Nəsimi Məmmədli QHT Şurasının ayırdığı qrantdan imtina etdi

Nəsimi Məmmədli QHT Şurasının ayırdığı qrantdan imtina etdi Yayımların Monitorinq Mərkəzi İctimai Bilriyinin rəhbəri Nəsimi Məmmədli dövlət büdcəsindən - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından təşkilatına ayrılan qrantdan imtina edib.

Siam.az Arqument.Az-a istinadən xəbər verir ki, bu barədə Nəsimi Məmmədli feysbukda bəyanat yayıb.

Bəyanatda deyilir:


"Azərbaycanın MHŞT-dən çıxarılmaması məqsədilə Koalisiya üzvlərinin MHŞT İdarə Heyətinə göndərdiyi məlum müraciətlə bağlı bir daha fikirlərimi bölüşməyi zəruri hesab edirəm. Bu qeydlərlə iki vacib bildiyim məqama toxunacağam.

Öncə hər kəsə bir daha bəyan edirəm ki, mən xeyli müddətdir siyasi fəaliyyətlə məşğul deyiləm və hakimiyyətə gəlmək üçün də mübarizə aparmıram. Siyasətlə məşğul olan insanları isə alqışlayır, bunu doğru fəaliyyət hesab edir və onlara bu yolda uğurlar arzulayıram. Mən yalnız bir fərd olaraq ölkəmizin demokratikləşməsini, dövlətimizin təhlükəsizliyini, insanlarımızın hüquq təminatı altında yaşamasını arzulayan və bunun üçün çalışan sadə bir vətəndaşam.

Cəmiyyətə faydalı və ya zərərli yanaşmaları ayrıd etdiyim üçün müxtəlif proseslərə dəstək verməyim də şəxsi maraqlarla bağlı deyil. Cəmiyyətdə nəzərəçarpan təşəbbüslərə və proseslərə dəstək verməyə çalışıram. Bəzən atdığım addımlar doğru və ya yanlış qəbul edilir, müxtəlif qütblərdən tənqid, bəzən isə sərt təhdidlər alıram. Cəmiyyətin emosional durumu ilə bağlı aydın təsəvvürlərim və bilgilərim olduğu üçün belə halları qabartmamağa üstünlük verirəm. Amma, doğru bildiyim məsələlərdə mövqe ifadə etməkdə tam müstəqiləm və heç kimin qarşısında xüsusi öhdəliyim və ya asılılığım yoxdur. Müxalifət sıralarında olmasam da bəzən tənqidlərimə görə müxalifətçi kimi görünməyimi də söyləyənlər olur. Bir vətəndaş olaraq cəmiyyətdə rəğbət bəslədiyim qurumların və fərdlərin olduğunu da gizlətmirəm.

Ölkəmizlə bağlı hər hansı beynəlxalq təhlükələr hiss etdikdə, istisnasız olaraq dövlətimizin maraqlarını qorumağa hazıram. Təəssüf ki, hökumət dövlət maraqları ilə hakimiyyət maraqlarının sərhədlərini o qədər bir-birinə qarışdırıb ki, bəzən biz istəmədən hökumətin mövqeyini dəstəkləyənlər kimi də görünürük. Xüsusilə də bu, son MHŞT ilə bağlı müraciətə olan münasibətlərdən bunu çox aydın müşahidə edirəm.

Bu məsələdə bir daha qeyd edirəm ki, nə hökumətin mənim dəstəyimə ehtiyacı var, nə də mənim hökuməti dəstəkləmək kimi niyyətim. Sadəcə olaraq belə bir narahatedici fikir qabardılırdı ki, bu toplantıda Ermənistan üzvlüyə qəbul olunacaq, Azərbaycanın isə üzvlükdən çıxarılması məsələsi gündəmdədir. Doğrusu, rayonda olduğum üçün məsələnin təfərrüatlarına tam varmadan bildirdim ki, belə olan halda mən də müraciəti dəstəkləyirəm. Müraciətdə qətiyyən razı olmadığım məqamlar olsa da (bunu öncəki statusumda geniş qeyd etmişəm), onu dəstəkləməkdən imtina etmədim. İndi isə məlum olur ki, heç ölkəmizin bu platformadan çıxarılması ilə bağlı məsələ müzakirə olunmayacaqmış və narahatlığım üçün də ciddi əsaslar yox imiş. Bu məsələ ilə bağlı da daha əlavə fikir demək istəmirəm.

Münasibət bildirmək istədiyim ikinci məsələ isə QHT-lərə Dövlət Dəstəyi Şurasından ayrılan maliyyə ilə bağlıdır. Belə ki, rəhbərlik etdiyim təşkilat 2007-ci ildən rəsmi dövlət qeydiyyatına alınıb və fəaliyyət göstərir. Həmin ildən etibarən Şura yaranıb və milyonlarla manat vəsait qrant şəklində QHT-lərə ayrılıb. Həmişə bu qənaətdə olmuşam ki, bu pullar, dövlət büdcəsinin vəsaiti kimi səmərəli layihələrə xərclənərsə, bundan cəmiyyət uda bilər. Həmçinin QHT-lərin Şuraya donor kimi müraciət etməsini də normal qarşılamışam və hər il keçirilən müsabiqələrə müraciət etmişəm. Elə il olub ki, 2-3 dəfə müsabiqə olub və mən hamısına layihə göndərmişəm. Amma mənə yalnız 10 ildə cəmi 14 min manat qrant verilib. Onlardan biri "Məcburi köçkünlərə mülkiyyət hüquqlarının qorunması məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edənlərə hüquqi yardım göstərmək”, digəri isə "Cəmiyyətin və regionların aktual sosial-hüquqi problemləri – Regional TV debatda” mövzuları üzrə olub. Hər iki layihəni yüksək səviyyədə və peşəkarlıqla icra etmişik. Son illər hətta apellyasiyadan keçən layihələrimizin də maliyyələşməməsi halları olub. Bütün bunları geniş şəkildə sadalamaqda məqsədim odur ki, məsələ ilə bağlı heç bir qaranlıq nüans qalmasın.

Nəhayət, bu il 6 mart tarixdə açıqlanan qaliblər siyahısında mənim də təşkilatımın adı çıxdı. Maraqlı və aktual mövzu ilə bağlı layihəmizin maliyyələşməsinə vəsait ayrılıb. "Təqsirsizlik Prezumpsiyasına əməl olunmasının mövcud durumu və maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı KİV-in Monitorinqi” layihəsidir. Məlum müraciətin imzalanması ilə Şuranın qalibləri eyni zamanda açıqlaması, habelə sosial şəbəkələrdə olan çoxsaylı müzakirələri nəzərə alaraq, bu barədə konkret mövqe ifadə etmək istəyirəm.

Son illər Şura ətrafında formalaşan mənfi fikirlər cəmiyyətdə belə bir rəy yaradıb ki, hökumət bu qurum vasitəsilə QHT-ləri satın alır, onları hökuməti dəstəkləməyə vadar edir. Təəssüf ki, belə bir ictimai rəyin yaratdığı şəraitdə şəxsimin və təşkilatımın üzərinə hər hansı kölgə düşməsinə imkan verə bilmərəm. Odur ki, dövlət büdcəsindən təşkilatıma ayrılan vəsaitdən tam şəkildə imtina edir, layihəni öz şəxsi imkanlarımla icra edəcəyimi bəyan edirəm. Mənim azad iradəmə təsir edə biləcək heç bir halı qəbul etmirəm və bundan sonra da etməyəcəyəm".

Siam.az
Tarix: 9-03-2017, 20:50
Xəbəri paylaş





Xəbər lenti