Şahin Cəfərli : “Azərbaycanı tormozlayan geosiyasi reallıqlar var”

Şahin Cəfərli : “Azərbaycanı tormozlayan geosiyasi reallıqlar var” Şahin Cəfərli: “Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmə riskini gözə alaraq, Dağlıq Qarabağda başlaya biləcək irimiqyaslı müharibəyə müdaxiləsini gözləməyə dəyməz”


“Əvvəlcə hamının bildiyi həqiqəti bir daha təkrarlayaq: əgər bu savaşda Azərbaycan sadəcə Ermənistanla üz-üzə qalarsa, kənar müdaxilə olmazsa, qələbə üçün hər cür imkan var. Düzdür, bəzən reallıqla əlaqəsi olmayan, düşməni aşağılayan fikirlər də eşidirik ki, 3 günə, 1 həftəyə bütün əraziləri azad edə bilərik. Belə deyil. Qarşı tərəfin də müəyyən gücü var, üstəlik, Dağlıq Qarabağın mürəkkəb relyefini də nəzərə almaq lazımdır”.


Politoloq Şahin Cəfərli bu fikirləri “Yeni Müsavat”a Qarabağ ətrafında aparılan müzakirələrlə bağlı açıqlaması zamanı deyib. Ekspert hesab edir ki, düşmənin imkanlarını və situasiyanı real olaraq dəyərləndirməliyik: “Hərbi terminologiya ilə desək, ”blitz-kriq" çox çətindir, amma hər halda, istər Azərbaycanın əlində olan daha müasir silahlar və silah sistemləri, istərsə də bariz canlı qüvvə üstünlüyü və digər amillər onu söyləməyə əsas verir ki, Azərbaycan bu müharibəni özü təkbaşına udmağa qadirdir. Yəni bu baxımdan Türkiyənin, Pakistanın və ya başqa bir kənar qüvvənin müharibədə bizim tərəfimizdə iştirakına ehtiyac yoxdur. Sadəcə olaraq, işğalın bu qədər uzun sürməsini şərtləndirən acı gerçəklik ondan ibarətdir ki, Azərbaycanı tormozlayan geosiyasi reallıqlar var". Politoloqun sözlərinə görə, söhbət bölgəmizdə çox ciddi ağırlığa malik Rusiya amilindən gedir: “Bu, Azərbaycanın qarşısındakı başlıca çəkindirici faktordur. Rusiya-Ermənistan hərbi müttəfiqliyi, Rusiyanın bölgədəki maraqları barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur, bu barədə dəfələrlə deyilib, yazılıb. Maraq doğuran əsas məsələ bundan ibarətdir ki, Azərbaycan Rusiyanın bu neqativ təsirini necə neytrallaşdıra bilər və bunun yolu varmı? Ən yaxın müttəfiqimiz Türkiyə bizə necə yardımçı ola bilər? Sırf nəzəri baxımdan yanaşdıqda, qeyd etmək lazımdır ki, Azərbaycanın Hərbi Doktrinası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ölkə ərazisində daimi əsasda xarici dövlətin hərbi bazasının yaradılmasına icazə vermir”.


Türkiyə hərbi bazasının Azərbaycanda qurulması imkanlarından bəhs edən Ş.Cəfərli bir məqamı da xüsusi vurğuladı: “Azərbaycanın Hərbi Doktrinasında bildirilir ki, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır. Yəni zərurət yarandığı təqdirdə, tutaq ki, Türkiyə qoşunlarının Azərbaycana gəlməsi və ya ölkə ərazisində Türkiyə hərbi bazasının yaradılması mümkündür. Lakin praktik baxımdan yanaşdıqda, təəssüf ki, bu məsələdə nikbinliyə elə də əsas yoxdur. Türkiyə bizə öz istehsalı olan və bizim ehtiyac duyduğumuz silahları sata bilər, necə ki, satır. Bütün beynəlxalq təşkilatlar da aktiv siyasi dəstək verə bilər, necə ki, indiyə qədər bu dəstəyi verib. Amma Türkiyənin münaqişəyə birbaşa hərbi müdaxiləsini, Azərbaycana hərbi kontingent göndərməsini, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını mümkün saymıram. Belə bir düşüncə Rusiyanın çox sərt reaksiyasına səbəb ola bilər. Türkiyə bunu bilir. Biz də bilməliyik və xəyala qapılmamalıyıq.

Anlamalıyıq ki, Türkiyə heç vaxt Rusiya ilə hərbi qarşıdurmaya getməz. Bu, əvvəllər də məlum idi, lakin Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması hadisəsindən sonra cərəyan edən hadisələr bizə bir çox şeyi əyani şəkildə göstərdi. Əvvəla, məlum oldu ki, Türkiyənin siyasi, iqtisadi və hərbi imkanlarını şişirtmək lazım deyil. Aydın oldu ki, Türkiyənin Rusiyadan ciddi iqtisadi asılılığı var və o, Moskvanın bu sahədəki basqılarına tab gətirə biləcək durumda deyil. Mən təkcə enerji asılılığını, birgə həyata keçirilən ”Türk axını" və “Akkuyu” AES layihələrini, Rusiyanın Türkiyə aqrar sektorunun əsas istehlak bazarı olmasını nəzərdə tutmuram. Adicə turizm sahəsində Rusiyanın boykotunun Türkiyə turizminə nə qədər ciddi zərbə vurduğunu gördük. Türkiyə hökumətləri ölkəni Rusiyadan bu səviyyədə asılılığa salmaqla, ciddi strateji səhvə yol veriblər".

Digər tərəfdən, ekspert qeyd etdi ki, Moskvanın əlində başqa təzyiq-təsir alətləri də var ki, bu sırada ilk növbədə Türkiyənin terror problemini qeyd etmək lazımdır: “Türkiyə-Rusiya münasibətlərinin pisləşdiyi dövrdə türk ordusunun PKK-ya qarşı əməliyyatları zamanı diqqəti cəlb edən bir hadisə baş vermişdi: terrorçular Türkiyə hərbi helikopterini Rusiya istehsalı olan ”İqla" kompleksi vasitəsilə vurmuşdular. Bu olaydan sonra müəyyən müddət Türkiyə PKK-ya qarşı əməliyyatlarda hücum helikopterlərindən istifadə etməyi dayandırmağa məcbur oldu. Yəni Rusiya lazım bildiyi anda PKK və digər terror təşkilatlarına dəstək verməklə də Türkiyəni sıxışdırmaq imkanına malikdir. Hərbi-strateji planda isə Rusiya Ermənistandakı, Suriyadakı və Krımdakı hərbi bazaları ilə Türkiyəni faktiki yarımmühasirə şəraitində saxlayır. Belə bir durumda Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmə riskini gözə alaraq Dağlıq Qarabağda başlaya biləcək irimiqyaslı müharibəyə müdaxiləsini gözləməyə dəyməz".


Cavid TURAN
Tarix: 2-03-2017, 09:49
Xəbəri paylaş





Xəbər lenti