CİA bizi doğrudan da izləyirmiş…

CİA bizi doğrudan da izləyirmiş… Bəşəriyyətin qorxulu röyası çin olur, vətəndaşlar. Culian Assnacın dünyada ünlü Wikileaks saytı yazıb ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, yəni SİA bizi televizor vasitəsilə güdə bilir.

Təkcə televizor deyil, yaramaz CİA bu məqsədlə mobil telefonlardan, planşetlərdən və sair müasir texnoloji avadanlıqlardan da istifadə edirmiş.


Qatı konspiroloqların ən yayğın iddialarından biri də, bax, beləcə doğruldu.

Hələlik MKİ bu iddiaları nə təsdiq, nə də təkzib etməyib. Nə desin MKİ? Desin ki, bəli, heç birinizi izləmirəm? Ya da “bəli, hamınızı izləyirəm” desin? (Hərçənd “müəyyən adamları izləyirik” deyə bilər).
Əslində MKİ-nin hamını izləməsi məsələsi bir az şişirtmə görünür. Məsələn, MKİ adi adamları niyə izləsin, Cem Yılmaz demişkən, nəyinə lazımdır? Tutaq ki, adam santexnikdir, gün axşamacan paslı borularla əlləşib gəlib evinə, oturub televizorunun qabağında, “Barselona”nın oyununa baxır. Yorğun adamdır, televizora baxa-baxa yuxu tutur, yatır, MKİ onun xorultulu yatışını izləyib neyləyəcək?
Eyni sözlər başqa peşələrdə çalışan milyonlarla başqa, sıravi adamlara da aiddir.

Yəqin ki, MKİ Putini, Bəşər Əsədi, Həsən Ruhanini, Ərdoğanı, Merkeli izləmək istəyər. Birincini ona görə izləmək istəyər ki, görsün, qospodin Ukraynadan, Suriyadan başqa daha haralara müdaxilə etmək fikrindədir. MKİ Əsədi ona görə izləyər ki, adamın gücü nə qədər qalıb, onu devirmək olarmı, olmazmı. Ruhanini sırf urana görə izləmək istərlər, xüsusilə də bu mərətin zənginləşdirilmiş variantının nə qədər olduğunu öyrənmək üçün. Ərdoğanla, Merkellə bağlı məsələ də aydındır. Düzdür, onlar MKİ-nin müttəfiqidirlər, amma dünya siyasəti elədir ki, dünən ittifaqda olanların bu gün ixtilafda olması tez-tez baş verir.

Amma MKİ-nin Svazilendin ömürlük prezidenti III Msvatinin 47-ci dəfə evlənib, təzə arvad alması prosedurunu izləmək nəyinə lazımdır? Adamın ildə bir və ya iki dəfə özünə toy çaldırmasının ABŞ-ın ümdə maraqlarına elə bir ziddiyyəti olmaz, yəqin ki. Eləcə də Bruney sultanı və şahzadələrinin, Səudiyyə kralı və züryətlərinin gərdəkarxası fəaliyyəti, prinsipcə, SİA kimi yekə təşkilatın maraq dairəsində olmamalıdır.

Bu baxımdan zərdablı Əliş kişi,qazaxlı Osman dayı, şirvanlı Kərim əmi arxayın ola bilərlər, MKİ-nin onlarla işi yoxdur.

Daima izləndiyini hiss edən ictimai-siyasi fəallara gəlincə, onları izləyən CİA-mia deyil, hər ölkənin öz SİA-sı, siyahısı, siyasəti, izləyici təşkilatı var, onlar da çalışırlar ki, hökumətin etimadını doğrultsunlar, dövlətçiliyin keşiyində dayansınlar.

Zatən, hazırda fəalları izləmək üçün kiber-silahlara, Windows, Android, iOS, OSX və Linux kompüterlərinə ehtiyac yoxdur, Facebook-a girə bilən istənilən cihaz bu işə yarayır.

Bizim fəal sağolmuşlar da nə düşüncələri, planları var, hansı hadisəyə, prosesə mövqeləri necədir, hamısını öz səhiflərində yazırlar.

Şəxsən mən heç kəsi xüsusi olaraq izləmirəm, amma sosial şəbəkələrdə qarşıma uzaq, yaxın dövlətlərə işləyən, yaxud işləmək istəyən N qədər adam çıxır. Heç bir xüsusi casus proqramına-filana ehtiyac yoxdur. Fəalların dostluğunda olmaq kifayət edir.

Görünür, adamları izləməyə səlahiyyəti olan orqanların işçiləri də elə bu cür edirlər, bir gözəl zənən şəkli tapır, profilə qoyur, “Ayka”, “Gülka” kimi nik adları seçir, bir gecədə 500 fəala, 300 jurnalistə dostluq göndərir, ertəsi gecə baxır ki, artıq 800 dostu var, 2300 də dostluq təklifi. Al, sana casus proqramı, izlə özünçün.

İndiyə qədər neçə facebook fəalını küçədə maşına basıb içərilərə aparıblar, bilirsiniz. Hamısı sosial şəbəkədəki izləmələr üzündəndir. Beyin qızır, ürəklərini boşaldırlar, milli SİA da deyir, gedin onu gətirin, xəbərdarlıq edək.

Əvvəllər bu işləri görmək, yəni şübhəli insanları izləmək üçün hər kollektivdə, küçədə, məhəllədə çoxlu çuğullar saxlamaq lazım idi. İndi ehtiyac yoxdur, hamının telefonu var və hamı (təbii ki, izlənməli olanlar) sosial şəbəkə üzvüdür. Bu üzdən casusluq işi çox asanlaşıb, romantikası ölüb gedib tamam.

Bax, budur, bu xüsusda düşüncəmi yazdım. İndi məni niyə izləsinlər? Burda yazdığımdan artıq danışasıyam?

Samir SARI
Tarix: 9-03-2017, 09:43
Xəbəri paylaş





Xəbər lenti