2 aprel mitinqi ilə I vitse-prezident təyinatında şok oxşarlıq: Paşayevlər necə şantaj olunur?

2 aprel mitinqi ilə I vitse-prezident təyinatında şok oxşarlıq: Paşayevlər necə şantaj olunur? Hakimiyyət daxilində qruplaşmaların yaşı az deyil. Onların veteran olanları da var, ömrünü baş vurmaqda olub estafeti tərəfdarlarına ötürənləri də, yeniçərilər ordusuna qoşulan modernləri də.
Sonuncuların referendum qələbəsi və vitse-prezidentlik təyinatında qalibiyyəti qruplaşmaların yatmış sinirlərini oyatdı, qığılcımlar yaratdı, köhnə davalar təzədən qızışdı.


AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, I vitse-prezident Mehriban Əliyevanın təyin olunması Azərbaycan siyasi müxaliflərin başında çatladı.
Paşayevlərin zəfərinə adekvat olmayan bir revanş götürüləcəyi gözlənilən idi. Və belə də oldu. Hakimiyyətin Ramiz Mehdiyev qruplaşması cavab atəşi ilə “təmas xətti”ndə vəziyyəti gərginləşdirdi.
Əvvəlcə müxalif gənclər saxlanılmağa başlandı, Rahim Şalıyevdən tutmuş Səbuhi Hacıyevə qədər, Qadir Ağakişiyevdən ta Nisəxanım Vəliyevaya qədər iş uzandı.
Hadisələrin inkişaf müstəvisi Feysbuk üzərindən idi. Hakimiyyət həbsləri sosial şəbəkələrə keçirib. Reallığı tam qapadan iqtidar virtual fəallığı da öldürür. Bu həbslərin siyasi təzyiqlər olduğunu söyləmək çox asandır.
Amma bu təzyiqlər hər nə qədər müxaliffikirli insanlara qarşı olsa da, iqtidardakı digər qruplaşmaya da bir təzyiq vasitəsidir. Paşayevlər rəsmən siyasi şantaj və hücumla üzləşib.


Eynilə 2011-ci ildə “ərəb baharı”ının dalğavari yayıldığı ərəfədə Bakının mərkəzində baş tutan mitinqləri xatırladır. Fəvvarələr meydanında müxalifət var-gəl edirdi, izdihamlı yürüşlər keçirirdi. O zaman 2 aprel məhbusları dönəmi başladı.
Arif Hacılı başda olmaqla onlarla müsavatçı və cəbhəçi həbsə göndərildi. Müxalifətin bu qeyri-rəsmi icazəli yürüşləri də siyasi hakimiyyətə Mehdiyev qruplaşmasının təzyiqi idi. Kəsəsi, prezident İlham Əliyevə təzyiq rıçağı kimi bu mitinqlərlə mesaj verildi.
Naxçıvan klanı ismarıc göndərirdi ki, iqtidarın lokomotivi biz olmasaq, buyurun, müxalifət narazı xalqla hakimiyyəti devirə bilər. İndi Paşayevlər klanından I vitse-prezident təyin olunması da buna bənzər hadisələrlə müşayiət olunur.
Bu dəfə mitinqlər olmasa da, həbslər var. Son olaraq da blogger Mehman Hüseynovun polisə böhtan ittihamı ilə həbs edilməsi iki qruplaşmanın çəkişməsinin nəticələri kimi qiymətləndirilir. Eyni zamanda İ.Əliyevə köhnə qvardiyanın növbəti təzyiq kampaniyasıdır.


AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, 2 aprel mitinqlərinin təkrarlanması son dərəcə real və gözləniləndir. Müxalifət həmişəki qaydada qeyri-ixtiyari və bəzi partiyalar şüurlu şəkildə bu prosesdə iştirak edəcəklər.
Üstəgəl, bu dəfə narazılıq daha yüksəkdir: islahatlar ləng gedir, işsizlik və rüşvət tüğyan edir, bahalaşma, kredit, böhran və s. sosial tələblər artıb, xalq indi daha çox narazıdır.
Müxalifətin aktivləşməsi və meydana çıxarılması üçün təbii zəmin yaradıla bilər. Sirr deyil ki, Mehdiyev klanının əlindəki resurslar çox genişdir - partiyalar, mətbuat, gənclər təşkilatları və s. ilaxır.


Paşayevlər hələ ki, iqtisadi gücə daha çox malikdir və indi-indi siyasi potensialını formalaşdırır. Bakı qruplaşmasının müxalifətlə, mətbuatla işbirliyi Naxçıvan klanı ilə müqayisə oluna bilməz. Köhnə qvardiya adından da bəlli olduğu kimi, təsir imkanlarına görə çoxşaxəlidir.
Təəssüf ki, bu siyasi çəkişmələrə qurban gedən ictimai fəallar olurlar. Onlar özləri də bilmədən iki klan arasındakı qovğanın alətinə çevrilirlər.
Belədə isə aprel-may aylarında ölkənin siyasi həyatının yenidən qızışması realdır. Hətta mitinqlərin virtualdan real həyata transformasiya olunması mümkündür. Hakimiyyətin iki qütbə bölünməsi ilk dəfə belə çılpaq şəkilə özünü büruzə verir.
2018-ci il prezident seçkiləri ərəfəsində saraydaxili mübarizənin alovlanması və daha sərt fazaya keçid etməsi də istisna edilmir. İ.Əliyevin məhz referendumdan sonra vitse-prezident təyin etməməsinin və bu işi yubatmasının səbəbi də qruplaşmaları balanslaşdırmaq siyasəti idi. İndi balans pozulub və İ.Əliyev siyasi şantajla üzbəüz qalmaqdadır.


Həbslərin davam etməsi və ən əsası blogger Mehmanın vitse-prezident təyinatından sonra tutulması işləri korlayıb; Qərbdən səslənən tənqidlərin dozası artır, siyasi reputasiyaya növbəti zədələr vurulur, FOX TV-nin əlinə “kozır” verilir.
AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, 2018-ci il seçkiləri hakimiyyət düşərgəsi üçün dönüş nöqtəsi olacaq. Bu seçki xalq və müxalifətdən daha çox, iqtidarın daxilindəki müxaliflərin mübarizəsi baxımdan əhəmiyyətlidir.

Ya Mehdiyev klanı iqtidardan tamamilə uzaqlaşdırılıb, zəiflədiləcək, ya da revanş götürüb Paşayevlərə qarşı güclənəcəklər. 2013-cü il prezident seçkilərində Naxçıvan klanı mühüm nəticə əldə etdi. Milli Şura və “Milyarderlər ittifaqı” layihələri iflas etdi.
Paşayevlər iqtidarda böyük güc ola bilmədi. Bakı klanının gizli təmsilçisi Rüstəm İbrahimbəyov projesi alınmadı. Üstəgəl, Məhərrəm Əliyev, Novruz Məmmədov, Vahid Əliyev kimi fiqurlar Prezident Administrasiyasına gətirildi və Naxçıvan qruplaşması gücləndi.
2018-ci il seçkilərində isə Paşayevlərin 5 il qabaqkı məğlubiyyətinin əvəzini çıxacağı ehtimalı böyükdür. Bunun üçün indidən mühüm məsələnə həllini tapıb.
Azərbaycanın birinci ledisi Mehriban Əliyeva I vitse-prezident təyin olunub. Bu, onun prezidentliyə gedən yolunda bir açardır.
Kifayət qədər daxildə və xaricdə böyük nüfuza malik olan M.Əliyevanın xalq tərəfindən dəstəklənəcəyi gözlənilir. Bu haqda növbəti təhlil yazımızda geniş analiz edəcəyik. Qarşıda bizi maraqlı bir il gözləyir...
AnaXeber.Az
Turan
Tarix: 6-03-2017, 08:27
Xəbəri paylaş





Xəbər lenti