Ərəb turistlərin şorgözlüyü...

Ərəb turistlərin şorgözlüyü... Aydınxan Əbilov: “Onlara ölkəyə gələndə bizim düşüncəmiz, milli-mentalitetimizlə bağlı məlumatlar verilməlidir”

Aysel Əlizadə: “Şəxsən mən ərəblərdən tərbiyəsizlik, kobudluq, pis davranış görməmişəm”

Son 2 ildə Azərbaycana gələn turistlərin böyük əksəriyyətini ərəblər təşkil edir. Rəsmi statistikaya görə, təkcə bu ilin birinci yarısında ölkəmizə 1 199 667 nəfər xarici vətəndaş səfər edib ki, onun da 44 196 nəfəri ərəblərdir. Gələn ərəb turistləri təkcə Bakıya deyil, Qəbələ, Quba-Qusar bölgələrinə də üz tuturlar. Artıq yay mövsümü başlandığından həmin bölgələrdə yerləşən bəzi hotellərdə, restoranlarda boş yer tapmaq müşkül məsələyə çevrilib.


Ərəblərin Bakıda ən çox üz tutduğu məkanlardan biri də Bakının mərkəzi, Fəvvarələr Meydanıdır. Son vaxtlarda sosial şəbəkələrdə, mətbuatda ərəblərin burada insan alveri ilə məşğul olduqları barədə məlumatlar yayılmaqdadır. “Qədim peşə sahibləri”nin ərəb turistləri ilə sövdələşmələri, danışıqlarını əks etdirən videolar ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Yayılan videolardan belə məlum olur ki, “xanımlar” ərəblərin dilindən anlaya bilməsələr də, əl-qol hərəkətləri ilə razılaşa, sövdələşə bilirlər. Əvvəllər ərəblər özləri o tip qadınlara “girişirdisə”, indi qızların özləri bu kimi mərkəzlərdə ərəb ovuna çalışır. Təbii ki, söhbət “qədim peşə sahibləri”ndən gedir.

Ərəb turistlərin Bakının mərkəzində, Bakı Bulvarında qız-gəlinlərə göz qoymaqları, baxışları insanlarda bir qıcıq yaratmağa başlayıb. Bunu sosial şəbəkələrdə aparılan müzakirələrdən də görmək olur. Belə bir fikir də var, sanki ərəblər seks aclığı yaşayır və bunu ölkəmizdə rahat şəkildə təmin edəcəyini düşünürlər.

Mövzu ilə bağlı artıq şou-biznes nümayəndələri də münasibət bildirməyə başlayıb. Bugünlərdə sənətçi, teleaparıcı Murad Arifin “Turistlərin rahatlığı üçün küçələrimizdə ”seks-turizmə" də başladıq?" başlıqlı statusu buna misal ola bilər. Sənətçinin sosial şəbəkədə paylaşdıqları fikirlər uzun müddət müzakirə obyekti oldu. Sənətçi qeyd edib: “Onsuz da dünya ictimaiyyətinin gözündə ”işğal olunmuş" (burada başqa kəlmələr də yer ala bilərdi, amma milli mətbuat mövzunu dəyişə bilər deyə, işlətmədim) gündəyik. Bundan sonra “Martirosyanların” Rusiya kanallarında Bakını “rahat sex” şəhərlərinə bənzədib vedrə qoşmaqları qalıb".

Müğənni Nadir Qafarzadə isə onu tənqid edənlərə cavab verərkən bildirmişdi:

“Ərəblər qız və gəlinlərinizi əlinizdən alıb kef edirlər”.

Beləliklə, ərəblərin ölkəmizin mənəvi dəyərlərinə toxunduqları barədə məlumatlar ictimaiyyətdə narazılıq, qıcıq yaratmağa başlayıb.

Ərəb turistlərin şorgözlüyü...

Kulturoloq Aydınxan Əbilov mövzuya bu cür şərh verdi: “Ümumiyyətlə, dünyada turizm sahəsi elədir ki, insanlar öz ölkəsində görə bilmədiklərini başqa ölkələrdə axtarmaq üçün səyahətlərə çıxırlar. Bu zaman da müxtəlif mədəniyyətlərin toqquşması baş verir. Ərəblər islami baxımdan bizə yaxın olsalar da, amma onların düşüncəsi ilə türk-azərbaycanlı düşüncəsi fərqlidir. Biz daha çox Avropaya meylliyik və Avropaya inteqrasiya olunmuş xalq hesab olunuruq. Tarixən bu belə olub və indi də belədir. Ümumiyyətlə, dünya kulturoloqları tərəfindən də qəbul olunmuş Qafqaz mədəniyyəti deyilən bir anlayış var. Qafqazlılar daha çox Avropaya və Yunan-Roma mədəniyyətinə yaxın olan insanlardır. O cümlədən də Azərbaycan şərq ölkəsi olsa da, Avropa düşüncəli insanların toplumu sayılır. Və istər Avropadan, istərsə də şərqdən, son vaxtlar da İrandan, ərəb ölkələrindən gələn çox saylı turistlər var ki, onların mədəniyyətləri ilə bizim mədəniyyətlər arasında mədəni toqquşma baş verir. Amma nəyə görəsə azərbaycanlılar Avropadan gələn turistlərin qəribəliklərinə, şortikdə, açıq-saçıq olan geyimlərinə və digər davranışlarına çox tolerant yanaşırlar, amma İrandan, ərəb ölkələrindən, Türkiyədən gələn turistlərə bir qədər qəribə baxırlar. Nəyisə qazanmaq istəyiriksə, deməli nələrisə də itirməyi də bacarmalıyıq. Sözsüz ki, ərəb dünya görüşü bədəvi, səhra dünya görüşüdür.

Bir faktı qeyd etmək istəyirəm, Liviyanın prezidenti Avropa və digər ölkələrə səfər edəndə o, hotellərdə deyil, özünün bədəvi çadırında qalırdı və hara gedirdisə onu da özü ilə aparırdı. Avropa ölkələri bunu çox qəribə qarşılasalar da, çox tolerant yanaşırdılar.

O ki qaldı ərəblərin Azərbaycan qadınlarına qarşı davranışları, münasibəti, onsuz da işğalçı xalqlar hər zaman ölkəmizə gələndə münasibət həmişə bu cür olub. Yəni bu, nəinki ərəblərlə, həmçinin farslar, monqol tatarları, ruslarla da bağlıdır. Əlbəttə ki, hər bir millətə qarşı münasibət qadına qarşı olan münasibət ilə ölçülmür, lakin bu münasibətlər heç də bizim xeyrimizə olmayıb. Amma istənilən halda istər ərəb, istərsə də digər xalqların turistləri ölkəmizə gələndə Azərbaycan qadını elə bir davranış nümayiş etdirməlidir ki, öz dünyagörüşü, milli mentalitetə uyğun hərəkətləri ilə bizim düşüncəmizi tanıtdırmağa meylli olsunlar. Bizim qadınlar gərək özlərini bir qədər ağır aparsınlar. Bəzi yüngül əxlaqlı qadınlarımız heç olmasa açıq-saçıq hərəkət nümayiş etdirmək istəyəndə bunu gizlincə etsinlər ki, məsələ ictimailəşməsin, gənclərin, yeniyetmələrin əxlaqlarını pozmasın. Hətta bəzən görürük ki, sosial şəbəkələrdə yeniyetmə, gənc qızlar belə bir fikir paylaşırlar: “Niyə də ərəb şeyxləri ”ağ atlı" şahzadə qismində gəlib bizi almasın?"

Yadınızdadırsa, bir vaxtlar ölkəmizdə Dubay sindromu var idi. İl ərzində 30-40 min qadın Dubaya gedərək öz bədənlərini satıb, var-dövlət əldə etməyə çalışırdı. İctimaiyyətdə buna qarşı çox ciddi təpkilər olurdu. O cümlədən də bu gün problem bu cür yaşanır".

Kulturoloqun sözlərinə görə, istənilən halda bu cür məsələlərə tolerant yanaşmaq lazımdır:

“Müəyyən mənada maarifləndirici işlər aparmalıyıq. Azərbaycan gələn ərəb turistlərinə bizim düşüncəmiz, milli-mentalitetimiz ilə bağlı məlumatlar verilməlidir. Necə ki, biz Yaponiyaya gedəndə əvvəlcədən deyirlər ki, bu ölkədə bərkdən danışmaq olmaz, salamlaşmaqla bağlı müəyyən qaydaları bilməliyik. Yaxud Hindistana gedəndə bildirilir ki, orada müəyyən bölgələrdə inək əti yemək və ya tələb etmək olmaz, gedən turistlər də bunu normal qəbul edirlər. O cümlədən də ölkəmizə gələn ərəblər və digər xalqların nümayəndələri üçün də Azərbaycan həyatına, milli-mentalitetinə uyğun olan, adət-ənənələrini əks etdirən xüsusi yaddaş kitabları hazırlanmalı və paylanılmalıdır”.
Ərəb turistlərin şorgözlüyü...
Yazar Aysel Əlizadə isə müəyyən səbəblərdən ərəblərdən xoşlanmadığını açıqladı:

“Tarixi, mədəniyyətimizə olan təsiri və digər səbəblərdən dolayı mən onlardan o qədər də xoşlanmıram. Yəni mənim kumirim olan xalq deyil. Lakin şəxsən mən ərəblərdən tərbiyəsizlik, kobudluq, pis davranış görməmişəm. Fikrimcə, bizim bəzi kişilər özlərini onlardan daha betər aparır. Mən şəxsən ərəb turistlərinin də, öz kişilərimizin də yanından keçirəm. Bizim bəzi kişilər daha çox diskomfort yaradırlar, nəinki ərəblər. Təbii ki, əvvəllər mən də böyük mədəni və dini təsirinə uğradığımız millətin təkrarən bizə qarışmasını bir qədər narahat qəbul etdim. İstanbulda da ərəblərin kütləvi gəzdiklərini, oradakı dəyişiklikləri görüb, müşahidə etdikdən sonra onların bura gəlişini narahatlıqla qarşıladım. Lakin toplumların bir-birinə qarışmasında heç bir pis iş yoxdur. Üstəlik, bəzi ərəb toplumları var ki, onlar sivil inkişaf baxımından heç də bizdən geri qalmır, hətta üstələyirlər. Hətta daha modern, bizdən daha rahat, azad, kompleksiz görünürlər”.

Xalidə GƏRAY
Tarix: 2-08-2017, 09:56
Xəbəri paylaş





Xəbər lenti