İlham İsmayıl: “Dünyada bütövlükdə gərginlik var və biz də ondan kənarda deyilik; Rusiya və İran kimi qonşularımızın olduğu bir yerdə hər zaman təhlükə var”Dövlət Təhlükəsizlik Xidməti martın 10-da qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin ölkəyə gətirilməsi, saxlanması və daşınması barədə daxil olmuş məlumatlar əsasında əməliyyat keçirib.Məlumat əsasında zəruri olan əməliyyat nəticəsində iki şübhəli şəxs məhv edilib.DTX-nın mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, bu cinayət əməllərində şübhəli olan Hüseynov Azər Məmməd oğlu və İslamov Əli Sabir oğlunun saxlanılması üçün 2017-cı il martın 10-da xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib, qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib.
Azər Hüseynovun və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd “AKSU-74″ tipli avtomat, 2 ədəd ”Makarov” tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb.Qeyd edək ki, DTX ötən ilin oktyabrında da bu tipli əməliyyat keçirmiş və nəticədə iki terrorçu məhv edilmişdi. Təhlükəsizlik üzrə ekspertlər DTX-nin keçirdiyi əməliyyatları uğurlu hesab etməklə yanaşı, Azərbaycan üçün təhlükələrin olması barədə açıqlamalar verirlər. Bəziləri İŞİD-in bitmək üzrə olduğu bir vaxtda onun tərəfdarlarının dünyaya səpələnəcəyini, xüsusilə, Azərbaycan və qonşu dövlətlər üçün də təhlükəli hala gələcəklərini proqnozlaşdırır. Bu baxımdan hüquq-mühafizə orqanlarının ayıq-sayıq olmalarının vacibliyi vurğulanır.
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, beş ay öncə DTX-nin keçirdiyi əməliyyatla indiki əməliyyat arasında fərqlər mövcuddur:
“Əvvəlki əməliyyat radikal dindarlara qarşı olub və bu şəxslər silahlı olduqlarından keçirilən əməliyyat terrorçuların məhvi ilə nəticələnib. Düzdür, o vaxt biz bildirmişdik ki, onların sağ ələ keçirilməsi daha yaxşı olardı. Əsas kimi də əlavə dəstələr haqqında məlumatların toplana biləcəyini göstərmişdik. Amma indiki əməliyyat silah qaçaqmalçılığı ilə bağlı olub. Nəticədə cinayətkarlar məhv edilib. Radikal terrora meylli dindarlar, ardınca da, qaçaqmalçılıqla bağlı əməliyyatların təhlükəli məsələlərdən doğduğu göz önündədir. Təbii ki, radikallıq təkcə sözdə deyil. Radikallıq silahla da baş verir. Yadınızdadırsa, İŞİD-lə bağlı məsələlərdə demişdik ki, onlar geri çəkildikcə, müsəlman ölkələrində, o cümlədən Azərbaycanda gərginlik yaranacaq. Gərginliyin yaranmasına səbəb də odur ki, İŞİD-ə qoşulanlar hansı ölkələrin vətəndaşıdırlarsa, geri qayıdacaqlar. Geri qayıtma prosesində ola bilsin ki, Azərbaycan vətəndaşları da ölkəyə dönsünlər. Onlar da təbii ki, geri qayıdanda silahla qayıdacaqlar. Hətta silahsız qayıtsalar belə, yenidən silah əldə etməyə can atacaqlar. Görünür, belə bir proses gedir. Radikallığın ardınca da silah məsələsi”.Burada əsas nəyə diqqət yetirmək lazımdır? Ekspert deyir ki, ümumi təhlükəsizlik məsələləri ilə bağlı əməliyyat öz yerində, amma terrora meylli insanların, xüsusilə, silah qaçaqmalçılığı bağlı şəxslərdən birinin ələ keçirilməsi daha vacib sayılır: “Hər halda o şəxslər evlərinə gedirlər, yaxud qaldıqları yerlər var, silahı saxladıqları yerlər mövcuddur. Yaxud silah qaçaqmalçılığı ilə məşğuldursa, bu silahı hansısa bir yerdən keçirəcək. Prosesləri sona qədər izləmək olar. Əlverişli bir məqamda onların tutulması daha perspektivli məlumatların əldə edilməsinə səbəb olar, təşkilatın hara bağlı olduğunu üzə çıxarar. Nəticədə qiymətli informasiyalar əldə olunur. Türkiyədə ”Reina” terrorunu törədən və 39 adamı öldürən şəxsin diri tutulması ondan sonra 500 nəfərin həbsi ilə nəticələndi. Hələ neçəsi də gözlənilir. Onu yerindəcə öldürə bilərdilər, amma 500 nəfər yerində qalardı. Situasiyanı son detallarına qədər bilmirik. Bəlkə vəziyyət elə yaranıb ki, atışmağa məcbur olublar… Dünyada bütövlükdə gərginlik var ki, biz də ondan kənarda deyilik. Geopolitik mövqeyimiz elədir ki, bir neçə dövlətin hədəfindəyik. Rusiya və İran kimi çətin qonşularımızın olduğu bir yerdə istər-istəməz onlardan hər zaman təhlükə var. Çünki Azərbaycanın müstəqilliyini sinirə bilməyən iki dövlətdir. Nə qədər əməkdaşlıq edilsə də, daxillərində müstəqil siyasət yürütməyimizi qəbul edə bilmirlər. Hesab edirəm ki, bu qaçaqmalçılıq da bizə kosmosdan gəlmir, qonşu ölkələrdən gəlir. Burada da yaxşı niyyətin olmasından söhbət gedə bilməz. Düşünürəm ki, bunun son nöqtəsini tapmaq üçün cinayətkarların diri tutulması daha əlverişlidir. Amma məsələni təkcə diri tutmağa da fokslaşdırmaq lazım deyil. Əgər məlumat alınır ki, bu şəxslər qaçaqmalçılıqla məşğuldurlar və fəaliyyət göstərirlər, demək uğurlu informasiyalar var. Amma daha yaxşısına nail olmaq mümkündür”.
İ.İsmayıl bu tipli hadisələrdə sona qədər açıqlamaların olmamasına da aydınlıq gətirdi: “Bu məsələləri mətbuatdan gizlətmək lazım deyil, xüsusilə, öldürüləndən sonra. Əgər sağ tutsaydılar, demək olardı ki, gizli əməliyyat gedir, istintaq prosesidir, bəzi məlumatları əldə etmək üçün gizli saxlanılması lazımdır. Öləndən sonra bu şəxslərin adlarının açıqlanması, ətrafları, kimləri çox vacibdir. Bu bir növ cəmiyyətə maarifləndirmə təsiri bağışlaya bilər. Mesaj verilər ki, kim bu yoldadırsa, bunun sonu yoxdur. Bu işlərdə açığı qaranlıq məqamlar da kifayət qədərdir. Son detallarına qədər olmasa da, bəzi məlumatların doğru şəkildə cəmiyyətə çatdırılması vacibdir ki, cəmiyyətdə xof yaranmasın. Terrorçunun, yaxud qaçaqmalçının öldürülməsi cəmiyyəti arxayın salmır. Cəmiyyət fikirləşir ki, nələr baş verir. Məlumatsız olduğunuzdan siz də sual verirsiniz ki, nələrə görə bu cür hadisələr yaşanır. Deməli bəzi məsələləri aydınlaşdırmaq üçün təhlükəsizlik orqanları, yaxud səlahiyyətli şəxslər maarifləndirici açıqlamalar verməlidirlər.
Fransadan Türkiyəyə qədər tutmuş bütün ölkələrdə terror hadisələri baş verib. Amma ən yüksək səviyyədə, aidiyyəti qurumların rəhbərlərinin cəmiyyəti rahatlaşdıran açıqlamalarının şahidi olmuşuq”.
Tarix: 13-03-2017, 09:12