Azərbaycan qurd xəstəlikləri geniş yayılmasına görə endemik ölkə sayılır. Amerika Pediatrlar Assosiasiyasının tövsiyələrinə görə, endemik ölkələrdə ildə bir dəfə qurda dair klinik narahatlığı olan uşaqlara bir tablet qurd dərmanı verilə bilər.
Qurdun əlamətlərinə gəldikdə kiminsə hansısa üzvündə problem varsa, qurd həmin problemi ağırlaşdırır – saç tökülürsə onu artırır, bağırsaq problemi varsa sürətləndirir, əlavə olaraq arıqladır, ağızdan qoxu gəlir, qəbizlik və ya ishal törədir, hemoqlobini salır, halsızlıq, iştahsızlıq və yorğunluq yaradır.
Həkim pediatr Günay Rəsulova Modern.az saytına açıqlamasında qeyd edib ki, çox vaxt bu prosesdə yanlışlıqlar da müşahidə edilir.
“Valideynlər uşaqda hər əlaməti qurda bağlayır. Tez-tez uşağa həkim təyin etmədən qurd dərmanı verirlər. Bu qətiyyən doğru deyil. Çünki qurd dərmanları qaraciyər, böyrək üçün kifayət qədər toksik dərmanlardır və özbaşına qətiyyən təyin edilməməlidir”.
G.Rəsulova qeyd edib ki, bəzi həkimlər çox vaxt aparat, bitki tərkibli dərmanlarla qurdu müalicə etməyə çalışır, hidrokolon terapiya ilə bağırsağı yuyurlar.
“Bütün bunların hamısı cəfəngiyatdır və uşağın psixologiyasını pozmaqdan başqa bir işə yaramır. Qurdun növündən asılı olaraq müalicə adətən 3 və ya maksimum 7 günə qədər ola bilər. Çox vaxt bir tablet kifayət edir ki, biz qurdu müalicə edə bilək”.
Həkim bildirib ki, uşaqların qurd xəstəliyinə yoluxma səbəbi gigenik qayda pozğunluğudur:
“Əl yumamaq, yerə düşən qidanı yemək, ələ keçirilən hər əşyanın ağıza aparmaq, dırnaqların tez-tez tutulmaması, yaxşı bişməmiş, çiy ətdən hazırlanan qidalar, yaxşı yuyulmamış meyvə-tərəvəz, göyərti, fast-food qidalar uşaqlarda qurda yoluxma hallarını çoxaldır. Ən çox dırnaq yeyən, barmaq əmən uşaqlarda bu xəstəliyə rast gəlinir.
Əgər nəcisin ümumi analizində təsadüfən qurd aşkarlanarsa və uşaqda bu xəstəliyin heç bir əlaməti olmazsa, biz onu dərman vermədən izləyə bilərik. Yaxud da, valideyn öz gözü ilə uşağın nəcisində qurd görübsə və uşaq çox narahatdır, amma analizdə çıxamayıbsa, bu zaman qurd dərmanı verə bilərik. Burada əsas yanaşma müalicə həkiminin qərarından asılıdır”.
Həkimin sözlərinə görə, xəstəliyin yayılmasında standartlara uyğun olmayan içməli suların da payı az deyil. Bu sular vasitəsilə insan qurd yumurtalarına yoluxa bilər:
“Uşaqlarda bu xəstəliyin fəsadı çəki itirmə, arıqlama, iştahsızlıq, qan azlığı ola bilər. Qıl qurdlar düz bağırsaqda yaşadığına görə sidik yollarında problemlər, sistit, qaşınma və digər narahatlığa səbəb ola bilir. Böyüklərdə qurd xəstəliyinin əlamətlər spesifik və qeyri-spesifik ola bilir. Adətən böyüklərdə ümumi iştahsızlıq, halsızlıq, bağırsaq narahatlığı, ürəkbulanmalar, davamlı olaraq ağızda qoxu və s. kimi əlamətlərlə özünü göstərə bilir”.