Avropa dövlətlərindəki demokratiya, elm, təhsil, texnologiya, iqtisadiyyat və başqa xüsusiyyətlər onu başqaları üçün cəlbedici edib.
Bu baxımdan bir sıra hallarda oradakı ölkələrin çoxundan ədalətli və təmkinli davranış, başqalarının haqqına, dövlətlərarası münasibətlərə hörmət gözlənilib.
Bir sıra hallarda öz vətəndaşları üçün yaradılan həmin səhmana qibtə edilib. Bu, doğrudan da belədir. Ancaq belə müsbət keyfiyyətlərin daşıyıcısı olanlarda başqasına münasibətdə ciddi çatışmazlıqlar da var.
Bununla belə, münasibətlərdə unudulan məqamlar da yox deyil. Avropanın bu dövlətləri öz vətəndaşlarına münasibətdə nə qədər liberaldırsa, xarici dövlətlərlə münasibətlərin qurulmasında və onlara yanaşmada, öz dövlət və milli maraqlarını qorumaqda, hədəflərini müdafiə etməkdə bir o qədər radikal millətçidirlər. Bəziləri burada qeyri-adi heç nəyin olmadığını zənn edə bilər. Ancaq təəssüfləndirici haldır ki, onlar başqalarının oxşar davranışını qəbul edə bilmirlər.Məsələn, Avropa İttifaqına üzv olan istənilən dövlət ərazi bütövlüyü və suverenliyini ən sərt, kəskin şəkildə müdafiə edib mübarizə aparar, hətta müharibədən belə çəkinməz. Elə ötən əsrdə iki dünya savaşının ocağının Avropa olduğu yəqin unudulmayıb. Bundan sonra başqa dövlətlərin ərazilərində müxtəlif münaqişə ocaqlarının yaradılması, ölkələrin ərazi bütövlüyünün parçalanması istiqamətində fəaliyyət göstərməyə başladılar.
Son 25 ildən artıq bir müddətdə Avropa İttifaqına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünə münasibəti göz önündədir. Onlar indiyədək Azərbaycanın Dağlıq Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, yaxud işğal altında saxlanıldığını dilə gətirməyiblər. Həmin dövlətlərin bu münaqişədə güddüyü hədəf atəşkəs rejiminin pozulmamasıdır.
Ötənlərdə münaqişənin həllinə vasitəçiliyi öz üzərinə götürən ATƏT-ə keçici üzv olmuş Niderland da üzv olduğu Avropa İttifaqı dövlətlərinin mövqeyindən uzağa gedə bilmədi. O da işğalçını bəyan etməkdən çəkindi, bir il bu təşkilata formal üzvlük və sədrlik etdi.Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın qondarma "erməni soyqırımı"nı inkar etdiyi üçün yenidən məhkəmə qarşısına çıxarılacaq.
İlhan AşkınQeyd edək ki, o, erməni terrorunu pislədiyinə görə erməni diasporunun iddiası əsasında məhkəməyə cəlb olunub.
İ.Aşkın 2014-cü ildə Almelo şəhərində qondarma “erməni soyqırımı” abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. Diaspor rəhbəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib.
O qeyd edib ki, ermənilər Qarabağ müharibəsində uşaq, qadın, qoca demədən minlərlə insanı ağlasığmaz işgəncələrlə qətlə yetiriblər. Erməni diasporu isə İ.Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi Niderland polisi araşdırma aparıb. Guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin uyğun maddəsinə əsasən şübhəli bilinir.Ancaq diaspora rəhbəri bildirib ki, o, Hollandiyada Azərbaycan həqiqətləri, Xocalı soyqırımı ilə bağlı fəaliyyətinə, xüsusilə də erməni saxtakarlığına qarşı apardığı mübarizəyə görə erməni diasporunun hədəfindədir. Diaspor rəhbəri məhkəmə prosesinin ədalətli aparılacağına da şübhə ilə yanaşır. Çünki onun yaşadığı və məhkəmənin qurulacağı Almelo şəhərinin daxil olduğu Overreysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır.
Qeyd edək ki, İ.Aşkının rəhbərliyi ilə Azərbaycan-Türk Kültür Dərnəyi 2007-ci ildə Xocalı şəhidləri üçün Hollandiyada abidə ucaldıb, Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil edib.
Bir neçə kəlmə də Niderland Krallığının son hərəkəti barədə.Ötən gün Hollandiya hakimiyyəti ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini krallığa buraxmayıb. O, Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumqabağı təbliğat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək istəyib.
Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın avtomobilinin saxlanıldığı yerdə toplaşan türk nümayişçiləri güc istifadə edərək dağıdıb. Türkiyənin Rotterdamdakı Baş Konsulluğu yaxınlığında keçirilən nümayişə dəyənəklə müdaxilə edib.
Atlı polislərin də istifadə edildiyi müdaxilə zamanı bəzi nümayişçilərin yerə yıxıldığı görülüb.
Nazir Qayanın nəqliyyat vasitəsinin yaxınlığından uzaqlaşdırılan nümayişçilər küçələrdə şüarlar səsləndirərək etirazlarını davam etdiriblər.
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin ailə və sosial siyasət nazirinin Niderlandın Rotterdam şəhərindəki Baş Konsulluğa buraxılmamasını diplomatik-etik çərçivələrdən tamamilə kənar adlandırıb: “Bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” (dərs verir mənasında – S.İ.) etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirirlər. Bütün bunlar hazırda Avropada yayılmaqda olan İslamofobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyillərinin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir".
Bəziləri iddia edirlər ki, Türkiyə qanunvericiliyinə görə ölkə xaricində seçki və ya referendum təbliğatı aparmaq qadağandır. Ancaq Niderland hakimiyyəti öz davranışını həmin qanunla tənzimləmir. Onlar iddia edirlər ki, Türkiyə rəsmilərinin ölkəyə səfəri cəmiyyətdə qütbləşmə, qarışıqlıq yaradacaq. Başqa sözlə, terrorçu PKK qruplaşmasının tərəfdarları Türkiyə dövlətinə və rəsmilərinə qarşı çıxışlar edəcəklər.
Bir də bu qanunun qüvvədə olduğu halda Qərbin dəstəklədiyi, terrorçu PKK-nın siyasi ruporu Xalqların Demokrat Partiyası Avropa İttifaqı ölkələrində Türkiyə Böyük Millət Məclisinə seçkiqabağı təbliğat kampaniyası aparıb.
Onda belə çıxır ki, Türkiyə rəsmilərinin ölkəsinə səfərindən narahat olanlar daha çox terrorçuları müdafiə edirlər. Çünki onların həmin ölkələrdə - Almaniya, Avstriya, Niderland, Danimarka, İsveçrə və başqalarında Türkiyə dövlətinə, onun ərazi bütövlüyünə qarşı çıxışlarına şərait yaradılır. Bir sıra hallarda isə terrorçuların təəsübkeşçilərinə “insan haqları"nı müdafiə adı altında qrant belə verilir.
Yeri gəlmişkən, 2015-ci ildə Türkiyə ilə Hollandiya arasında ticarət dövriyyəsinin həcmi 6,1 milyard dollar olub. Həmin il krallıq Türkiyəyə 3,2 milyard dollarlıq mal ixrac, Türkiyədən isə 2,9 milyard dollarlıq məhsul idxal edib. Hazırda Türkiyədə Hollandiyaya məxsus 2 564 firma fəaliyyət göstərir.
Hollandiya Türkiyəyə 21 milyard 58 milyon dollarlıq, Türkiyə isə krallığa 9 milyard 205 milyon dollarlıq investisiya qoyub. Hesabat ilində Türkiyəni 1 milyon 232 min hollandiyalı turist ziyarət edib.
Türkiyənin Hollandiya ilə informasiya sahəsində ciddi əməkdaşlıq etdiyi də bu günlərdə daha çox qabardılır.
Bu baxımdan ölkələr arasında iqtisadi əməkdaşlıq elə sıxlaşıb ki, münasibətlərin pozulmasından bir qayda olaraq qarşı tərəflər ziyan çəkir. Ancaq bu yerdə heç şübhəsiz dövlətin ərazi bütövlüyü, suveren hüquqları, maraqları, hədəfləri hər şeydən üstün tutulur.Avropalıların, indiki halda Almaniya, Avstriya, Niderland, Danimarka hakimiyyətlərinin davranışından belə çıxır ki, Türkiyənin ərazisi parçalansaydı, yaxud onların himayə etdikləri terrorçuların fəaliyyətinə bu ölkədə hər cür şərait yaradılsaydı, həmin dövlətlərə xoş olacaqdı, eyni zamanda demokratik dəyərlər qorunacaqdı. Ona görə də sadaladığımız dövlətlərin fəaliyyəti ehtimal etməyə əsas verir ki, onlar 102 il öncə olduğu kimi, yenidən parçalaya bilmədiklərindən müxtəlif bəhanələrlə Türkiyənin öz ərazisini, suverenliyini qorumasına maneələr yaradırlar. Başqa sözlə, Türkiyə öz maraqlarını həmin dövlətlərin, yaxud onların təmsil olunduğu blokun maraqlarından üstün tutduğundan çeşidli təzyiqlərə məruz qalırlar. Həmin dövlətlər isə öz vətəndaşları üçün yaxşıdır. Onlar vətəndaşlarının xatirinə başqalarının haqqını tapdalamaqdan vaz keçmirlər. Avropanın bu cəhəti isə birmənalı olaraq qəbuledilməzdir. //Report//
Tarix: 13-03-2017, 14:28