Seymurun beşləri
Məhəmməd TalıblıAxşamdır. Evə yenicə gəlib sosial şəbəkələrə göz atıram. Xəbər lentlərində Seymur Həzinin ad gününə yazılan təbriklər sel kimi üstümə gəlir. Bircə cümlə ilə təbrik yazmaq da qəbulolunmazdır. Günün yekunlaşmağına cəmi 2 saat var. Ona görə bu 2 saatlıq zaman dilimində nə yazım ki, fərqli məkanlarda ruhi təması təmin edək? Seymura ürəyimdən keçən təbriki necə çatdırım?Düşüncə məni harasa aparır…Seymur Həzi bütün yazdıqları və etdiklərinə görə 5 il həbslə cəzalandırılıb. Seymura həsr etdiyim bu 5-ci yazıdır. Seymur da universiteti 5-lə oxumuşdu. İdeyalarından da 5 əllə tutmuşdu. Bu gün də 35 yaşını geridə qoyur. Bu mistika deyil. Hər bir təsadüf hesab etdiyimiz mistik məqam hansısa qanunauyğunluqlara element baxımından da olsa, bağlılığı olur. Rasional-praqmatizm məkanı ABŞ-da 13 mərtəbəli binalarda yaşayış və lift dayanacaqları istifadəsizdir. Həmin rəqəm sanki say sırasından təcrid olunur. Biz isə insanları azad dünyadan təcrid edirik. Rəqəmə yox, insana və insanlığa olan münasibətə görə Seymuru dörd divarın bu tərəfindən təbrik edirik.
İnsanı təcrid etmək olar. Qaynar bulaq olan düşüncənin təzahürü olan sözlərdən insanı necə təcrid edəcəksən? Əgər mənbə varsa, mənsəb də olmalıdır. Gəlirsənsə, getməlisən də. Seymur təkcə sözü və yazdıqları ilə güclü deyildi. Son 3 illik zaman boşluğu görsətdi ki, yazmadıqları və ya yazmaq imkanı olmadıqları ilə də boşluq yarada bildi. Seymurun yazdığı yazıların yeri açıq-aydın görünür. Seymur boşluq yarada bilən və həm də boşluğu dolduran bir fikir insanıdır. Seymurun yazıları təkcə intellektual məhsul deyildi. Siyasi proseslərin praktik iştirakçısı olmaqla çətinliyin hüdudları daxilində nəzəri və yaradıcı məhsul ortaya qoyurdu. Hər bir məhsuldarlıq Seymuru müxtəlif ampulalarda cəmiyyətə sanki yenidən təqdim edirdi. Bu mənada Seymuru daha çox orijenal insan kimi xarakteriza etmək doğru olar.
Düşüncə miqyası özünəməxsus idi. Müzakirələrdə özünəməxsus fəlsəfi düşüncələrindən məharətlə istifadə edirdi. Bu tip bir neçə fikrini bəyənmişdim. Fikirlərinə kimisə inandırmaq və ya kiminsə fikrinə inanmaq mövzusunda dəyərli bir fikri yaddaşımda qalıb: “İnanıb qul olunca, inandırıb Allah ol.” Nə qədər təvazökar insan kimi hamıya xoşgörülü olsa da, amma adiləşəcək qədər sadəlövh də deyildi. Bu mövzuda da yaddaşımda qalan başqa bir fikri də maraqlı idi: “Adamlarla sözünüzü yerə salmayacaqları qədər yaxın olun, sizi adiləşdirib saymayacaqları qədər yox.” Təbii onunla yaxın təmasda olanlar bilir ki, bu tipli hazırcavablılığı və düşüncələrindəki fəlfəsi yük aydınca hiss olunurdu.
Biz ondan bir dost kimi narahatıq. Şəraitindən, ererjili dövrünün özünüifadə imkanlarından məhrum olmasından, sağlamlığından və s. Amma o, bizim hamımızdan çox narahat idi.Məhkəmələrin birində cəmiyyətə bütöv bir orqanizm olaraq durumuna baxaraq ucadan dedi: “Hamıya rahat yata biləcəyi bir ölkədə yaşamağı arzulayıram!” Mən isə, sənə narahat günləri geridə qoyaraq cəmiyyətlə birgə rahat bir ölkədə yaşamağını arzu edirəm, əziz dost! Sənin arzuların və mübarizə hədəfin şəxsi olmadığı üçün, şəxsi arzu də diləmirəm. Uğrunda mübarizə apardığın və layiq olduğun cəmiyyətdə ad gününü keçirməyi arzu edirəm, əziz dostum SEYMUR!
Bakı, 01.03.2017, saat 23:39
Tarix: 2-03-2017, 08:49