Birinci mərhələdə Zəngəzur dəhlizinə ruslar nəzarət edəcək...
“Hiss olunur ki, artıq Paşinyan da Rusiyayönlü addımlar atmağa üstünlük verməyə başlayıb. Çünki Qərbdən gözlənilən istəklər- kömək, yardım özünü doğrultmur. Və buna cavab olaraq ermənilər həmişəki kimi rusların siyasi, iqtisadi və hərbi təsiri altına qayıtmağa üstünlük verirlər. Bu mənada Ermənistan baş nazirinin son bəyanatı göstərir ki, o, faktiki olaraq Zəngəzur dəhlizini Rusiyanın nəzarətinə verməyə hazırlaşır. İndi bu məsələdə Azərbaycanın mövqeyinə aid fikirlər də aydın olmaldır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son çıxışına səbəb nə oldu və bundan sonra Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasıyla bağlı məsələ hansı istiqamətdə inkişaf edəcək?” sualını cavablandırarkən ifadə edib.
“Bəllidir ki, Zəngəzur dəhlizinə nəzarət edəcək Rusiya qüvvələrinin funksiyası vaxtilə sülhməramlıların Laçın yoluna etdiyi nəzarət kimi olacaq. Həmin ərazidə onsuz da 1992-ci ildən bəri Rusiya “FSB”-nin sərhəd qoşunları fəaliyyət göstərir... O ki qaldı Azərbaycana, bu belə deyək, münaqişənin yeni bir mərhələsidir. Yəni Zəngəzur dəhlizi mövzusu artıq beynəlxalq bir mövzu kimi qəbul olunur. Çünki vaxtilə 2020-ci ildə bağlanmış müqavilədə Azərbaycan dövlətinin iki hissəsi arasında bağlantının təmin olunması əks olunurdu. O bağlantının bəzən eks-territorial olacağı haqda da fikirlər səslənirdi. Birinci mərhələdə həmin bağlantıya, yəni Zəngəzur dəhlizinə ruslar nəzarət edəcək. Gələcək danışıqlar isə Azərbaycanın öz məqsədlərinə hansı şəkildə nail olacağını göstərəcək. Əlbəttə, biz istərdik ki, Zəngəzur dəhlizinə tam nəzarət Azərbaycanın əlində olsun. Bu da bizim strateji hədəfimiz olan dövlətimizin iki hissəsinin bağlantısını təmin eləmək məsələsinin həlli olacaq. Amma hələlik indiki mərhələdə həmin ərazinin Ermənistanın əlindən alınıb Rusiyanın nəzarətinə verilməsi o ərazinin münaqişəli olmasını təsdiq edir. O biri tərəfdən də gələcəkdə bu proseslərin davamlı olacağı aydın görsənir”, - deyə davamında sabiq baş diplomat vurğulayıb.