Problemin səbəbini Afrikada axtarmaq
Ölkə “münaqişəli zona”ya çevrilibsə, münaqişəli ailələrin sayı niyə artmasın?
Ölkənin bütün sahələrində tənəzzül yaşanır, hansı daşın altını qaldırsaq “qara məktub” tapacağıq. Amma “mütəxəssis”lər ölkədəki neqativ mənzərəni qətiyyən yarıtmaz isdarəçiliklə əlaqələndirmək istəmirlər. Statistik məlumatlara görə Azərbaycanda münaqişəli ailələrin sayı əvvəlki illərə nisbətən artıb. Daxili İşlər Nazirliyi tərəfindən təkcə 2016-cı il ərzində 4114 münaqişəli ailə qeydiyyata götürülüb.Ptən il təkcə Bakıda 711 münaqiəşli ailə qeydiyyata götürülüb.Bəs, münaqişəli ailələrin sayının artmasının əsas səbəbi nədir? Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib ki, ailə üzvlərinin bir-birini başa düşməməsi, kişinin başqa qadınla, qadının başqa kişi ilə münasibətdə olması, əmlak mübahisələri, uşaqların xarici ölkələrə icazəsiz aparılması kimi səbəblər ailə münaqişəsinə gətirib çıxarır.
Əlbəttə, sadalanan səbəblər ailədaxili münaqişlərə gətirib çıxara bilər. Amma hər il münaqişəli ailələrin sayının artması sırf bu səbəblərlə bağlı ola bilməz. Ölkədə uşağını xarici ölkələrə icazəsiz aparan nə qədər valideyn ola bilər? Kiminsə övladını Afrikaya icazəsiz aparması halları kütləvilik təşkil edirmi? Axı, yuxarıda sadalanan səbəblər həmişə olub və olacaq.
Deməli, münaqişəli ailələrin sayının artmasının əsas səbəbi ölkədəki sosial vəziyyətin son dövrlər daha da pisləşməsidir. İşsizlik, evsizlik, bahalıq, zəruri ehtiyacların ödənilməməsi ailədəaxili münasibətləri pisləşdirən əsas səbəbdir. Xüsusən böhranın dərinləşdiyi 2015-ci ildən sonra ölkədə boşanmaların sayı çoxalıb, ailə quranların sayı azalıb, intihar edənlərin sayı isə artıb. Hətta dispanserin baş həkimi etiraf etmişdi ki, devalvasiyadan sonra intihara cəhd edənlərin sayı kəskin artıb.
Ölkədə bu qədər ağır problemlər olduğu halda ailədaxili münaqişələrin sayının artmasını yüzüncü dərəcəli səbəblərlə əlaqələndirmək absurddur. Ölkə özü “münaqişəli zona”ya çevrilibsə, münaqişəli ailələrin sayı niyə artmasın?
Bəli, münaqişəli ailələrin sayının artmasının səbəbi valideynin övladını icazəsiz xaricə aparması deyil, valideynin övladını gəzəməy apara bilməməsi, təhsil verə bilməməsi, normal qidalandıra bilməməsidir.
Ona görə də problemin kökünü uzaq ellərdə yox, səfillər yurduna çevrilmiş ölkədə axtarmaq lazımdır.
İlham
Tarix: 2-03-2017, 15:12