Martın 17-də Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatı təsdiq edildikdən sonra baş nazir Artur Rasizadənin istefaya göndəriləcəyi, onun yerinə isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təyin ediləcəyi gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.Mənbənin məlumatına görə, artıq Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib: İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir. 56 yaşlı K,Heydərov isə bu standarta tamamilə uyğundur.
Birincisi, K.Heydərov prezidentə yaxınlığı və sədaqəti ilə tanınır. Bir sıra ciddi layihələrin reallaşmasında problemlər məhz fövqəlnazirin məsuliyyəti üzərinə götürməsi ilə yoluna qoyulub. Məsələn, 2015-ci ilin əvvəlində siyasi hakimiyyətin xüsusi önəm verdiyi 1-ci Avropa Oyunlarına hazırlıq işləri lazımı səviyyədə olmayıb. Prezident İlham Əliyev 2015-ci ilin əvvəlində Olmpiya stadionunun tikintisi ilə tanış olanda işlərin sürətindən narazı qalıb. Bundan sonra prezident fövqəladə hallar naziri Kəmaləddin Heydərova tikintini sürətləndirmək üçün tapşırıqlar verib. Olimpiya Stadionunun tikintisinin de-yure K.Heydərova heç bir bağlılığı olmayıb. Sadəcə, prezident etibarlı və yüksək işgüzarlıq əmsalı olan K.Heydərova qeyri-rəsmi mandat verərək prosesə rəhbərliyi onun üzərinə qoyub.
K.Heydərov da bu işin öhdəsindən məharətlə gəldi – FHN və nəzarətində olan “Gilan-holdinq”ə məxsus ağır texnika və başqa resursları tikintiyə yönəltdi, tikinti vaxtında və keyfiyyətlə başa çatdı. Hətta o vaxta paytaxtın başqa yerlərində də Avropa Oyunları ilə bağlı tikinti işlərinə də K.Heydərov texniki dəstək verirdi. Bir sözlə, o dövrdə K.Heydərov Avropa Oyunlarına hazırlıq işlərində əsas fiqur, prezidentin isə əsas güvəndiyi menecer kimi çıxış edirdi.
İkincisi, siyasi proseslərdə də K.Heydərov daim siyasi hakimiyyətə siper rolunu oynayıb. Məsələn, 2005-ci ildə narıncı inqilabın yatırılması və asi məmurların həbsə atılmasında K,Heydərov həlledici fiqurlardan biri olub.
Üçüncüsü, K,Heydərov prezidenti tapşırıqlarını dərhal və qeyd-şərtsiz yerinə yetirən azsaylı məmurlardan biridir. Məsələn, prezidenti tikinti sektorunda vəziyyəti normallaşdırmaq tapşırığına K.Heydərov anında reaksiya verdi və məsələ qısa zamanda həllini tapdı.
Dördüncüsü, K.Heydərov siyasi elitanın nüfuzlu simalarındandır. Bu da yeni baş nazir üçün tələb edilən əsas keyfiyyətlərdən biridir. Nazirlər Kabinetini işlək struktura çevrirmək və nazirlərin fəaliyyətini kordinasiya etmək üçün kabinetə nüfuzlu, lazım gələndə sanksiyalar tətbiq etməyi bacaran şəxsə ehtiyac var. K.Heydərov bu kriteriyaya da uyğun gəlir.
Mənbənin sözlərinə görə, məhz bu amillər K.Heydərovu indiki situasiyada baş nazir postuna gətirilməsini şərtləndirir.
Mənbə onu da bildirir ki, baş nazir postuna başqa namizədlərin adları da hallanır, ancaq onların şansları yüksək qiymətləndirilmir.
İstiqlal.az
Tarix: 7-03-2017, 07:44