İslahatlara əngəl hökumət: 6 müavinli Artur Rəsizadə və hər il təkrarlanan hesabat

İslahatlara əngəl hökumət: 6 müavinli Artur Rəsizadə və hər il təkrarlanan hesabat Vüsal Qarayev: “Nazirlər Kabinetinə yeni nəfəs, yeni komanda gətirilməlidir”

Xalqın hökumətdən islahat gözləntisi hələ ki, reallaşmır. Ekspertlər hesab edirlər ki, böhrandan çıxmaq üçün təcili şəkildə siyasi və struktur islahatları aparmaq, ilk növbədə də Nazirlər Kabinetindən başlamaq lazımdır. Çünki, yaşlı nazirlərin rəhbərlik etdiyi Nazirlər Kabineti islahatlara mane olan qurum təsiri bağışlayır. Qurumun fəaliyyətsizliyini illik hesabatlarında da görmək mümkündür. Nazirlər Kabineti demək olar ki, hər il eyni hesabatlarla çıxış edir.

Bu baxımdan da hər kəs Nazirlər Kabinetində islahatların aparılacağını və baş nazir postuna gənc, perspektivli, işlək bir şəxsin gətiriləcəyinə ümid edirdi. Ancaq hələ ki, bu istiqamətdə hansısa ciddi addımların atılacağı görünmür. Beynəlxalq təcrübələrə nəzər salsaq, görərik ki, digər ölkələrin hökumət başçıları hər zaman proseslərə nəzarət edir və digər qurumlardan daha aktiv fəaliyyət göstərir. Ancaq Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Ölkə iqtisadi böhran içərisində yaşayaır, ancaq Nazirlər Kabinetinin ciddi antiböhran paketi yoxdur. Quru rəqəmləri özündə əks etdirən Nazirlər Kabineti ancaq illik hesabat hazırlamaqla məşğul olur. Halbuki Nazirlər Kabineti islahatların lokomotivi rolunda çıxış etməli, siyasi və iqtisadi islahatlar təşəbbüsü ilə çıxış etməlidir. Qeyd edək ki, baş nazirin 6 müavini və kifayət qədər yüksək səlahiyyətləri var. Bəs Nazirlər Kabineti proseslərdən niyə kənarda qalır?

İslahatlara əngəl hökumət: 6 müavinli Artur Rəsizadə və hər il təkrarlanan hesabat

“Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev deyib: “Bir xəstəliyin tam sağalması üçün onun mənbəyi tapılmalıdır, məsələn, qanqrena olan barmaq dibindən kəsilməsə, onun müalicəsi mümkünsüzdür və xəstəlik bütün bədənə yayılacaq. Biz hər zaman demişik, nə zamana kimi ki, Nazirlər Kabineti tam komandayla, baş nazir də daxil olmaqla istefaya göndərilməyəcək, ordan hansısa islahat gözləmək sadəlöhvlükdür. Nazirlər Kabinetinə yeni nəfəs, yeni komanda gətirilməlidir. Digər bir tərəfdən, nəinki baş nazir, nazirlər kabineti, ümumiyyətlə, hakim komandanın tərkibində ciddi, əsaslı dəyişikliklər getməlidir. Uzun illərdir eyni postda oturan insanlar idarəçilikdən uzaqlaşdırılmalıdır. Bu gün monopolist olliqarxlar ya hakimiyyətdə təmsil olunan şəxslərdir, ya da onların “krişalıq” etdikləri. Bu faktı kimsə dana bilməz. Belə olan halda bu şəxslər dövlətin, xalqın mənafeyinə xidmət edəcək islahatların getməsində maraqlı ola bilərlərmi? Əlbəttə ki, yox. Əksinə var gücləri ilə bu islahatlara mane olmağa çalışacaqlar”.

V.Qarayev həmçinin bildirib ki, birinci vitse-prezident postuna təyinat olduqdan sonra, ümumiyyətlə, Nazirlər Kabineti daha da passivləşəcək: “Gözlənti budur ki, bütün işlər birinci vitse-prezidentin nəzarətinə keçəcək. Əgər belədirsə, ümumiyyətlə, baş nazir postu ləğv edilsin, səlahiyyətlər verilsin vitse-prezidentə, zatən bu gün Nazirlər Kabinetinin gözəgörünən fəaliyyətləri yoxdur”.

Vilayət Muxtar

Cebhe.info
Tarix: 11-03-2017, 21:43
Xəbəri paylaş





Xəbər lenti