Xəyallardakı Turan: Nə vaxt qurulacaq?

Xəyallardakı Turan: Nə vaxt qurulacaq? Zəlimxan Məmmədli: “Türk birliyi üçün hələ çox çalışmalıyıq”

SSRİ dağıldıqdan sonra türk ailəsinə daha 4 müstəqil dövlət qoşuldu. Hazırda türk dövlətlərinin sayı 6-dır. 25 ildir türk dövlətlərinin birliyi istiqamətində önəmli addımlar atılır. Lakin görülən işlər yetərli deyil, hələ ki ciddi nəticəyə nail olunmayıb. Türk birliyi ideyasının reallaşmaması bir çox amillərdən asılıdır. Bir sıra türk dövlətləri, özəlliklə Mərkəzi Asiya ölkələri, Rusiya, Çin və digər dünya güclərinin təsiri altındadır və türk birliyinin yaranmasına o qədər də maraq göstərmirlər.

Türk dövlətləri üçün birinci prinsip türk dünyasının birliyi məsələsi olmalıdır. Son olaraq türk birliyinin yaranması üçün hazırlanan qətnaməyə Qırğızıstanın qoşulmaması bu məsələyə mane olan faktorları bir daha gündəmə gətirdi. Ümumiyyətlə, türk birliyinin yaranması niyə mümkün olmur?


“Bakı vahid mərkəzə çevrilə bilər”
Xəyallardakı Turan: Nə vaxt qurulacaq?

“Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Zəlimxan Məmmədli deyib ki, türk birliyinin yaranması üçün ilk növbədə həmin dövlətlərin eyni ideoloji hədəfləri, oxşar idarəetmə modelləri olmalıdır: “Orta Asiya ölkələrində Rusiyanın təsir dairəsi güclüdür. Son zamanlar anti-türk planlarını məhz Türkiyənin özü ilə reallaşdırmağa cəhd göstərirlər. Azərbaycan isə fərqli coğrafiyada yerləşir və Türkiyə ilə çox yaxındır. Eyni zamanda Orta Asiya ölkələrilə nisbətdə müəyyən qədər yaxınlaşma var. Azərbaycan-Türkiyə münasibətləri daha üst qatda qurulub. Türk birliyinin yaranması üçün istəklər var, amma bu hələ ki, xəyallarda qurulub. Xəyallarda biz istəyirik ki, 300 milyonluq türk toplumu bir araya gəlsin və böyük turançılıq ideologiyası reallaşsın. Bakı da vahid mərkəzə çevrilə bilər və dünyanın idarə olunmasında müəyyən pay sahibi olar. Amma indiki zamanda xəyallarımızda olan türk birliyi, reallıqda özünü doğrulda bilmir. Güney Azərbaycanda 35 milyonluq Azərbaycan türkü fars rejiminin əsarəti altındadır, mənəvi-psixoloji depressiya yaşayır. 10 milyonluq Azərbaycan isə hələ ki, demokratik dünyaya gedib-getməməkdə tərəddüd edir. Bu baxımdan da türk dövlətlərinin bir araya gəlməsi və vahid güc olaraq ortaya çıxması qeyri-mümkündür. Burada dövlətlərin əsas qorxusu hakimiyyət itkiləridir. Bu gün Qırğızıstanda ciddi proseslər gedir. Ancaq son olaraq görüldü ki, siyasi orientasiyada ciddi şəkildə dəyişiklik imkanları yoxdur. Qırğızıstanın bu vəziyyətə düşməsində başqa siyasi ideologiyanın, düşüncənin, platformanın diktəsi var. Onlarda daha çox Rusiya-Şanxay birliyinə getmək düşüncəsi var”.

Turanın yolu Güney Azərbaycandan keçir

Zəlimxan Məmmədli bildirib ki, türk birliyinin reallaşması Güney Azərbaycanın istiqlala qovuşmasından asılıdır: “Hər zaman belə bir şüar səslənir ki, Türkiyə və Azərbaycan eyni platformanı bölüşməlidir. Bu gələcəkdə türk birliyinin reallaşmasına ciddi bir təkan verə və Azərbaycan özü türk birliyinin mərkəzi ola bilər. Türk birliyinin reallaşmasının əsas mənbəyi isə Güney Azərbaycandadır.

35 milyonluq Azərbaycan türkünün istiqlala qovuşması Yaxın Şərqdə, Mərkəzi Asiyada və Avropada türk faktorunun aparıcı bir qüvvəyə çevrilməsinə gətirib çıxara bilər. Bu da onu deməyə əsas verir ki, türk birliyi həm də Təbriz faktoru ilə bağlıdır. Sadaladığımız faktorlar turançılıq ideologiyasının reallaşmasına mane olan ən ciddi faktorlardan biridir. Bütün Avropa ölkələri Avropa Birliyində cəmləşdiyi üçün bütün dövlətlərdə eyni platforma, idarəçilik sisteminin şahidi oluruq. Türk birliyinə isə başqa-başqa idarəetmə fəlsəfələri, qrupların maraqları bu ideyanın reallaşmasına mane olur. Orta Asyada nə qədər ki, Rusiya və Çin basqısı var və Türkiyənin bu bölgəyə təsir imkanları yetəri qədər deyil, bir türk birliyi üçün hələ çox çalışmalıyıq”.

Vilayət Muxtar
Cebhe.info
Tarix: 9-03-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti