Putinin adamları Azərbaycana görə Ermənistanı bir-birinə qatdı – XÜSUSİ MİSSİYA

Putinin adamları Azərbaycana görə Ermənistanı bir-birinə qatdı – XÜSUSİ MİSSİYA Rusiya prezidenti Vladimir Putinin mediadakı əsas adamı hesab olunan “Rossia seqodnya”nın baş redaktoru Dmitri Kiselyov, həmçinin, Kremlin əsas təbliğatçısı olan jurnalist Vladimir Solovyevin İrəvanda dediyi sözlər Ermənistanı qarışdırıb.

Publika.az xəbər verir ki, martın 7-də Putinə yaxın olan hər iki jurnalist İrəvanda mətbuat konfransı keçiriblər.


Erməni jurnalistlərin “Rusiya niyə Azərbaycana silah satır” sualına Kiselyov belə cavab verib: “Azərbaycan ABŞ-dan, İsraildən və Rusiyadan silah ala bilər. Rusiyanın Azərbaycana silah satmasında mətnaltı məna axtarmağa ehtiyac yoxdur. Azərbaycan və Rusiya bununla işgüzar münasibətlər saxlayır. Bu münasibətlərin yoxluğu daha pisdir. Əslində, Rusiyanın Azərbaycana silah satması Ermənistanın xeyrinədir. Əgər bizdə əlaqələr varsa, təsir etmək imkanımız var, yoxdursa, heç nə bacarmarıq”.

Ermənistan KİV-i Kiselyovun bu açıqlamalarını erməni əhalisinin başını qatmaq kimi dəyərləndirib.

Vladimir Solovyevin sözləri isə daha sərt olub. Rusiyalı jurnalist bildirib ki, Ermənistanın Moskvadakı səfiri Oleq Yesayan (martın 9-da onun yerinə Vardan Toqanyan təyin edildi-red) Azərbaycanın səfiri Polad Bülbüloğluna açıq-aşkar uduzur.

“Ermənistanın Rusiyadakı səfiri kimdir? Kimdir o? Siz onu tanıyırsınız? Azərbaycanın Rusiyadakı səfiri kimdir? Polad Bülbüloğlu isə görkəmli şəxsiyyətdir. Əlbəttə, Rusiya prezidenti ilə sizin prezidentinizin münasibətlərinin aydın və çox yaxşı sistemi var. Başqa cür Qarabağda vəziyyət həll edilməzdi”, - deyə jurnalist bildirib.

Oleq Yesayan isə rusiyalı jurnalistə cavabı ilə həm də ermənilərin zəifliyinə işarə vurub.

“Görəsən, Solovyev Bakıda bu cür çıxış etməyə və Azərbaycan diplomatlarını tənqid etməyə cürət edərdi?”, - deyə o, ünvansız sual verib.

Erməni politoloq Stepan Qriqoryan rusiyalı jurnalistlərin İrəvanda belə danışmasının günahkarının İrəvan hakimiyyəti olduğunu açıqlayıb.


“Erməni səfirlər həqiqətən də aktiv fəaliyyət göstərmirlər. Belarus və Ukraynadakı səfirlərimizlə bağlı son problemləri xatırlayın. Diplomatik fəaliyyətsizlik ona gətirib çıxardı ki, Belarus və Ukrayna ilə aramızda ciddi problemlər yarandı. Bunun məsuliyyətini birbaşa Serj Sarkisyan daşıyır”, - deyə o bildirib.

Erməni politoloq qeyd edib ki, Rusiya Azərbaycana görə Ermənistanın maraqlarını tapdalayır: “Bizim strateji müttəfiq hesab etdiyimiz ölkə ən müasir silahları Azərbaycana satır. Bir müddət öncə Roqozin bunu biznes adlandırdı. İndi də Putinin jurnalistləri bunu İrəvanda deyirlər. Bizim hakimiyyət isə sadəcə susur”.

“Armenianreport” saytı isə Ermənistanın Rusiyadakı səfiri Yesayanın içki düşkünü olduğunu yazıb.

“Yesayan vaxtilə Belarusda səfir idi və bizim Minsklə olan münasibətlərini məhv etdi. Bu gün Belarus Azərbaycanın ən yaxın dostlarından biridir. Daha sonra onu strateji ölkə olan Rusiyaya göndərdilər. Yeddi illik fəaliyyəti dövründə o, heç nə edə bilmədi, əksinə, Azərbaycan Rusiya ilə əlaqələrini kifayət qədər genişləndirdi və bu işdə Polad Bülbüloğlunun rolu da var. Yesayan isə bu müddət ərzində ancaq içdi. Onun içkiyə qurşandığı haqda məlumatlar var. Özü də yalnız ona görə səfirdir ki, Serj Sarkisyanın uşaqlıq dostu olub”, - deyə sayt yazıb.

Qeyd edək ki, rusiyalı jurnalistlərin İrəvanda mətbuat konfransı keçirməsindən sonra Ermənistanda ciddi narazılıq yaranıb. Hətta bəzi erməni media orqanları Putinin Kiselyovla Solovyevi xüsusi missiya üçün İrəvana göndərdiyini yazıblar. Ermənilər iddia edir ki, bu iki şəxs Rusiyanın Azərbaycana silah satmasına bəraət qazandırmaq üçün Ermənistana səfər edib.

Asif
Tarix: 10-03-2017, 21:39
Xəbəri paylaş





Xəbər lenti