Parlamentin danışmayan deputatları

Parlamentin danışmayan deputatları Danışan həmkarları onlar haqda nə düşünür?


Milli Məclisin deputatı təkcə təmsil etdikləri seçiciləri deyil, həmçinin lazım gəldikdə xalqı təmsil edən ictimai-siyasi fiqur sayılır. Bu baxımdan deputatların istər siyasi, ictimai, sosial, istərsə də insan haqları, media mövzularında aktiv olması zəruridir. Ancaq çox az sayda deputat var ki, onlar mütəmadi olaraq parlamentin müzakirələrində iştirak edir, mətbuata açıqlamalar verir.



Bu deputatlardan Zahid Oruc, Fərəc Quliyev, Fəzail Ağamalı, Fazil Mustafa, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Əli Məsimli, Tahir Kərimli və digərlərini qeyd etmək olar. Parlamentdə olduğu müddətdə bir dəfə də olun səsi eşidilməyən, seçicilərinin problemlərini səsləndirməyən, müzakirəyə çıxarılan qanun layihələrinə münasibət bildirməyən, passivlik nümayiş etdirən, məsələlərə yalnız seyrçi qalan, simasını belə tanımadığımız deputatlar isə çoxluq təşkil edir. Bu deputatlar yalnız parlamentin gündəliyinə çıxarılan sənədlərə səs verməklə işlərini bitmiş hesab edirlər.


Milli Məclisin səssiz deputatlarından Gəncədən seçilən Naqif Həmzəyevi, Abel Məhərrəmovu, Hüseynbala Mirələmovu, Elçin Quliyevi və bir çox digərlərini qeyd etmək olar. Bəzi deputatlar isə qıcıq doğran ifadələrlə gündəmə gəlir, tanınırlar. Məsələn, Astan Şahverdiyev, Hadı Rəcəbli, Araz Əlizadə və sairə.

Parlamentin danışmayan deputatları


Bəs deputatların parlamentdə susması nə dərəcədə doğrudur? Deputatların bu cür həmkarlarına münasibəti necədir? Məsələ ilə bağlı deputat Fərəc Quliyevin fikirlərini öyrəndik: “Həmkarlarım haqqında bu barədə fikir bildirməyim doğru olmazdı, bu əsasən jurnalistlərin işidir, onlar hər şeyi müşahidə edirlər. Amma deputat bir bölgədən seçilməyinə baxmayaraq bir ölkənin bütün tale yükünə cavabdehdir, qanunverici orqanda bütün məsələlərlə bağlı narahatlıqlarını səslədirməli, məsələlərin həlli ilə bağlı təkliflərini bildirməlidir. Xüsusilə də bölgədə işlər aparmalı, xarici dövlətlərdə ölkəmizi təmsil etməlidir və sairə. Amma mən hesab etmirəm ki, parlamentdə az çıxış edən deputatlar danışmırlar. Bir qrup deputat var ki, parlamentdə çıxış etməməklərinə baxmayaraq xarici ölkələrdə ölkəmizi yaxşı təmsil edir, bölgələrdə faktiki olaraq işlər aparırlar”.

Parlamentin danışmayan deputatları


Deputat Fazil Mustafa isə hər kəsin tutduğu mövqeyə görə özü cavabdeh daşıdığını bildirdi: “Bəlkə bizim də fəaliyyətimiz kimlərisə qane etmir. Bəlkə də bizim də fəal mövqe tutmağımız, hansısa çıxışlar etməyimiz kimisə xoşuna gəlmir. Bu bir yanaşma məsələsidir. Şəxsən mənim düşüncəm budur k, əgər bir yerdən maaş alırıqsa, azacıq da olsa bunun üzərimizdə haqqı varsa, bu haqqı qaytarmaq lazımdır. Yüksək səviyyədə olmasa da, ən azı gücün çatan səviyyədə bunu etməyə borclusan. Çünki hər bir şeyin halallıq tərəfi də var. Yəni bu, ola bilsin ki, kimsə yaxşı çıxış etmək qabiliyyətinə və yaxud müzakirələrdə aktiv iştirak etmək qabiliyyətinə malik deyil, o da müxtəlif maddi və ya başqa formada seçicilərinə ən azı dəstək verməli, seçicilərini qəbul etməli, onların problemləri ilə məşğul olmalıdır. Belə deputatların da sayı kifayət qədədir. Bəlkə də üzdə olan deputatlar daha çox diqqət cəlb edir. Amma konkret olaraq vicdanla seçiciləri üçün çalışan deputatlar kifayət qədər var. İndi bunların içərisində ola bilər ki, fəaliyyətləri kimlərsə qane etmir, əlbəttə ki, hər kəsi razı salmaq mümkün deyil. Amma hesab edirəm ki, hər kəs gücü çata minimum səviyyədə bu işləri görməyə çalışmalıdır. Çalışmalıdır ki, bu məsələlərdə müəyyən bir seçicinin narazılığını ortadan qaldırmış olsun və cəmiyyətin yaxşı mesajlar versin, millət vəkili imicini uca tuta bilsin. Məsələnin mahiyyəti əsas budur”.


Xalidə GƏRAY
Tarix: 24-04-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti