Uzaqgörən siyasətin borc mirası
Hər vətəndaşın çiyninə 737 dollar yığılıbsa…Hər dəfə statistik məlumatlar açıqlananda “uzaqgörən” siyasətin hansı məsafəni görə bildiyi aydınlaşır. Məlum olur ki, “sürətli inkişaf” komandası ölkəni çox uzağa aparıb. Məsələn, 1994-cü ildə adambaşına düşən xarici borcumuz 9 dollar təşkil edirdisə, 2017- ci ildə bu məbləğ 737 dollar təşkil edib. 23 ildən sonra xarici borcumuz 80 dəfədən çox artıb. Olduqca ziddiyyətli mənzərə yaranıb. Ölkəyə pul daxil olamayan dövrdəki vəziyyətimiz, ölkəyə 123 milyard dollar vəsaitin daxil olduğu dövrlə müqayisədə çox ürəkaçandır. Hökumətin analoqsuz fəaliyyəti nəticəsində hər bir vətəndaşın çiyninə xarici borc yükü yığılıb. Hansıki, ölkəyə gələn neft pulunun 25 faizi gələcək nəsillərin sığortası olmalıydı. Hökumət isə yerdəyişmə eləyib və gələcək nəsillərə sığortalı həyat əvəzinə borc mirası qoyub.Həm dövlətin sərvəti talan edilib, həm də boşluqlar xarici borcun hesabına doldurulub. Bu qədər zəngin ölkənin külli miqdarda borclanması korrupsiyanın göstəricisidir. Əgər ölkəyə gələn pullar təyinatı üzrə xərclənsəydi, bu qədər borc yığmağa ehtiyac qalmazdı. Amma hökumət “biz alaq, gələcək nəsillər ödəsin” prinsipiylə fəaliyyət göstərib və bu ənənə davam edir. Bugün də xarici donorlardan pul qoparmaq üçün min bir vasitəyə əl atılır. Azərbyacanla bağlı beynəlxalq araşdırmalarınnəticəsi də göstərir ki, son 17 ildə ölkədən 95 milyard vəsait çıxarılaraq, offşor zonalara yerləşdirilib. Ümumilikdə ölkənin xarici borcu isə 25 milyard dollara yaxındır.
Görünən budur ki, hökumət məqsədli şəkildə ölkəni borc bataqlığına salıb və heç kimin qarşısında izahat verməyəcəyinə əmin olub. Əmin olublar ki, xalq bu talançılığın hesabını sormayacaq, yalançı inkişaf təbliğatına boyun əyəcək. Hər vətəndaşın boynuna təxminən 1300 manat borc yükü yığılıb və bunun adını “dünya bizə paxıllıq edir”, “bizim öz yolumuz var”, “dünya Azərbaycan modelini öyrənir” qoyublar.
Əlbəttə, dünya Azərbaycan modelini öyrənir. Öyrənir ki, belə bir modeli heç vaxt tətbiq etməsin. Çünki, belə modeli tətbiq edən hökuməti heç bir xalq bağışlamaz. 24 ildən sonra ölkə əhalisinin 2.5 milyon nəfəri kredit borcu ödəyir, yüzminlərlə vətəndaşın adı “nisyə dəftəri”nə düşüb, şəxsiyyət vəsiqəsini, maaş kartını, pensiya kartını girov qoyub pul götürənlərin sayı sürətlə artır və bütün bunlardan sonra hər vətəndaşa 1300 manatlıq xarici borc miras qoyulur.
Göründüyü kimi hakimiyyətin daxili və xarici siyasəti, daxildən və xaricdən borclanmayla nəticələnib.
Akif
Tarix: 9-03-2017, 20:12