“Nəynən, Alış?”

“Nəynən, Alış?” Ölkə başçısının uzaqdakı nikbin bəyanatlarına yaxındakı bədbin reallıqlardan baxış

Aqil Məhərrəmov

İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvlərilə görüşdə deyib ki, konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfədən də çoxdur, əgər istəsək, xarici borcumuzu bir neçə aya ödəyib, sıfırlaya bilərik. Çox gözəl. Təki çox olsun. Amma öncə onun izahını verin görək, madam ki, valyuta ehtiyatımız belə çoxdur, onda niyə qapı-qapı gəzib kredit axtarışına çıxmısız? Niyə TANAP və TAP kimi əhəmiyyətli kəmərlərin inşası üçün lazım olan 7 milyard dolları 6-7 faizlik borcla xaricdən axtarırsız? Hәlә SOCAR-ın 8-9 faizlә götürdüyü borcları demirik.

Təkcə 2016-cı ildə Asiya İnkişaf Bankı ilə 3 milyard dollarlıq kredit sazişi imzalanıb. Trans Anadolu Qaz Kəməri layihəsində Azərbaycanın öhdəliklərinin icrasına 1 milyard dollar, islahatların aparılmasına, dövlət büdcəsində kəsirlərin qapadılmasına 500 milyon dollar ayırmaq planlaşdırılıb. Ötən il Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20 faizindən çox olub, bu il isə 40 faizə çatacağı gözlənilir…

İlham Əliyev onu da deyib ki, “işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olmuşuq. Azərbaycanda məşğulluğun səviyyəsi əsasən çox əlverişli biznes və investisiya mühiti sayəsində qalxıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq”. Maraqlıdır ki, hansı ölkənin yoxsulluq faizindən danışılır? Əgər bir ölkədə 2,5 milyon insan öz məişət problemlərini ödəmək üçün kredit götürməyə məcbul qalırsa, 17 min tələbə təhsil haqqını ödəyə bilmәyib təhsilini yarımçıq qoyursa, intiharlar ard-arda düzülübsә, әsasını maddi çәtinliklәr tәşkil edәn boşanmalar sürәtlә artıbsa, hansı məşğulluqdan, həyat səviyyəsinin yüksəkliyindən söhbət gedə bilər? Son 20 ildə ölkə iqtisadiyyatına 200 milyard dollar yatırılıbmış. İnanırıq, hələ bəlkə bundan da çox vəsait “iqtisadiyyata yatırım” adı ilə dövriyyədən keçib. Bəs hanı o qədər “yatırımın” təsiri? Niyə canı çıxan ölkə iqtisadiyyatına nəfəs verə bilməyib? Çünki o “yatırımın” böyük hissəsi sadəcə oğurlanıb, ofşorlardakı şəxsi hesablara yığılıb. Beynəlxalq səviyyədə üstü açıldı ki, Azərbaycandan son 15 ildə 95 milyard dollar çıxarılıb. 95 milyard dollar! Yəqin ki, səmərəli xərcləmə ilə təkcə bu pula ikinci Azərbaycan salmaq olardı.

Bəlkə, ölkə başçısı lazımsız idman oyunlarına xərclənən milyardları, hakimiyyətin bərbad imicini pərdələmək, lobbiçiliyini eləmək üçün xarici mediaya, lobbi şirkətlərinə verilən pulları, “kürü diplomatiyası”na sərf olunan, Luka Valontelərin cibinə basılan milyonları, Avropadan ta Orta Asiyaya qədər orda-burda hakim ailənin şəni üçün həyata keçirilən xeyriyyə işlərinin çoxmilyonluq maliyyəsini də iqtisadiyyata yatırım sayaraq, o 200 milyarda daxil edir?

İlham Əliyevin reallıqdan uzaq bir fikri də bu olub ki, indi ölkənin xidmət, turizm, otel biznesi, kənd təsərrüfatı sahələrinə də ciddi investisiya yatırılır. Əvvəla, xidmətdən tutmuş, otelçiliyə, kənd təsərrüfatına qədər hər yerdə sərt monopoliya bərqərar edoilibsə, o sahələrə yatırılan investisiyanın faydası olsa da, ancaq monopolistlərə olar ki, onlar da İlham Əliyevə ən yaxın məsafədə durublar. Deməli, hətta investisiya varsa da, hakimiyyət pilləsinin təpəsində duranların şəxsi təsərrüfatlarına dövlət adından cəlb olunan pullar şəklindədir. İkincisi, ölkənin, məsələn, kәnd tәsәrrüfatı acınacaqlı vəziyyətdədir. Ölkә әrzaq mәhsulları ilә idxal sayәsindә tәmin olunur. Heç ölkәdә әn geniş yayılmış dәnli bitkilәrlə də özümüzü tәmin edә bilmirik. Ölkәdә biznes mühiti ümumiyyәtlә yoxdur. Yerli sahibkar da, xarici şirkətlər də ölkədən qaçmaqla məşğuldur. Azərbaycanda az-çox iş görə bilən hamı burdakı qanqster münasibətlərindən başını götürüb Gürcüstana, Ukraynaya, Türkiyəyə, Qazaxıstana və b. yaxın-uzaq ellərə pənah aparır. İnanmırsız, rəsmi statistikaya baxın: ötәn ilin 4 ayında Türkiyədə Azərbaycan kapitallı 64 şirkət yaradılıb. Bu il Türkiyədə yaradılan şirkətlərin sayına görə, Azərbaycan ilk onluğa daxildir. Hazırda Türkiyədə Azərbaycan kapitallı 1700-dәn artıq şirkət fəaliyyət göstərir. Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. 2015-2016-cı ildә Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub. Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 35%-i və ya 1,069 mlrd. dolları Azərbaycanın payına düşür. Bu qәdәr investisiya ölkәdәn hәr halda kefindәn getmir.

Şübhәsiz ki, ölkә başçısı bu rәqәmlәrdən vә ümumiyyәtlә ölkәdәki vәziyyәtin bәrbadlığından xәbәrsiz deyil. Әks halda icra başçılarına demәzdi ki, gedin, xaricdәn ölkәyә investorlar cәlb edin. Amma necə? Dövlət vəzifələrinin biznes pilləsinə, məmurların oliqarxa, gömrüyün qara bazara, məhkəmələrin oyuncağa çevrildiyi ölkəyə hansı ağılı başında investor gələr? Bəlkə xarici investorlara ölkəmizi nəhəng yerli iş adamlarını götürdükləri krediti vaxtlı-vaxtsız ödətdirə bilmək üçün “Bandotdel”də məşhər ayağına çəkməklə cəlbedici etmişik?..

Qayıdaq mövzunun əvvəlinə. Hökumətimiz istəsə, xarici borcumuzu bir neçə ayın içində sıfırlaya bilərmiş. Amma nə hikmətdirsə, istəmir, əksinə borc üstünə borc yığır – əhalinin belinə. Ən son məlumata görə, adambaşına xarici borcumuz 737 dollardır. Əgər, durmadan bahalaşan qiymətlərin, artan kommunal xərclərin, məmur-oliqarxlarımızın banklarına olan kredit faizlərinin qarşısında sadə vətəndaşlarımızın cibində bir şey qalsa, aparıb xarcic borcumuzu da hissə-hissə bağlayar. Yəqin ölkə başçısının o nikbinliyi də elə buna hesablanıb…
Tarix: 15-03-2017, 21:44
Xəbəri paylaş





Xəbər lenti