Azərbaycanda zərərli palma yağlarının istifadəsi nəyə görə bu qədər artıb?
Siam-az.com baku.ws-ə istinadən verdiyi məlumata görə, 2023-cü ilin ilk 6 ayında ölkəyə 5 min ton palma yağı gətirildiyi halda, 2024-cü ilin ilk 6 ayında Azərbaycana 11,800 ton
palma yağı idxal edilib.
Bu məsələ ilə bağlı
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri və qida mütəxəssisi Məshəti Hüseynova BAKU.WS-ə açıqlama verib.
Mütəxəssis bildirib ki, hazırkı dövrdə qida çeşidlərinin çox olması hər zaman sağlam demək deyil:
"Bu, həm də qidanın ucuz xammaldan hazırlanmasına işarə edir. Qidanın rəf ömrünün uzun olması müəyyən qatqıların olduğunu göstərir. Belə olan halda palma yağının istifadəsi artır, çünki bu, qidanın ömrünü uzadır. Eyni zamanda, qidada palma yağından istifadə daha ucuz başa gəlir.
Bəzi ölkələrdə palma yağından istifadə olunsa da, bəzi ölkələrdə qadağan olunub. Ən əsası isə uşaq qidalarında bu yağdan istifadə edilmir. Hazırda bir çox paketlənmiş qidalarda, restoran yeməklərində, şirniyyatlarda palma yağlarından geniş istifadə olunur. Bəzən bu yağlar bitki yağı adı altında insanlara təqdim edilir.
Palma yağı iki üsulla hazırlanır: həm sənaye üsulu, həm də bitkinin meyvəsindən alınan yağla. Əgər təbii haldadırsa və tərkibində A, E vitaminləri, doymamış qida turşuları varsa, az miqdarda və nadir hallarda istifadə etmək olar. Ancaq mütəmadi istifadəsi immun sisteminin fəaliyyətini zəiflədir və bir çox xəstəliklərə səbəb olur."
Tarix: 19-07-2024, 16:27