rehimzYaxud Arif Rəhimzadə niyə bədbəxtdir?
Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin KM.RU rus xəbər portalına müsahibəsində “azərbaycanlılar türk deyil” açıqlaması son vaxtlar bəzi deputatların, məmurların öz həddini, səlahiyyətini aşması meylinin davamıdır.Bundan öncə deputatın birisi M.Ə.Rəsulzadəni “vətən xaini”, digəri isə Rusiyaya iş dalınca gedənləri cəmiyyətin “otxodları” adlandırmışdı… Bunların dedikləri bəlkə, o qədər də ciddiyə alınmadı ki, onların deputat nədir, fiziki mövcudluğundan belə çoxu xəbərsiz idi. İndi isə sıradan bir deputat yox, parlamentdə məsul vəzifə daşıyan birisi Azərbaycan xalqının heysiyyətilə oynayır?! Azərbaycan adından milli kimliyimiz barədə məsuliyyətsizcəsinə danışmağa cəsarət edir?!
Müsahibəsində “Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər…” – deyən Arif Rəhimzadə, dolayı yolla türklüyü Azərbaycanın bədbəxtliyi kimi qələmə verib. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru olan bu şəxs tarixə baş vuraraq “Rusiyadan azərbaycanlıların türk kimi görünməsindən” təəssüflə danışıb. Yəni, Azərbaycanın başına gələnlər, o sıradan Qarabağın erməniləşdirilməsi hələ çar dövründə Rusiyanın “türk təsirinə” cavabı olub…
Bununla cəmiyyətə hansı mesaj ötürülür, bilirsinizmi? Azərbaycan türk kimliyindən imtina etsin, Türkiyədən uzaqlaşsın, o zaman Rusiyanın qəzəbinə tuş gəlməz?! Sabah da deyəcəklər ki, xristian olun, ruslar da sizinlə qardaş olar?!
Tutaq ki, türk-müsəlman olduğumuz üçün ruslar da ermənilərə dəstək verir, onların adı altında torpaqlarımızı zaman-zaman zəbt edir. Bəs, Rusiyanın eyni soy-kökdən, eyni dindən-məzhəbdən olduğu Ukraynaya qarşı qəddarlığına nə ad qoyaq? Bəs, ukraynalıların bədbəxtliyi nədədir?
Sözün qısası: xalqın içindən baxanda da Arif Rəhimzadə kimilər bədbəxt, həm də Vətənə dönük çıxanlar kimi görünürlər. Onların milli mənsubiyyəti kimi, hər hansı əqidəyə mənsubluğu da mübahisə doğurur…
Dönüklük demişkən, qalmaqallı müsahibədən sonra cəmiyyətin basqısını görən sabiq kommunist Arif Rəhimzadə yerli mətbuatda fikirlərinin təhrif olunduğunu iddia edib. Üstəlik, dar ayaqda Heydər Əliyevi “ələ verib”: “Onlar ümummilli lider Heydər Əliyevin məşhur “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” fikirlərini xatırladıb. Ancaq eyni zamanda ulu öndər “mən fəxr edirəm ki, azərbaycanlıyam” deyib. Onu da yazaydılar da!”, – deyə üsyan qaldırıb. Demək istəyir ki, hakimiyyətin banisi də milli kimlik barədə birmənalı danışmayıb.
Amma YAP-çı deputat YAP-ın qurucusuna istinadda haqlı görünür… “Həm türkəm, həm də azərbaycanlıyam” kimi ikibaşlı deyimlərin nəticəsidir ki, Azərbaycan türklərinin milli kimlik məsələsi onun-bunun əlində siyasətə dönüb. Azərbaycanda dövlət dilinin “Türk dili” yox, “Azərbaycan dili” adlandırılmasının da, şəxsiyyət vəsiqəsində Azərbaycan türkünün “azərbaycanlı” kimi göstərilməsinin də fəsadları budur.Şövkət Məmməd
Tarix: 3-03-2017, 17:25