Kabinetlərdə ilişib qalan İSLAHAT PAKETLƏRİ

Kabinetlərdə ilişib qalan İSLAHAT PAKETLƏRİ Əli Əliyev: “İslahatlar zəruridir”

Sərdar Cəlaloğlu: “İslahat hər zaman müsbət nəticə vermir”

Vüsal Qarayev: “Komanda yenilənməli, idarəetməyə yeni nəfəs gətirilməlidir”


Devalvasiya başlananda ölkədə total siyasi və sosial-iqtisadi islahatların aparılması zəruri hesab edildi. Bir sıra partiyalar islahat paketi ilə çıxış etdilər.Lakin hökumət ciddi islahatlara getmədi. Hazırda bu məsələ hökumətin gündəmindən düşüb və islahatlar haqqında yalnız mətbuat və iqtisadçılar danışır. Hökumət niyə islahatları arxa plana keçirib?



Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, islahatlar mövcud şəraitdə düzəni dəyişmək üçün vacibdir: “Ölkəni böhrandan çıxarmaq, manatın arxasında güclü iqtisadiyyat yaratmaq, maliyyə sistemində şəffaflığın bərpası, oğru və quldur məmurları dövlət sistemindən təmizləmək, əhalinin təminatlı şəraitinə nail olmaq və ən əsası Qarabağ probleminin həlli üçün islahatların aparılması lazımdır, hətta zəruridir”.


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bildirib ki, islahatlar hər zaman müsbət nəticə vermir: “Konstitutsiyada dəyişiklik edildi, bunun özü də islahatdır. Hansısa konkret müsbət hədəf qoyub ona uyğun dəyişikliklər aparırsansa, təbii ki, bunun nəticələri yaxşı olacaq.Əgər pis niyyətlə islahatlarlar aparacaqlarsa, siyasi, iqtisadi və digər sahələri başqa istiqamətlərə yönləndirəcəklərsə, bunun nəticəsi də mənfi olacaq.Demək olmaz ki, hər islahat uğurlu nəticə verəcək. Məsələn, Stalin dövründə torpaq islahatı aparmaq istəyirdilər, ancaq bolşeviklər buna imkan vermədi. İran şahı torpaq islahatları apardı və bu xalqın üsyanına səbəb oldu.Çünki, torpaq avropalıların əlinə keçdi və xalq bundan narazı qaldı. Nəticədə isə İran şahının devrilməsinə səbəb olan “ağ” inqilab baş verdi. Qorbaçovun dövründə isə islahatlar həyata keçirildi, amma onların heç biri Sovet hökumətini xilas edə bilmədi və SSRİ çökdü.Yəni, islahatlar ancaq ağıllı, müsbət məqsədlər üçün aparılanda yaxşı nəticə verir.Amma ardıcıl, tam olmayan islahatlar aparılarsa, bu ölkədəki vəziyyəti daha da çətinləşdirər, dövləti çökdürər və milləti də üsyana qaldırar”.


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev bu gün köklü islahatlara ehtiyac olduğunu deyib. Onun sözlərinə görə köklü islahatların zəruriliyinin birinci göstəricisi əhalinin sosial durumudur: “Ümumiyyətlə istənilən ölkənin inkişaf səviyyəsi, onun əhalisinin sosial güzəranı ilə ölçülməlidir. Bu gün Azərbaycanda əhali, xüsusilə gənclər, istər ali savadlı, istər orta, istər tam savadsız, işsizdir. Milli valyuta devalvasiyaya uğrayıb.Əhalinin əksəriyyəti banklara borcludur və bu borcları qaytarmaq iqtidarında da deyillər.Bazarda qiymətlər vətəndaşın məvacibinə uyğun deyil.Vətəndaş adicə bayram günü evinə qoz-fındıq ala bilmir.Deməli, əgər bir ölkənin, özəlliklə də neft ölkəsinin vətəndaşı işsizdirsə, borcludursa, ailəsinin ehtiyaclarını təmin edə bilmirsə, demək ki, o ölkəni idarə edənlər vəzifələrinin öhdəsindən gələ bilmirlər.Əgər belədirsə, deməli, sistemdə problem var. Sistemdə də problem varsa, islahat qaçılmazdır.Və aparılacaq islahatlar da üzdən, “islahat xatirinə” olmamalıdır.Ciddi, köklü kadr dəyişikliləri qaçılmazdır.Komanda yenilənməli, idarəetməyə yeni nəfəs gətirilməlidir.Bu gün əhalinin mütləq əksəriyyəti bu hakimiyyətdən narazıdır”.//Cebhe.info//

Tarix: 16-03-2017, 14:15
Xəbəri paylaş





Xəbər lenti