Nüfuzlu beynəlxalq təşkilatdan sanksiya – Azərbaycanın qurumda fəaliyyəti dayandırıldı TƏLƏBLƏR
Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) Beynəlxalq İdarə Heyətinin Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında iki gündür ki, Azərbaycanın məsələsi müzakirə olunurdu. Martın 9-da Bakı vaxtı ilə axşam saat 21.00 radələrində Azərbaycanla bağlı müzakirələrə yekun vurulub. Aldığımız məlumata görə, Azərbaycanın bu beynəlxalq koalisiyada fəaliyyəti (statusu) dayandırılıb.Koalisiyanın Beynəlxalq İdarə Heyəti belə nəticəyə gəlib ki, Azərbaycan hökuməti islahatlar həyata keçirmir.
MHŞT Beynəlxalq İdarə Heyətinin Astanada keçirilən 35-ci toplantısında Azərbaycanın üzərinə bir sıra islahedici tədbirlərin həyata keçirilməsi barədə öhdəlik qoyulmuşdu. İslahatların həyata keçirilməsi üçün də növbəti toplantıya qədər – 6 ay vaxt verilmişdi. Bildirilmişdi ki, əks təqdirdə Azərbaycanın koalisiyada fəaliyyətinin dayandırılması məsələsi müzakirəyə çıxarıla bilər. Amma ötən müddətdə heç bir irəliləyiş olmayıb, əksinə, vəziyyət daha da pisləşib.
Azərbaycan hökumətinə iradlar əsasən ölkədə vətəndaş cəmiyyətinin boğulması, QHT-lərə qarşı təzyiqlər, repressiyalarla bağlıdır. Bundan başqa, qurumun iki üzvü – Fuad Qəhrəmanlı və Asif Yusifli həbsdədir.
MHŞT Beynəlxalq İdarə Heyəti bu qərara gəlib ki, Azərbaycanın fəaliyyəti (statusu) iyulun 26-na qədər dayandırılsın. Əgər irəli sürülən islahat planı o zamana qədər icra edilsə, Azərbaycanın statusu bərpa olunar.
MHŞT-in əsas tələbləri bunlardır:Ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinə imkan yadılmalıdır. Maliyyə şəffaflığı təmin edilməlidir. Saxta ittihamlarla həbs olunanlar, o cümlədən ReAl sədri İlqar Məmmədov azadlığa buraxılmalıdır.
Onu da əlavə edək ki, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumlarından kredit ala bilməsi üçün bu qurumun rəyi çox əhəmiyyətlidir. Bu baxımdan, Azərbaycan hökuməti bugünkü qərarın qəbul olunmaması üçün müxtəlif vasitələrdən istifadə etmişdi.
Tarix: 10-03-2017, 08:39