Ağa nəzərəm, belə gəzərəm…

Ağa nəzərəm, belə gəzərəm… Mətləb Mütəllimli
İstiqlalçı millət vəkili,
Siyasi məhbus Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsinin üzvü

Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.


Görkəmli yazıçı, mərhum İsmayıl Şıxlının əsərində ibrətamiz bir epizod var. Qaçaq Kərəm yol gedərkən, düşmənlərindən birinin bulaq üstündə şirin yuxuya getdiyini görür.Yuxuda olan düşməninə əli qalxmayan Qaçaq Kərəm onun yastığının altına iki patron qoyub yoluna davam edir. Yuxudan oyanan düşmən patronları görəndə anlayır ki, düşmən də olsa, belə mərdliyi, kişiliyi ancaq Qaçaq Kərəm edə bilər.

Bu gün heyiflər olsun ki, hələ bizim qarşımıza belə düşmən çıxmır. Daha doğrusu, bizi özünə düşmən hesab edən indiki Azərbaycan iqtidarı onun yarıtmaz siyasəti ilə razılaşmayan insanları bütün vasitələrlə təqib etməyi, təhqir etməyi, şərləyərək həbs etməyi özünə peşə seçib. Bu hakimiyyət öz siyası rəqiblərini əvvəlcə izləyir, sonra “bandotdel”ə soxur, Taleh Bağırzadə kimi əzişdirir, daha sonra oyuncağa çevrilmiş istintaq və məhkəmələr vasitəsi ilə “cinayətkar”ın boyuna maddələr biçir, itələyir “bezpredel” olan cəzaçəkmə müəssisələrinə.

Bununla iş bitsəydi nə var idi ki? “Düşmənə” düşmən münasibət burda da davam edir. Yox, nəyin bahasına olur olsun, siyası məhbus “peşman” olmalıdır, zor-xoş əfv ərizəsi yazmalıdır, qəbul etmədiyi heykəlin və onun sahibinin qabağında ikiqat olub sınmalıdır. Bu qaydanı pozub deyilənləri etməyəcəksə, necə ki Əli İnsanov etmir, ona aman yoxdur. 11 ildən artıq ən ağır şəraitdə, sözün həqiqi mənasında əsirlik həyatı yaşamasına baxmayaraq 70 yaşlı akademik Əli İnsanov rejimə qarşı əsl sınmazlıq nümunəsi göstərir, əfv ərizəsi yazmır, bunun da nəticəsində azad olunmaq əvəzinə, yenidən ona əlavə “cinayət işi” düzüb-qoşulur.

Siyasi rəqiblərinə qarşı sifarişlə torba tikməkdə böyük təcrübə toplamış, heyif bu sözdən, “püxtələşmiş”, xirtdəyə qədər zibilin içində olan hüquq mühafizə orqanları məkrli niyyətlərini bu gün də davam etdirərək növbəti ağır cinayətə imza atmışlar. Prokurorluq orqanlarındakı qanunsuzlıqlara, ölkədə baş verən özbaçınalıqlara etiraz edən gənc müstəntiq Rüfət Səfərov Zərdab rayonunda tutduğu vəzifədən istefa vermişdi. Normal ölkədə ali hakimiyyət təmsilçiləri belə vicdanlı, təmiz işçini nəinki qaralayıb, uydurma ittihamlarla həbs edər, əksinə, onun vəzifəsini daha da böyüdər, ən yüksək vəzifəyə irəli çəkərdi.

Sən nə danışırsan, belə şeymi olar? Nə vicdan, nə təmizlik, nə yüksək vəzifə? Onda bəs millətin dərisinin soyulması hesabına toplanan milyardlar necə olsun? Xeyir, buna qətiyyən yol vermək olmaz! Bu, ölümə bərabərdir. Məhz buna görə də içərisində olduğu hakimiyyəti biabır etdiyinə, paxırlarını açdığına, cinayətini faş etdiyinə görə, eləcə də, başqalarına görk olsun deyə, bu “ağzından süd iyi gələn” mütləq həbs olunmalıdır. Ən başlıcası isə, 25 il YAP hakimiyyətinə sədaqətlə xidmət etsə də, sonradan onun tənqidçisinə çevrilən, hakimiyyətin ən yuxarı eşalonunda qərar tutam Ramiz Mehdiyevi sərt tənqid edən, mülklərinin siyahısını hazırlayan Eldar Sabiroğlunu susdurmaq üçün bundan da gözəl fürsət ələ düşərmi? Bəli, ağa dedi sür dərəyə, nökərin ağzı nədir sürməsin.

R.Səfərov tez bir zamanda “tərksilah” olunur, evinə basqın edilir, axtarış aparılır, telefonu, kompüteri əlindən alınır, saxta ittihamla həbs edilir. Mən bəri başdan bəyan edirəm ki, vaxt gələcək (o vaxt uzaqda deyil) ədalətlə işlədiyinə görə yox, sədaqətlə xidmət etdiyinə görə 17 il Baş prokuror kreslosu bağışlanmış Zakir Qaralova qarşı irəli sürüləcək vəzifə cinayətləri sırasında bu epizod da xüsusi yer tutacaq. Təkcə ona görə yox ki, R.Səfərovun evində məhkəmənin belə qərarı olmadan axtarış aparılıb, telefonu, konpüteri əlindən alınıb, son söz verilmədən günahsız yerə 9 il həbs cəzası kəsilib. Həm də ona görə ki, prokurorluğun, bütövlükdə isə indiki hakimiyyətin insanlığa sığmayan vəhşiliyi nəticəsində gənc ailə uzun müddət intizarla gözlədiyi ilk övladdan məhrum edilib, stressə tab gətirə bilməyən gənc ana övladını vaxtından əvvəl itirib.

Yox, sınmayan vətəndaşlarına qarşı dəyişməz prinsip hər gün, hər sat qüvvədədir – Rüfət bəy də sınana qədər, aman diləyənə qədər ona, ailəsinə qarşı amansız repressiya davam etməlidir. Kürdəxanı təcridxanasına saxlandığı kameraya 25 il cəza çəkən residivist salınır, hər cür psixoloji təsirlərə məruz qalır. 9 saylı cəzaçəkmə müəssisəsinə gətirildiyi qısa zaman kəsiyində isə ona qarşı özbaşınalıq pik həddə çatdırılır. Əvvəlcə karantində yanına eplepsiya xəstəsi saınır, gecə-gündüz onun qışqırtısından, haray-həşirindən əsəbləri tarıma çəkilir. Karantindən çıxan kimi heç bir əsas olmadan töhmət, bir neçə gün keçir, 7 gün kars, daha bir neçə gün keçir, yenə 3 gün kars və addımbaşı izlənmə. Qısa bir müddətdə tam əsassız töhmət, 2 dəfə kars, bəzən sutkalarla ac-susuz saxlanması, “əfv” olunacağı vəd edilən məhbusun dili ilə “sən düşmənsən, vətən xainisən, hakimiyyəti istəmirsən, gör sənin başına nələr gətirəcəm” deyilməsi, eləcə də heç bir qanuna sığmayan addım-addım izlənmə, sonu görünməyən ağır işgəncələr. Çox güman ki, bu ilkin hazırlıqlardan sonra, ya qapalı müəssisə, ya yeni bir cinayət işi, ya da fiziki məhv…

Bir sözlə, Rüfət bəyin timsalında əqidəsinə görə şərlənərək həbs edilən siyasi məhbusların saxta cinayət işləri bir daha sübut edir ki, bu hakimiyyətin gözünü qan necə örtübsə, nə qanun tanıyır, nə də Allahdan qorxur. Becə deyərlər, “Ağa nəzərəm, belə gəzərəm!”. Bu isə dövlətçilik, müstəqillik üçün sonsuz dərəcədə təhlükəli əlamətdir.

P.S. Bildiyim qədər, Rüfətin xəstə anası Tahirə xanım sonu görünməyən, oğlunun fiziki məhvinə yönəlmiş bu işgəncələrə etiraz olaraq ölüm aclığına başlamış, xəstə atası Eldar Sabiroğlu isə ölkə başçısı İlham Əliyevə müraciət hazırlayır. O, ölkə başçısından təvəqqe etmək istəyir ki, siyasi əqidəsinə görə həbs edilənlərin timsalında yeganə oğlu Rüfətə qarşı olmaqla, heç olmasa bircə dəfə mərhəmət və mərdlik nümayiş etdirsin – onu Azərbaycanda baş verən bütün cinayətlərin günahkarı elan etsin, Bakı şəhərinin ortasında, “Azadlıq” meydanında birdəfəlik dar ağacından assın. Bununla da həm onların qisasdan yanan ürəkləri soyusun, həm də bizim canımız rahat olsun.
Tarix: 11-03-2017, 13:41
Xəbəri paylaş





Xəbər lenti