İki mühüm vasitəçinin münaqişənin həllinə yönəlik diplomatik həmləsini əngəlləyən səbəblər; amerikalı diplomatın Bakı və İrəvana göndərdiyi mesajın pərdərxası...
2016-cı ildəki 4 günlük aprel mübaribəsinin ildönümü yaxınlaşır. Əfsus ki, ötən müddətdə yeni hərbi əməliyyatların baş verməməsi üçün vasitəçi dövlətlər tərəfindən gərəkən minimum edilmədi. Halbuki, aprel presedentinin əsas dərsi də elə real sülh prosesini sürətləndirməyin zəruriliyini həmin dövlətlərə anlatmaq idi.Bu dərs götürüldümü? Artıq əmiliklə söyləmək olar ki, yox. Çünki keçən 11 aydan çox müddətdə Qarabağ danışıqları “ölü nöqtə”dən tərpənmədi. Ən təhlükəlisi də budur. Ortada daha çox müharibəyə inam var, nəinki sülhə.
Belə olan təqdirdə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Riçard Hoqlandın Bakıda söylədiyi “Dağlıq Qarabağ probleminin hərbi həll yolu yoxdur” açıqlaması bir qədər paradoksal anlam daşıyır. Çünki məntiqlə Qarabağ konflikti əgər hərbi vasitələrlə çözülə bilməzsə, o zaman sülh rıçaqları işə salınmalıdır. O da gözə dəymir. Deməli, müharibə variantı öz aktuallığını saxlayır.
***
Məsələ də ondadır ki, vasitəçi dövlətlər, ələlxüsus da Rusiya və ABŞ keçən müddətdə Qarabağ danışıqlarını irəli aparmaq üçün ciddi və gərəkən diplomatik səylər göstərə bilmədi. Biz bu dönəmdə onların real və yaddaqalan diplomatik həmləsinin şahidi olmadıq. Bu yerdə amerikalı sabiq həmsədr Kerri Kavano ilə razılaşmamaq çətindir. Keçmiş diplomat deyib ki, Qarabağ məsələsi ABŞ və Rusiyanın yaxından əməkdaşlıq edə biləcəyi tək-tük problemlərdəndir. Çünki onun fikrincə, bu məsələdə iki ölkə yaxın mövqeyə malikdir.
Əslində mövcud şərtlər fonunda belə mövqe yaxınlığı Azərbaycanın maraqları ilə bir elə uzlaşmır. Birinci ona görə ki, həm Rusiya, həm də Amerika əfsuslar olsun ki, indiyədək Ermənistanı işğalçı kimi tanımayıb - hərçənd Qarabağa dair beynəlxalq sənədlər məhz bunu tələb edir. İşğalçıya işğalçı kimi yanaşılmamasi isə İrəvana təxribatçı mövqeyini arxayın şəkildə davam etdirməyə stimul verir.
İkinci bir mövqe yaxınlığı Moskva və Vaşinqtonun müharibədə maraqlı olmamasıdır ki, bu da prinsip etibarilə Azərbaycana sərf etmir. Nədən ki, bunun qarşılığında, deyildiyi kimi, real bir şey də təklif olunmur.
İş ondadır ki, Azərbaycan da müharibədə maraqlı deyil. Amma Azərbaycanın ayrı yolu qalmır, əgər sülhə aparan bütün qapılar qapalıdırsa. Bu yolda əngəlləri götürmək isə ilk növbədə vasitəçi dövlətlərin işidir.
***
Amerikalı yeni həmsədr Bakıda olarkən belə bir maraqlı fikir də söyləyib ki, Dağlıq Qarabağ məsələsi postsovet məkanındakı digər münaqişələrdən fərqlənir. Bu da əslində ikibaşlı ifadədir. Niyə? Əvvəla ona görə ki, bu, Amerikanın Ermənistanı işğalçı kimi tanımaqdan imtinaya dolayısıyla haqq qazandırmağa xidmət edir. Halbuki konfliktin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddiası durur. BMT-nin, digər mötəbər beynəlxalq təşkilatların müvafiq sənədləri də bunu deyir.
İkincisi, belə bir açıqlama Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmaqdan çıxarmağa hesablanıb. Yəni Bakı nə vaxtsa problemin həllində öz suveren hüququndan istifadə edib müstəqil hərəkət etmək istəyəndə onu bu motivlə durdursunlar. Desinlər ki, “Qarabağ başqa münaqişələrdən fərqləndiyi” üçün ona yanaşma da qeyri-standart olmalıdır. Ayrı sözlə, təcavüzkarın cəzalandırılmasına imkan verməsinlər.
Ən qəribəsi də zatən budur: ABŞ və Rusiya regionda geosiyasi rəqiblər olsa da, onların işğalçı Ermənistmüna münasibətdə ortaq yanaşma sərgiləməsi. Qarabağ məsələsini postsovet məkanındakı başqa etnik-ərazi münaqişələrindən fərqləndirən nəsə varsa, o da elə budur: Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və bu iddianı ABŞ və Rusiyanın görməzlikdən gəlməsi.
***
Belə ortaq yanaşma fonunda iki güc mərkəzinin Qarabağla bağlı hansısa birgə hərəkət planının Azərbaycanın köklü maraqlarına uyğun olacağını düşünmək təəssüf ki, çətindir. Əslində belə bir planı əngəlləyən amillər də yox deyil. Biri deyildi - iki dövltin bölgədə geosiyasi rəqiblər olması.
Aydındır ki, problemin hər hansı şəkildə həlli Kremlin Güney Qafqaza, Azərbaycan və Ermənistana təsir imkanlarının minimuma enməsi demək olacaq. Eyni zamanda Rusiyanın Ermənistandakı hərbi mövcudluğu, Gümrüdəki 102 saylı bazanın əhəmiyyəti itəcək. Bunun ardınca Azərbaycan və Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması sürətlənmiş olacaq. Kremlin Avrasiya layihələri də arxivə veriləcək. Rusiyanın qorxulu “yuxusu” olan NATO isə bölgəmizdə daha sürətlə möhkəmlənəcək.
Rusiyaya əlbəttə ki, belə perspektiv əl vermir. Şimal qonşumuz regionu özünün həyati maraqlar zonası hesab edir və burada öz dominantlığını heç bir güclə bölüşmək niyyətində deyil. Ukrayna, Gürcüstan və Suriya (Yaxın Şərq) məsələlərində Moskva ilə Qərb paytaxtları arasında qalan və artmaqda olan gərginlik isə Qarabağ mövzusunu Kreml və Vaşinqtonun ortaq gündəmi olmasını əngəlləyən başqa bir mühüm faktor sayıla bilər.
Bu və digər səbəbdən Moskva Qarabağ probleminin həllini yalnız Avrasiya Birliyi çərçivəsində görür ki, bu da bəlli olduğu kimi, həll yox, münaqişəbin növbəti dəfə dondurulmasldır. SSRİ tərkibində bunu bir dəfə artıq görmüşük...
***
Cənab Hoqland Bakıdakı mətbuat konransında onu da deyib ki, “2016-cı ilin aprel hadisələrinin birinci ildönümü danışıqlar masasında qeyd olunmalıdır”. O, sülh və müharibə ilə bağlı eyni mesajı İrəvanda da verəcəyini söyləyib.
Lakin 23 illik nəticəsiz vasitəçilik təcrübəsi göstərdi ki, postsovet məkanının ən “uzunömürlü” münaqişəsinin həllində real irəliləyişə nail olmaq üçün belə ümumi mesajlar kifayət deyil. İşğala məruz qalanla işğalçını eyniləşdirən bu cür mesajlar sülhə töhfə ola bilməz. Necə ki, olmur. Mesaj yalnız Ermənistana ünvanlı ola bilər ki, əgər o, həqiqətən problemin hərbi yolla həllindən qaçmaq istəyirsə, işğal rejiminə son qoymaq barədə düşünsün.
Azərbaycana mesaj yox, problemin beynəlxalq hüquq normaları əsasında çözümü lazımdır. Nə qədər ki, status-kvonun müsbətə doğru dəyişməsi üçün əsas vasitəçi güclər real səylər göstərməyəcək, nə qədər ki, Ermənistan vasitəçilər üçün işğalçı gözündə olmayacaq, Azərbaycan danışıq xətrinə danışıqların iştirakçısı olmayacaq. Demək, yeni və daha böyük hərbi toqquşma ehtimalı da daim gündəmdə olacaq.
Qısası, müharibə məsələsi Bakıdan yox, müstəsna olaraq İrəvandan, onun davanışından asılıdır. Hərb yoxsa sülh? Seçimi Ermənistan edəcək. Təbii ki, bu seçimin necə olacağı xeyli dərəcədə Rusiya və ABŞ-dan da asılı durumdadır. Başqa sözlə, seçim həm də bu iki dövlətindi - hansı dövlətlər ki, daima sözdə müharibəni arzulamadığını bəyan edir.
***
Aprel yaxınlaşdıqca isə münaqişə zonasında gərginlik də artır. Cəbhə xəttində intensivləşən düşmən təxribatları və ona Azərbaycan tərəfinin layiqli cavab zərbələri, o sırada srağagün işğalçı qüvvələrin 5 hərbçisinin məhv edilməsi buna sübutdur. Bəs mövcud hərbi durum nə vəd edir?
“Ermənistan cəbhədəki diversiya və təxribatları aprelədək davam etdirəcək”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, cəbhədə yaranmış gərgin vəziyyət birbaşa Sərkisyanın maraqlarına xidmət edir: “Ermənistan prezidentini yalnız hakimiyyəti və ərazi maraqlandırır. Buna görə də Dağlıq Qarabağ məsələsi indiki məqamda İrəvan üçün əsas kartdır. Sərkisyanın bu fonda son zamanlar Qərbə meyillənməsi isə yalnız bir məqsədə xidmət edir. Belə ki, erməni rəhbərin Avropa Birliyi ilə assosiativ saziş imzalamağa çalışması heç də səbəbsiz deyil. Sərkisyan sözügedən sazişə xalqların öz müqəddəratını təyinetmə məsələsini salmaq istəyir. Ancaq rəsmi Bakı İrəvanın bu niyyətini də pozacaq”.
Politoloqun fikrincə, cəbhədə təxribatlar davam edəcək, ancaq Rusiya, Türkiyə, İran bu prosesin daha geniş vüsət almasına imkan verməyəcək. “Əgər ciddi danışıqlar prosesi başlamasa, gərginlik lokal hərbi əməliyyatlarla nəticələnməyəcək. Baş verəcək növbəti hərbi təxribatın bu dəfə nə ilə sonlanacağını proqnozlaşdırmaq çox çətindir. Bölgədə irimiqyaslı müharibənin başlaması böyük dövlətlərə də sərf etməz”, - deyə politoloq əlavə edib.
Siyasət şöbəsi
Tarix: 14-03-2017, 09:27