'Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır'

'Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır' “Azərbaycanla Rusiya arasındakı münasibətlər dostluğa, qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Azərbaycan bizdən ötrü mühüm strateji tərəfdaşdır”.

Martın 6-da azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib.

O, E.Məmmədyarovla apardıqları müzakirələrin məzmunu haqda bilgi verib. Deyib ki, ikitərəfli əlaqələrin qrafikini müzakirə ediblər. Buraya ticari-iqtisadi, investisiya və qurumlararası əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər daxildir.



S.Lavrov Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrə toxunub, ötən il ölkələrarası ticarət dövriyyəsinin 2 milyard dollardan, artıq olduğunu bildirib.

Görüşdə əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ məsələsi olub.

S.Lavrov deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin müvafiq həll yollarının tapılmasına yardım göstərməyə davam edəcək.

Onun sözlərinə görə, Rusiya həm Bakı və Yerevanla ikitərəfli əlaqələr çərçivəsində, həm də Rusiya, Azərbaycan, Ermənistan üçtərəfli görüşləri formatında dəstəyini davam etdirmək niyyətindədir.

“Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində razılaşdırılan prinsipial yanaşmalar üzrə mümkün olan bütün addımları atır”, o, əlavə edib.

S.Lavrov Xəzər dənizinin statusunun da müzakirə olunduğunu, bu məsələdə razılığa gəlinəcəyinə ümidvar olduğunu ifadə edib.



Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov brifinqdə diqqəti daha çox Dağlıq Qarabağ məsələsi ilə bağlı aparılan müzakirələrə yönəldib.

Nazir deyib ki, Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə olunması vacibdir.

“Əsaslı danışıqlar qoşunların təmas xəttindəki gərginlik nəticəsində həlak olan hərbçilərin həyatını xilas edə bilər. Ermənistan qoşunları mütləq şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”, E.Məmmədyarov vurğulayıb.

Nazir qarşı tərəfin davranışlarını qınayaraq qeyd edib ki, Ermənistanın ritorikası sülhə doğru addımlara uyğun gəlmir.



XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. Rusiya, ABŞ və Fransa həmsədr ölkələrdir.

Azərbaycan xarici işlər nazirləri Elmar Məmmədyarov martın 6-da Moskvaya gedib.

E.Məmmədyarovun Rusiya hökuməti sədrinin müavini Dmitry Rogozin-lə də görüşü nəzərdə tutulur.



Eyni zamanda, E.Məmmədyarovun Rusiya Federasiyası Şurasının sədr müavini Ilyas Umakhanov-la da görüşü planlaşdırılır.

Matın 7-də Rusiya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasına həsr olunan sərgi nümayiş etdiriləcək.

Verilən xəbərlərə görə, E.Məmmədyarov Rusiya Xarici İşlər Nazirliyinin Akademiyasında Azərbaycan xarici siyasəti ilə bağlı məruzə söyləyəcək.

E. Məmmədyarovun Rusiya səfəri martın 7-si başa çatmalıdır.
Tarix: 6-03-2017, 18:02
Xəbəri paylaş





Xəbər lenti