“İcra hakimiyyətləri küçə süpürməklə məşğul olur”

“İcra hakimiyyətləri küçə süpürməklə məşğul olur” “Qiymət artımı təkcə Azərbaycanda deyil, digər ölkələrdə də var. Qiymətlərin artması təbiidir, amma süni şəkildə artımın qarşısını almalıyıq”.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Komitə sədri deyib ki, vətəndaşların əziyyət çəkməməsi üçün süni qiymət artımının qarşısı alınmalıdır:
“Nazirlər Kabinetinin fəaliyyəti qənaətbəxşdir. Dünyada böhran baş verir, Azərbaycanda isə xeyli iş görülüb”.

S.Novruzov həmçinin qeyd edib ki, banklar dollar depozitini 3 faizlə götürür, vətəndaşa isə 24 faizlə verir:
“Vətəndaşın bu kreditləri qaytarması çətindir. Onlar hansı əsasla bunu edirlər? Vətəndaşı soymaq olmaz. Belə olanda vətəndaş hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qalır. Prezident İlham Əliyevin dediyi kimi, hər şey vətəndaş üçün olmalıdır. Vətəndaşı niyə qorumamalıyıq?”

O, özəl sektorda çalışan insanların da ixtisara salındığını söyləyib:
“Onların maaşları azaldılır. Bunun qarşısı alınmalıdır. Biz əvvəlcə həmin şirkətlərin vergi sisteminə baxmalıyıq, ona şərait yaratmalıyıq. Sonra da soruşmalıyıq ki, vətəndaş niyə ixtisara düşür, əvvəllər aldığı maaşı niyə ala bilmir? Bu məsələyə ciddi diqqət yetirmək lazımdır və məsələlər tələb formasında qoyulmalıdır”.

S.Novruzov həmçinin vurğulayıb ki, indi Azərbaycanda 18-19 nazirlik var:
“Ancaq bəzi nazirliklərin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər lazımdırsa, nazirliklərin hamısının regional idarələri yaradılsın. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumun regional idarələrini yaratdım. Bəzi hallarda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır və yaxud kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerlərdəki səlahiyyətli nümayəndələri onlardır. İcra hakimiyyətlərindən səlahiyyətlərin alınması doğru deyil. Belə olan halda isə, icra hakimiyyətləri küçə süpürməklə məşğul olur”.
Siam.az
Tarix: 17-03-2017, 20:14
Xəbəri paylaş





Xəbər lenti