Sosial şəbəkədə MEHRİBAN DÜŞMƏNÇİLİK - İqtidar və müxalifət bir-birinin “kitabını” oxuyur

Sosial şəbəkədə MEHRİBAN DÜŞMƏNÇİLİK - İqtidar və müxalifət bir-birinin “kitabını” oxuyur Məlumdur ki, sosial media açıq şəbəkədir. Hər kəs bundan öz məqsədləri üçün istifadə edə bilər. Dünyanın əksər ölkələrində iqtidar və müxalifət təmsilçiləri də sosial şəbəkələrdən istifadə edirlər. Eyni zamanda, onlar bir-birilərinin dostluq səhifəsində olur, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparır, hətta ortaq nəticəyə gələ bilirlər. Lakin Azərbaycanda vəziyyət fərqlidir.
Maraqlıdır, sosial şəbəkələrdə iqtidar və müxalifət tərəflərin münasibətləri necə qurulmalıdır?


“Müxtəlif tərəflərin müzakirəsi əsasında formalaşan ictimai rəy daha dayanıqlıdır”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a bildirib ki, cəmiyyət üçün maraqlı hansısa məsələyə birtərəfli münasibət bildirilməsi yanlışdır. Bu baxımdan iqtidar və müxalifət tərəf sosial şəbəkədə iştirak etməli və fikir mübadiləsi aparmalıdır:
“Bizim qurum bu istiqamətdə, yəni dostluqların tərkibi və ya ayrı-ayrı siyasi qrupların nümayəndələrinin müzakirələri ətrafında monitorinq aparmır. Amma müşahidələrimə görə, ümumiyyətlə hökumət təmsilçilərinin sosial mediaya inteqrasiyasının zəif olduğunu, bu imkanlardan yetərincə istifadə etmədiklərini deyə bilərəm. Yəni vətəndaşlarla əlaqələrin qurulması, adi məktublaşmalar yönündə hansısa addım atmırlar.Yəqin ki, görüntü üçün sosial mediada nələrsə edənlər var. Amma bunu yetərli hesab etmək olmur. Dünya təcrübəsində ölkə rəhbərlərinin, hökumət nümayənlərinin aktivliyi kifayət qədərdir, eləcə də iqtidar və müxalifət arasındakı münasibətlər, müzakirələr və.s. Bu səbəbdən həm iqtidar, müxalifət tərəf, həm də digər qurum nümayənləri sosial şəbəkədən yaxşı mənada istifadə edə bilərlər. Sosial şəbəkələrdə iqtidar və müxalifət tərəflərin münasibətlərindən əlavə, ümumiyyətlə həmin tərəflərin bundan istifadəsi çox az müşahidə edilir.
Düzgün ictimai rəyin formalaşması üçün plüralizmin olması, tərəflərin iştirakı, maraqlı tərəflərin müxtəlif mövqedən yanaşması əsas şərtdir. Müxtəlif tərəflərin müzakirəsi əsasında formalaşan fikir, ictimai rəy daha dayanıqlı, dövlətin, cəmiyyətin inkişafı üçün daha faydalıdır. Bu baxımdan iqtidar, müxalifət tərəf və ya digər özəl, dövlət qurumlarının nümayəndələri sosial şəbəkələrdə iştirak etməli və normal əlaqə qurmalıdır”.

“Sosial şəbəkələrdə iqtidar-müxalifət münasibəti təhqirə söykənməməlidir”

YAP-çı deputat Aydın Mirzəzadə düşünür ki, sosial şəbəkələrdə iqtidar və müxalifət tərəfləri arasındakı polemikalar mədəni davranış prinsipləri çərçivəsində olmalıdır:


“Sosial şəbəkə göründüyü kimi bir nəfərin gündəliyidir və digərlərinin buna münasibət bildirməsi imkanı var. Düşünürəm ki, bununla bağlı nə Azərbaycanda, nə də xaricdə vahid format yoxdur. Dost olanlar, sadəcə münasibətdə olanlar, yaxud bir-biri ilə kəskin mövqedə duranlar var. Təbii ki, sosial şəbəkələrdə iqtidar və müxalifət tərəfləri arasında polemikalar mədəni davranış prinsipləri çərçivəsində olmalıdır. Təhqirə, zorla öz fikrini qəbul etdirməyə, yaxud kiminsə bildirdiyi fikri mütləq darmadağın etmə prinsipinə söykənməməlidir. Hər kəsin öz həqiqəti var.
Şəxsən mənə gəldikcə isə, dostlar listimdə müxalifət nümayəndələri yoxdur. Ancaq onlar hərdən fikirlərini bildirir və ya hansısa məsələ ilə əlaqəli təklif irəli sürürlər. Təbii ki, buna normal baxıram”.

“İqtidar və müxalifət təmsilçisinin münasibət qurması yaxşıdır”

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan qeyd edib ki, sosial şəbəkələrdə iqtidar və müxalifət arasındakı gərgin münasibət cəmiyyətdə uzun müddətdir davam edən soyuq müharibənin göstəricisidir:
“Sosial şəbəkə bir növ cəmiyyətdəki vəziyyətin göstəricisidir. Əslində mən bir sıra iqtidar nümayənləri ilə və ya iqtidara yaxın olan şəxslərlə dostluqda varam. Amma bunu dırnaqarası dostluq sayıram. Bəziləri bu dostluğu real hesab edir, lakin bu, cəmiyyət üçün zəruri olan informasiya dostluğudur. Ümumiyyətlə, sosial şəbəkələrdə iqtidar və müxalifət tərəfin münasibətinin olması yaxşıdır. Heç olmasa, əks tərəflər bir-birinin “kitab”ını sosial şəbəkədə oxuyar, ölkədə vəziyyətin necə olduğunu anlayarlar. Eyni zamanda vəziyyətləri, mövqeləri haqqında informasiya ala bilərlər.
Azərbaycanda sosial şəbəkələrdə iqtidar və müxalifət arasındakı münasibət cəmiyyətdə uzun müddətdir davam edən soyuq müharibənin göstəricisidir. Təəssüf ki, adətən soyuq müharibədən qaynar müharibəyə bir addım qalır. Bu, Azərbaycanda ictimai-siyasi vəziyyətin gərgin olduğunu sübut edir. Burada əsas məsuliyyəti iqtidar tərəf daşıyır. Cəmiyyət daxilində soyuq müharibəyə son qoyulmalıdır. Bu baxımdan sosial şəbəkələrdən başlamaq pis olmazdı”.


Günay RƏSULQIZI
Tarix: 13-09-2017, 15:48
Xəbəri paylaş





Xəbər lenti