Rüşvətə “qurban kəsilən” ağaclar…

Rüşvətə “qurban kəsilən” ağaclar… Zəlimxan Məmmədli: “Məmurlarda ağaca canlı kimi baxmaq təfəkkürü yoxdur”

Son zamanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, iaşə obyektləri tikmək üçün müəyyən ərazilərdə ağacların kütləvi şəkildə kəsildiyinin şahidi oluruq. Ötən gün də Gəncə şəhərində analoji hadisə yaşanıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yeni Gəncə yaşayış massivi M.C.Paşayev küçəsində keçirdiyi baxış zamanı 100 kvadratmetr torpaq sahəsinin hasara alındığı, hasar daxilində 9 ədəd müxtəlif cinsli və diametrli ağacın bioloji inkişafda olduğu,1 ədəd sərv ağacının isə tikintiyə maneəçilik törətdiyi üçün alt budaqlarının qanunsuz şəkildə kəsildiyi aşkar edilib.


Araşdırma zamanı sözügedən ərazinin Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının sərəncamı ilə ticarət obyektinin tikintisi üçün verildiyi məlum olub.Bu cür misallar kifayət qədər çoxdur.Bir neçə ay öncə Yasamal rayonu ərazisində də oxşar hadisə baş vermişdi.Ümumiyyətlə, sahibkarlar əraziləri icra hakimiyyətlərinin razılığı ilə əldə edirlər.Onlara tikinti işləri üçün icazəni də məhz bu qurum verir.Ərazilərdə ağacların qanunsuz kəsilməsinə də məhz bu qurum rəvac verir.Ancaq hələ də cərimələnən yalnız sahibkarlar olur.İcra orqanları haqqında isə heç bir tədbir görülmür.Əslində problemin köklü şəkildə həll olunmamasının səbəbi də məhz bununla izah olunmalıdır.Məmurlar cəzalandırılmadığı üçün bu cür qanunsuz işlərlə məşğul olmağa davam edirlər.Bu halla demək olar ki, ölkənin bir çox ərazilərinə rastlaşmaq mümkündür.İcra hakimiyyətlərinin məlum “icazəsi” ilə ağaclar kəsilir, yaşıllıqlar məhv olur.Əvəzində isə iri obyektlər, yeni binalar tikilir.

AXC hakimiyyəti dövründə Xətai rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə şərhində icra başçılarının bu cür hallara şəxsi maraqlar baxımından yol verdiyini deyib:


“İcra hakimiyyətləri xalq qarşısında hesabatlı deyil. Xalqın problemlərinə həssas yanaşmırlar.Bu gün onları daha çox iqtisadi maraqlar, obyektlər alıb-satmaq, haqq almaq-vermək düşündürür.Ona görə də onların milli ruhu ölüb və artıq onlara ağaca canlı kimi baxmırlar.Bəlkə də kəsilən ağac, o, ağacın kəsilməsinə rəvac verənin varlığından daha çox faydalıdır.Ən azından ağac oksigen verir, havanı təmizləyir.Nə qədər ki, onlarda maddi təfəkkür hakim olacaq, vəziyyət də bu cür davam edəcək.Ağaca canlı kimi baxmaq təfəkkürü yoxdur.Bakının mərkəzində, Xətai rayonunda müşahidələr apardım.Orada da ağacları kəsib yerində avtoyuma məntəqələri, cürbəcür obyektlər tikiblər.Bir ildən artıq mübarizə apardım, amma faydası olmadı.Bunlar başa düşmürlər ki, xiyabanları bu günə qoymaq olmaz.Ölkəyə gələn qonaqlar Bakını mədəniyyəti ilə tanımalıdırlar.Bu mədəniyyət ağacların yerində “moyka”, “qəssabxana” tikmək deyil.Bu baxımdan problemin həlli ancaq milli ruhun hakimiyyətə daşınmasından keçir.Bu gün xalqın səsini eşidən yoxdur. İcra hakimiyyətləri bilsin ki, bir gün xalq onların 30 il yığdıqlarını bir gündə əlindən alacaq. Sadəcə olaraq icra başçıları bunu unudurlar”.

Sahibkarların cərimələnməsinə toxunan Z.Məmmədli hesab edir ki, bununla problemi həlli etmək mümkün deyil: “Sahibkarlar ancaq iqtisadi maraqlardan çıxış edir. Onlar adam da tapırlar. Obyekt tikmək üçün lazım olan yerin haqq-hesabını da çatdırırlar.İcra hakimiyyətləri də haqqını aldıqdan sonra bu cür məsələlərdə duyarsız olurlar.Bu baxımdan ilk növbədə məhz icra başçılarının cərimələnməsi vacibdir.Sahibkar pulunu verib yer alıb, obyekt tikib pul qazanmaq istəyir.Onun marağı yalnız budur.Amma dövlət qurumu bu məsələlərə dövlət, xalq maraqları baxımından yanaşmalıdır”.

Vilayət Muxtar
Cebhe.info
Tarix: 17-08-2017, 21:22
Xəbəri paylaş





Xəbər lenti