Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır? - AÇIQLAMA


Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı 53 min nəfərə yaxındır.
Sputnik Azərbaycan Azərbaycanda onkoloji xəstələrin başlıca problemlərini və say artımının əsas səbəblərini araşdırıb.
Millət vəkili Fazil Mustafa ölkədəki onkoloji xəstələrin durumu ilə bağlı agentliyimizə bildirib ki, xəstələr bəzən müalicənin effektiv olmadığını söyləyirlər. Müalicə effekt vermədiyi üçün xəstələrin bir qismi xaricə gedir, xaricə gedən bilməyənlər isə daha tez dünyasını dəyişirlər.
Millət vəkilinin sözlərinə görə, bu cür xəstələrə əlilliyin verilmə standartları var. Elə adam var ki, iki böyrəyi yoxdur, onkoloji xəstədir, həm də şəkərdir. Bu şəxslərlə bağlı sənədlər təqdim olunur. Onun hər hansı bir kateqoriyaya uyğun gəlməsi əlillik qazanma imkanı yaradır. Ona görə də heç kim bunu məhdudlaşdıra bilməz. Amma elələri də var ki, saxta yolla əlillik əldə etməyə çalışırlar. Yaxud da yüngül xəstəliyi olan əlil statusu almaq üçün bütün yollara baş vurur.
"Eləsi var gözü görür, lakin sənəd alıb ki, gözü görmür. Belə adamlarla ümumilikdə sistem və cəmiyyət mübarizə aparmalıdır ki, həqiqətən ağır, sağalmaz xəstəlikləri, fiziki məhdudiyyətləri olan vətəndaşlarımız əlillik dərəcəsi ala bilsinlər", - deputat deyib.
Bəs, Azərbaycanda onkoloji xəstələrlə bağlı rəqəmlərin artmasının əsas səbəbi nədir?
Azərbaycan Tibb Universitetin onkoloji kafedrasının mütəxəssisi Həqiqət Vəliyeva Sputnik Azərbaycan-a bildirib ki, onkoloji xəstəliklər əsasən inkişaf etmiş ölkələrdə artmaqdadır. Rəqəmin artmasının əsas səbəbi maarifləndirmə ilə əlaqədardır:
"İndi hər kəs daha çox maariflidir və həkimə daha tez müraciət edirlər. Bundan başqa, diaqnoz üsullarıın daha da təkmilləşdirilməsi də rəqəmlərin say artımını göstərən səbəblərdən biridir. Yəni, say artımına təsir edən əsas amillər məhz bunlardır. Bundan başqa, kompüterləşmə, şüalanmanın da buna təsiri var".
Onkoloq bildirir ki, rəqəmlərin artmasının bir səbəbi də az hərəkətlilik, oturaq həyatın çox olması, idmanla az məşğul olma, bədən çəkisinin artmasıdır. Bundan başqa, qidalanmanın da təsiri böyükdür. Xəstəlikdən qorunmaq üçün aktiv həyat tərzi keçirmək, havada olmaq, idman etmək, stresdən uzaq durmaq, orqanizmdə hər hansı dəyişiklik hiss edərkən ilkin olaraq həkimə müraciət etmək lazımdır.
"Bəzi prosedurlardan uzaq olmaq lazımdır. Məsələn, mədəkiçiltmə əməliyyatları haqda danışaq. Bu əməliyyatların da müəyyən müddətdən sonra mədə xərçənginə təsiri olacaq. Bundan başqa, gözəllik naminə bəzi prosedurlar da var ki, onlar da yolverilməzdir. Bu kimi amillərin də say artımında rolu var. Siqaretin ağciyər, alkaqolun qaraciyər xərçənginin artmsaında böyük rolu var", - deyə onkoloq bildirib.
Onkoloji xəstəliklərin artım dinamikası
Son 50 ildə bu xəstəlikdən ölümün artım dinamikasına nəzər yetirək. Məsələn, 1970-ci ildə ölkə üzrə ümumi ölənlərin sayı 34 min 506 idisə, qan dövranı sistemi xəstəliklərindən ölüm halı 11 min 320, tənəffüs sistemi xəstəliklərindən ölüm halı 7 min 480, digər səbəblərdən ölüm halı isə 3 min 230, yeni törəmələrdən (onkoloji şişlər) ölüm halı 4 min 254 idi. Növbəti 10 illikdə isə bu rəqəm daha da artaraq 4 min 898 olub. Lakin 1990-cı ildə bu rəqəmlərdə azalma müşahidə edilsə də, 2000-ci ildə və ondan sonrakı illərdə rəqəmlərdə artım müşahidə edilib. 2019-cu ildə bu xəstəlikdən ölənlərin sayı 8 min 819 olub. Bu isə o deməkdir ki, 1970-ci ildə yeni törəmədən ölümə görə əhalinin hər min nəfərinə düşən rəqəm 82,3 olub, 2019-cu ildə isə bu rəqəm 89,0 təşkil edib.
Əhalinin cins və yaş qrupları üzrə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan diaqnozların sayında da artımlar olub. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan belə xəstələrin sayı 7 min 27 olubsa, 2019-cu ildə 12 min 107 olub.
Eyni zamanda da yaş üzrə ilk dəfə bu xəstəliyə görə qoyulan diaqnozların sayında artım olub. 0-13 yaşlı uşaqlar arasında da rəqəmlərdə artım müşahidə edilib. Belə ki, 2007-ci ildə bu yaş qrupu üzrə ilk dəfə qoyulan diaqnozların sayı 70 idisə, 2019-cu ildə 129 olub. 14-17 yaşlılar üzrə rəqəmlərdə azalmalar olsa da, 18-29 yaşlılar arasında rəqəmlərdə artım qeydə alınıb. Belə ki, 2007-ci ildə bu rəqəm 197, 2019-cu ildə 237 olub. 30-34 yaşlılar arasında da rəqəmlərdə artım müşahidə edilib. Belə ki, 2007-ci ildə bu rəqəm 181, 2019-cu ildə isə 296 olub. Digər yaş qruplarında da rəqəmlərdə gözəçarpan artım qeydə alınıb.
Yalnız 60 və daha yuxarı yaş qrupları arasında ilk dəfə qoyulan diaqnozların sayında elə də nəzərəçarpacaq artım olmayıb. Belə ki, 2007-ci ildə bu rəqəm 423, 2019-cu ildə isə 474 idi.
34 yaşadək olan xərçəng xəstələri arasında kişilər üstünlük təşkil etsə də, 35-59 yaşlılar arasında qadınların ölüm halları üstünlük təşkil edib. 60 yaş və daha yuxarı yaş qrupu arasında ilk dəfə onkoloji diaqnoz qoyulan xəstələr arasında kişilər üstünlük təşkil edib.
Tarix: 4-12-2021, 16:13
Xəbəri paylaş





Xəbər lenti