiş nsp14 virusu əhəmiyyətli dərəcədə daha pis replikasiya edir. Bu, xəstəliyi sürətlə azaldan amillərdən biri ola bilər”.
 
Əvvəl də belə olmuşdu. Belə ki, 2003-cü ildə kəskin SARS respirator sindromunun alovlanması birdən-birə yox olmuşdu. Laboratoriya təcrübələri təsdiqlədi ki, nsp14 zülalındakı mutasiyalar virusun replikasiyasını dayandırır. Yaponiyada bütün məhdudiyyətlər aradan qaldırıldı, lakin yoluxma artmadı.
 
Professor İnoue hesab edir ki, burada bir neçə amil üst-üstə düşür. Birincisi, kütləvi peyvənd (əhalinin 75 faizindən çoxu tam peyvənd olunub) və ciddi profilaktika. İkincisi, Yaponiyanın şansı onda gətirdi ki, delta avqustun sonuna kimi buradakı bütün digər variantları sıxışdırıb çıxartdı. Virusun təkamülü yalnız bir xətt ilə məhdudlaşdı və nəticədə kökü kəsildi.
 
Buna görə də, deltanın da üstünlük təşkil etdiyi Rusiya, məsələn, Hindistan və ya İndoneziyadan fərqli olaraq, indi həm alfa, həm də delta müvafiq peyvənd səviyyəsi ilə “Yapon möcüzəsi”ni təkrarlamaq üçün hər şansa malikdir.
 
Düzdü, ancaq daha bir əmma var. Milli Genetika İnstitutunun və Niiqata Universitetinin alimləri asiyalıların SARS-CoV-2 də daxil olmaqla RNT viruslarına hücum edən APOBEC3A adlı qoruyucu fermentə sahib olduqlarını aşkar ediblər. Avropalılarda və afrikalılarda bu yoxdur. Bunun nə qədər vacib olduğu və APOBEC3A-nın nsp14 zülalı ilə necə qarşılıqlı əlaqədə olduğu hələ tam aydın deyil - tədqiqat hələ tamamlanmayıb. Ən azından genetik cəhətdən Yaponiyaya yaxın olan Cənubi Koreyada pandemiya davam edir.
 
Tokiodakı Gələcəyin Sosial Təminatı İnstitutunun professoru Testuo Fukava hesab edir ki, COVID-19 ilə bağlı vəziyyət artıq çəki ilə daha da ağırlaşır. Yaponiyada əhalinin yalnız 3,6 faizi piylənmədən əziyyət çəkir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. “Və bizdə ölüm nisbəti həqiqətən aşağıdır. Piylənmə COVID-19 üçün risk faktorudur, lakin yenə də ən vacibi deyil”, - deyə Fukava BBC-yə verdiyi müsahibədə bildirib.
 
Bir müddətlik, yoxsa əbədi…
 
Buna baxmayaraq, bir ölkə miqyasında olsa belə, virus üzərində qələbəni qeyd etmək hələ tezdir.
 
“Bizdə hələ ki hər şey yaxşıdır, çünki Yaponiyada delta var idi. Digər variantlar da baş qaldırırdı, lakin delta onları saxlayırdı. İndi yeni ştammlar üçün yol açılıb. Təkcə peyvəndlənmə problemi həll edə bilməz. Bizə immiqrasiya nəzarəti lazımdır, çünki başqa ölkələrdən nə gələcəyini bilmirik”, - deyə İtsuro İnoue vurğulayıb.
 
Alimlər sayıqlığı qorumağa və növbəti dalğaya hazırlaşmağa çağırırlar. Və hər şeydən əvvəl peyvənd olunmağı tövsiyə edirlər.
Tarix: 23-11-2021, 21:17
Xəbəri paylaş





Xəbər lenti