Koronavirusla “yarışan” virus: bu xəstəlikdən özünüzü qoruyun
Və ya hansı daha təhlükəlidir: COVID-19, yoxsa aqressiv qrip virusu? Havaların soyuması, qış fəslinin yaxınlaşması özü ilə bərabər mövsümi qripləri də gətirir. İndi isə vəziyyət əvvəlki illərlə müqayisədə bir qədər fərqlidir. COVID-19 virusuna qədər qrip yüngül və ev şəraitində müalicə ilə candan çıxarılacaq xəstəlik kimi qəbul edilir və əksər insanları qorxutmurdu. Təbii ki, o vaxt da həkimlər qrip virusunun ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirdilər, lakin orqanizmimizə tanış olduğundan, əksər hallarda ev şəraitində təbii vasitələrlə müdaxilə və bir qədər istirahət xəstəliyə qalib gəlməyə kifayət edirdi. İndi isə vəziyyət bir qədər fərqlidir. Bir tərəfdən COVID-19-a yoluxma ehtimalının psixoloji gərginliyi, digər tərəfdən də əlamətlərin oxşarlığı insanlarda qorxu yaradır. Temperaturunun yüksəldiyini hiss edən, əzələ ağrılarından, halsızlıqdan əziyyət çəkən insanların ağıllarına gələn ilk versiya COVID-19-a yoluxduqlarını düşünmək və test vermək olur. Nəticə isə nə yaxşı ki, bir çox hallarda neqativdir. Bəs özümüzü mövsümi qripə yoluxmaqdan necə qoruyaq? Qrip virusuna yoluxduğumuzda həkimə müraciət etməyə ehtiyac varmı? AYNA-nın bu və digər suallarını həkim terapevt Sübhan Hacıyev cavablandırıb:
- Mövsümi dəyişiklə bağlı insanlar tərəfindən bu cür şikayətlərlə çox tez-tez rastlaşırıq. Nəzərə alsaq ki, payız mövsümü bitir, qış mövsümü başlayır, bu zaman COVID-19-dan daha çox qripin digər ştamlarına yoluxma hallarına rast gəlirik. Bütün tənəffüs yolu virus infeksiyalarının simptomları bir-birinə çox oxşayır. Buna görə də xəstəni birbaşa müayinə etmədən diaqnoz qoymaq bəzən həkimlərin özlərinə də çətinlik yaradır: “xəstə qripdir, yoxsa koronavirusa yoluxub?” – deyə. - COVID-19 və qrip virusu arasındakı əsas fərqlər nələrdir? - Tənəffüs yolu xəstəlikləri hər zaman yuxarı tənəffüs yollarından başlayır. Boğazda qıcıqlanma, burunda axma, bəzən burunun selikli qişasında göynəmələrin olması və s. Dadbilmə və iybilmənin itməsi daha çox COVID-19 virusunda olur. Qrip virusunda dadbilmə və iybilmənin itməsi olsa da, COVID-19 virusuna yoluxma halındakı kimi tez olmur. Amma burun axması COVID-19-da da ola bilir. COVID-19-da qızdırma da tez başlayır. Nəzərə almalıyıq ki, qrip virusuna biz uşaqlıqdan bəri yoluxuruq və orqanizmimiz daha rahat tanıyır deyə, ciddi bir qızdırmamız olmur. Amma unutmaq olmaz ki, immun sistemi zəif olan insanlar qripi də COVID-19 qədər ağır keçirə bilir. Hətta ağciyərlərin ağırlaşması halları da ola bilir. - Fərqləndirməkdə çətinlik çəkənlərə tövsiyəniz nədir? - Hazırda COVID-19 virusu aktual olduğuna görə qan analizləri ilə bərabər PCR testi də vermək və virusun hansı mənşəyə aid olmasını aydınlaşdırmaq lazımdır. Yəni əgər virusun simptomları varsa, qan analizlərində virus mənşəli əlamətlər varsa, amma PCR testi neqativ çıxırsa, pnevmaniya yoxdursa, deməli, həmin xəstə qripə yoluxub. - Özümüzü necə qoruyaq? - Tibbi maskalardan istifadə etmək, ictimai yerlərdə sosial məsafəni qorumağa çalışmaq lazımdır. Ən əsası da şəxsi gigiyena qaydalarını unutmamaq, gün ərzində tez-tez əlləri yumaq, üç dəfə duzlu su ilə ağız və burun boşluğunu yaxlamaq gərəklidir. Çünki biz hər zaman istər-istəməz hava-damcı yolu ilə infeksiyalarla rastlaşırıq və viruslar ilk olaraq ağız, burun boşluğumuzda qalır. Duzlu su çox gözəl bir antiseptikadır, virusları təmziləyə bilir. Daha bir məsləhət də tez-tez isti mayelərin qəbul edilməsi ilə bağlıdır. İsti maye qəbulu boğazımızdakı virusları mədəyə salır və mədədə olan florid turşu o virusu məhv edə bilir. - Kimlər risk faktoru daşıyır? - Qripə istənilən yaş qrupunda olan şəxs yoluxa bilir, lakin risk faktoru daha çox bir yaşa qədər uşaqlar, yeniyetməlik dövründə olanlar (həmin dönəmdə makro, mikro element çatışmazlığına səbəb olur), 65 yaşdan yuxarı insanlar, xroniki xəstəlikləri olanlar, ürək, böyrək xəstəliklərindən, şəkərli diabetdən əziyyət çəkən insanlardadır. - Hansı halda həkimə müraciət etməliyik? - İlk 72 saatda simptomlar dinmirsə, yəni temperatur yuxarı olub və ev şəraitində müdaxiləyə baxmayaraq enmirsə, halsızlıq, əzələ ağrıları, ümumi zökəm əlamətləri varsa, həkimə müraciət etmək lazımdır. Deməli, orqanizmimizin tanıdığı deyil, başqa virusa yoluxmuşuq. Yaxud da virus deyil, bakterial bir infeksiyadır və bunu da həkim müayinəsi zamanı aydınlaşdırıb lazımi müalicəni edəcək. - İmmun sistemini güclü saxlamaq üçün nə etməliyik? - Düzdür, insanlarımızın çoxu vaksinasiya olunub, amma ola bilsin ki, virus və yaxud bakteriya orqanizmi zəiflədir. Soyuqdəymə dediyimiz hallarda da nəinki COVID-19, hətta digər viruslara belə, yoluxmağımız çox rahatlıqla baş verə bilər və ağır keçirərik. Buna görə birinci növbədə, immun sistemini aktiv saxlamaq lazımdır. Bunun üçün gün ərzində yeddi saatlıq yuxu rejimi, üç-yeddi kilometr gəzinti, iki litrdən artıq maye qəbulu və mövsümi meyvələrdən istifadə etmək lazımdır.